unu ilk dəfədir açıqlayıram: Yusif, Sabir, Zəlimxan…

unu ilk dəfədir açıqlayıram:
Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anarın Kult.az-a müsahibəsi:

- Anar müəllim, keçmiş AYO-çular bir-bir sizi müdafiə edən yazılar yazır, müsahibələr verir. Bunu sizin qələbəniz hesab edəkmi?

- Mən heç kəslə müharibə aparmamışam ki, qələbə çaldığımı hesab edim. Əleyhimə çıxanların arasında da istedadlı adamlar olduğunu heç vaxt danmamışam. İndi onlardan bir çoxu Yazıçılar Birliyinə ögey münasibətin mənasız olduğunu dərk ediblərsə, mətbuat orqanlarımızda gen-bol çap olunurlarsa, bu, şübhəsiz ki, ədəbiyyatımızın qələbəsidir.

- Sanki siz də bir az acıq çıxırsınız, aşağılayırsınız. Məsələn, bir müsahibədə keçmiş AYO-çu haqqında “mənim bəzi yazılarım var, verirəm, tərcümə edir” demişdiniz. Yazıçı-şairlərin çoxu bu sözünüzü onu təhqir etməyiniz kimi qarşıladı.

- Məsələni açıqlayaq. Mənim “Yeni Müsavat” qəzetində dərc olunmuş müsahibəmdə Azad Yaşar haqqında dediyim sözləri nəzərdə tutursunuz. Ondan başlayım ki, “yazıçı-şairlərin çoxu” deyəndə nəyə əsaslanırsınız? Anket paylamısınız, ya “şairlərin-yazıçıların çoxunu” yığaraq toplantı keçirib bu nəticəni çıxarmısınız? Üç-beş təxribatçının, “qan çıxmayan yerdən qaşıyıb qan çıxarmaq” istəyənnin yenidən ara vurmaq təşəbbüslərini “şairlərin-yazıçıların çoxunun” fikri kimi qələmə vermək düzgün deyil. Məsələnin mahiyyətinə gəldikdə isə deməliyəm ki, Azad Yaşarla xoş münasibətlərimiz var, haqqında səmimi yazı da yazmışam. O vaxt sovet dövründə Moskva qəzetləri üçün rus dilində xeyli məqalə yazmışdım. Onları olduğu kimi dilimizdə çap etdirmək istədim ki, o vaxtkı mövqeyimlə indiki mövqeyim arasında ciddi bir fərq olmadığı aydın olsun. Əlimdə başqa janrlarda yeni yazılarım olduğu üçün bu tərcüməni özüm çatdıra bilmədim. Azaddan xahiş etdim və o, bu işi yüksək peşəkarlıqla etdi. Vəssalam. Burda Azadın guya ki, təhqir olunduğunu yalnız qara qəlbli adamlar zənn edə bilər. Elə bu günlərdə Azad Birliyə gəlmişdi, bu məsələdən də danışdıq və “bulanıq suda balıq tutanlara” güldük.

- Anarın “Tövbə qapısı” məşhurdur, deyirlər, o, çox şeyi və çox adamı bağışlayır. Bəs Anar Azərbaycan ədəbiyyatında kimi bağışlamadı və bağışlamayacaq?

- Azərbaycan ədəbiyyatının klassiklərindən tutmuş ən görkəmli çağdaş yazıçılarını ləkələməyə çalışanları bağışlamadı, bağışlamayacaq.

- Bir neçə dəfə film sektorundan, daha dəqiq desək, ssenarilərinizə film çəkilməməyindən şikayətlənmisiniz. Necə olur ki, xalq yazıçısı, AYB sədri Anarı kənara qoyurlar? Kimlər edir? Bəlkə o sahədə kimlərləsə şəxsi davanız var?

- Əvvəla, mənim heç kəslə şəxsi davam yoxdur. İkincisi, siz doğrudanmı elə hesab edirsiniz, xalq yazıçısına, ya lap elə AYB sədrinə bütün qapılar açıqdır? Xalq yazıçısı olmayanda da, olanda da, AYB sədri olmayanda da, olanda da, mənim demək olar, əksər kino (və bəzi səhnə) əsərlərim dava-dalaşla keçib. Qiymətləri yalnız hazır olandan, tamaşaçı marağı və rəğbəti qazanandan sonra verilib. Dəfələrlə dediyim kimi, on iki ildir, mənim bir ssenarim də çəkilmir. Halbuki, bu illərdə üç tammetrajlı filmin ssenarisini yazmışam, onlardan ikisi Mədəniyyət Nazirliyi tərəfindən bəyənilib və qəbul olunub (Üçüncüsünü təqdim etməmişəm), aybaay, ilbəil məni arxayın edirlər ki, mütləq çəkiləcək, intəhası, hələki vəsait tapılmır. Hər şeyə vəsait tapılır, amma bu il 125 illik yubileyi qeyd olunacaq böyük drammaturq Cəfər Cabbarlı haqqında yazdığım “Azad bir quşdum” ssenarisinin çəkilişinə pul tapılmır. Bu il də çəkilməsə, haçan çəkiləcək? Bu sualı mənə yox, Mədəniyyət Nazirliyinin ünvanına yönəltsəz, daha düzgün olar.

- Sizin haqqınızda deyilən bir iddia da budur ki, “Anar olmasa, AYB olmayacaqdı”. Özünüz bununla razısınız? Belə çıxır ki, illər sonra AYB ləğv olunacaq?

- Əlbəttə, razı deyiləm. Azərbaycan Yazıçılar Birliyini mən yaratmamışam ki, mənimlə də sona yetsin. Birlik yazıçıların tarixi ocağı kimi həmişə yaşamalıdır. İntəhası, mən burda sədr olmayanda bəlkə də AYB-nin əleyhinə olanların sayı xeyli azaldı. Ta o vaxta qədər ki, yeni sədrdən umduqlarını - fəxri adlar, təqaüdlər, mənzillər və sairə və ilaxır ala bilməyənlərin yeni dalğası meydana çıxacaq. Hamı özünü hər şeyə layiq bilir və hamının bütün iddialarını heç kəs ödəyə bilməz. Amma yenə də bədbin olmaq istəmirəm. Ümid etmək istəyirəm ki, gələn nəsillərdə yazıb-yaratmaq ehtiyacı və həvəsi yazıb yaratdıqlarından nəsə bir şey qazanmaq təmənnasından üstün olacaq.

- Deyilənə görə, vaxtiykən Heydər Əliyevə müraciət eləmisiniz ki, AYB sədri olmaq istəmirsiniz, hətta sədr olsun deyə bir neçə adam da təklif etmisiniz. O adamlar kimlər idi ki, Heydər Əliyev onları bəyənmədi, sizin də sədrlikdən getməyinizə xeyir-dua və ya icazə verməyib?

- Bəli, Romadan Bakıya qayıdarkən təyyarədə mərhum Heydər Əliyevlə ətraflı söhbətimiz oldu. Bütün yol boyu davam edən üç saatlıq söhbətdən yalnız həmin məsələyə aid parçanı deyim. Növbəti qurultayda sədrlikdən getmək istədiyimi dedim. “Bəs səni kim əvəz edəcək?” – deyə xəbər aldı. Üç nəfərin adını çəkdim. Bunu ilk dəfədir açıqlayıram: Yusif Səmədoğlu, Sabir Rüstəmxanlı, Zəlimxan Yaqub. Prezident: “Bilirsən ki, mənim hər üçünə böyük hörmətim var, – dedi. – Hər üçünü yüksək dəyərləndirirəm (İndi onu da əlavə edə bilərəm ki, Prezident Yusif Səmədoğlunun və Sabir Rüstəmxanlının yubileylərində şəxsən iştirak etmişdi. Çin səfərinə Yusifi, Sabiri, Zəlimxanı aparmışdı). Yazıçılar Birliyinin beynəlxalq əlaqələrinin çox vacib olduğu indiki vaxtda sənin sədr qalmağın məsləhətdir”. Heydər Əliyev “məsləhətdi” sözünü işlətdi. O, heç vaxt yazıçılarla söhbətdə “icazə vermək” kimi ifadələr işlətməzdi.

- Bəs sonralar niyə sədrlikdən getmək istəmədiniz?

- Sonralar da dəfələrlə bu fikrə düşmüşəm. Amma bədxahlarım məni devirməkçün elə naqis iş olmadı ki, ona əl atmamış olsunlar: Yüksək rütbəli məmurlardan tutmuş varlı-karlı oliqarxlara qədər, kim qaldı “məni yıxmaqçün” elçi salmasınlar? Mətbuatda, saytlarda iftira, böhtan, yalan qalmadı ki, ünvanıma yağdırmasınlar! Beş-on adamla “mitinq” keçirib Yazıçılar Birliyində çevriliş etməyə çalışdılar. Belə bir şəraitdə istefa verib qaragüruhun qabağından qaçmaq olmazdı. Mən işi bir az çətinə düşən kimi bir-iki gürultulu cümlə deyib aradan çıxanlardan deyiləm. Özümü güclü sayıram, çünki arxamda Allah, həqiqət və məni layiqincə tanıyan və dəyərləndirən xalq durur. Heç vaxt, heç bir hərəkət etməmişəm ki, onunçün gözüm kölgəli olsun. Yazıçıların əksəriyyəti də – qocasıyla, cavanıyla – məni məhz buna görə dəstəkləyir. Beş qurultayda yekdilliklə (sonuncu qurultayda iki səs istisna olmaqla) sədr seçilməyim bunun əyani göstəricisidir. Qurultay nümayəndələrindən bircəsi də deyə bilməz ki, mənə səs vermələri üçün onlara hardansa – yuxarıdan, aşağıdan, sağdan, soldan göstəriş, ya təzyiq olub. Demokratiya dedikləri də elə budur da. Yalnız öz iradələriylə lehimə səs verdikləri üçün bir daha doğma yazıçılar kollektivinə dərin minnətdarlığımı bildirirəm. Amma məsələyə həm də ayıq başla baxıram. Yaxşı dərk edirəm ki, mənə səs verənlərin bir qismi nəyə görə bu seçimi edir. Çünki yazıçıların bir neçəsi bu vəzifədə özünü, ya yerlisini, ya ən azı ona nələrsə vəd verən adamı görmək istərdi. Amma iş ondadır ki, vəzifə bir, iddiaçılar isə çoxdur, bu onu, o bunu bu vəzifədə görmək istəməz. Yerlər də müxtəlifdir axı, bu bölgədən olan adam başqa bölgədən olanı o kürsüdə görmək istəməz. O ki qaldı vəd verməyə, icrası çətin, ya imkansız olan boş vədlər verməyə nə var ki. “Hamam suyuyla dost tutmaq” ən asan işdir. Odur ki, bütün bu götür-qoylardan sonra “yenə Anar yaxşıdır” qərarına gəlirlər. Sualınıza tutarlı cavab verə bildimmi?

- AYB-yə əks olan yazıçı-şairlər deyir ki, Anarın Çingiz Abdullayevdən xoşu gəlmir, onun linç olunmasında əli var. Məsələn, Azərbaycan dili ilə bağlı olan foruma Çingiz Abdullayevi qəsdən göndərmişdiniz?

- Suallarınızın tonundan duyulur ki, Yazıçılar Birliyinə asi olanlardansız. Amma mən həmişə ən tikanlı sualları da cavablandırmağa hazıram. Odur ki, naməlum yazıçı-şairlərin adından verdiyiniz bu absurd sualı da cavabsız qoymuram. Heç bir yerdən heç bir təklif, göstəriş, ya təsir olmadan 36 il bundan əvvəl mən şəxsi təşəbbüsümlə Çingiz Abdullayevi təşkilat məsələləri üzrə katib gətirdim. Nizamnaməmizə görə bu vəzifəyə Qurultayda seçilmirlər. Birliyin rəhbəri tərəfindən təyin olunurlar. Yəni, Çingizin bura gəlməsi ancaq və ancaq mənim şəxsi təşəbbüsümdür. Sonrakı qurultaylarda Çingiz mənim təklifimlə təşkilat katibi yox, tam hüquqlu katib seçildi. Bütün bu illər ərzində tam anlaşıqlı və qarşılıqlı hörmət şəraitində işləyirik. Etilbarlı dostum Fikrət Qocanın vəfatından sonra yenə də mənim təklifimlə Çingiz Birliyin Birinci katibi seçildi. Hansı əbləh məntiqlə mən Çingizi “linç etmək” fikrinə düşməliyəm? Çingiz hər gün neçə yerdə çıxış edir. Hamısına onu nə məqsədləsə mən göndərirəm? Hələ çox illər bundan əvvəl də indiki iftiraçıların eyni ağılda olan sələfləri şayiə buraxmışdılar ki, guya mən Çingizin əleyhinə imza toplayırmışam. Görünür, səfehlik də nəsildən nəsilə miras kimi keçir. Belələri öz davranışlarını başqalarına aid etməkdə pərgardırlar. Bəzən mənə elə gəlir ki, bu sayaq adamlar güzgüdə özlərinə baxıb məni görürlər.

- Anar müəllim, sizə elə gəlmir ki, sədr olmasanız, bu gün daha çox sevilərdiniz? Məlumdur ki, bəzi insanlar tərəfindən sevilməmə səbəbiniz həm də 30 il sədr olmağınızdır.

- Mən otuz il yox, otuz yeddi ildir ki, Yazıçılar Birliyinin rəhbəriyəm. Odur ki, sizin təbirinizcə “sevilməməyimin” tarixi yeddi il də artıqdır. Məsələ ondadır ki, mən heç vaxt hamı tərəfindən sevilməyi qarşıma məqsəd qoymamışam. Məncə, sevginin keyfiyyəti kəmiyyətindən üstündür. Mənimçün ən vacib olan şey boynuna götürdüyün vəzifəni namusla icra etməkdir. Bu, birinci şərtdir. İkinci, gördüyün işin düzgün və ədalətli anlaşılmasıdır. Sevilib-sevilməməyini isə gərək vecinə almayasan. 37 il ərzində heç bir şey ummadan səhhətimin, sağlamlığımın, istirahətimin, nəhayət, yaradıcılığımın hesabına bu çətindən çətin işi davam etdirirəmsə, buna görə məni qınamaq ən azı insafsızlıqdır. 86 yaşda olmağımı mənə irad tutanlara isə sözüm budur ki, hamısı bu yaşa çatdıqdan sonra da çox-çox illər yaşasınlar.

- Anar müəllim, elan etmisiniz ki, növbəti qurultayda iştirak etməyəcəksiniz. Tam səmimi, öz yerinizə hazırda kimi görürsünüz? Əgər əlinizdə özünüzün seçmək kimi ixtiyarınız olsaydı, kimi seçərdiniz?

- Mən heç vaxt heç yerdə deməmişəm ki, növbəti qurutayda iştirak etməyəcəm. Demişəm ki, növbəti qurultayda sədrliyə namizədliyimi irəli sürməyəcəm. Ömür vəfa etsə, gələn qurultayda mütləq iştirak edəcəm və sədr vəzifəsinə ən layiqli namizədə səs verəcəm. Onun adını isə qurultay günü ilk olaraq məhz sizə deyəcəyimə söz verirəm.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
109 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...