İstanbulda AKP-yə “tələ” quruldu: 41 ildən sonra qələbə…

İstanbulda AKP-yə “tələ” quruldu:
Türkiyədə keçirilən bələdiyyə seçkilərindən sonra prezident seçkiləri ilə yerli seçkiləri qarşılaşdırmaq kimi yanlış düşüncə mövcuddur. Əvvəla, Ərdoğanın şəxsi səs faizi partiyasının səs faizindən hardasa 10 faiz çoxdur. Bu, hər zaman belə olub. Zaman-zaman AK Partiyanı cəzalandırmaq istəyən seçici adətən Ərdoğan amili önə çıxınca geri çəkilib. Örnək olaraq, cəmisi 10 ay öncə Ərdoğan 52 faizlə Türkiyənin yenidən prezidenti seçilib. İkincisi, AK Partiyanın bələdiyyə seçkilərində səs faizi heç bir vaxt 50 faiz olmayıb, ötən seçki ilə bu seçki arasında AK Partiya 6 faiz səs itirib. Bu da bələdiyyə seçkilərinin spesifikliyi ilə bağlıdır. Burada həm də prosesin liderlərindən daha çox, regional liderlərin rol oynaması amili də mövcuddur.

Bəs niyə AK Partiya ilk dəfə az faizlə də olsa, CHP-nin arxasında yer aldı?

1. Bu seçimdə həyat bahalığı, pensiyaçıların sərt mövqeyi, iqtisadi problemlər öz təsirini göstərdi. Seçici AK Partiyanı cəzalandırdı.

2. AK Partiyanı cəzalandırma yolunu seçən muhafizəkar-millətçi seçicinin həlledici hissəsi seçkini boykot etdi. Bu, seçkiyə qatılım faizinin aşağı düşməsi ilə də təsdiqini tapır.

3. Namizədlərin doğru seçilməməsi və bürokratiya.

4. AK Partiyanın Yenidən Rifah Partiyası ilə razılaşa bilməməsi. YRP seçki prosesinin əvvəlində AK Partiyadan İstanbulun 2 rayonunun və bəzi bolgələrin onlara verilməsini istəyirdi. Şəxsi fikirimə görə, AK Partiya yanlış olaraq bu razılaşmaya getmədi. YRP lideri Fateh Ərbakanın seçkiyə az qalmış “İsraillə iqtisadi əlaqələri kəsin, dəstək verim” çağrısı sırf AKP-li dindar kəsimin səslərini qoparmağa yönəlmişdi. Ərbakan AKP hökumətinin bu addımı atmayacağını yaxşı bilirdi. Çünki hətta dövlətlər müharibə etsə belə, strateji iqtisadi əlaqələr adətən mövcudluğunu qoruyub saxlayır.

Nəticə etibarilə 6 faizdən çox səs alan Ərbakanın partiyası AKP-dən təqribən 4-5 faiz səs qopara bildi. Ən ciddi məsələ isə Ərbakanın 6 şəhərdə AKP namizədini CHP namizədi qarşısında məğlub duruma salmasıdır. YRP həmin 6 şəhərdə namizəd çıxarmasaydı, AKP-nin namizədləri seçkini qazanacaqdı.

Bu və ya buna bənzər səbəblər AKP-nin məğlubiyyətini şərtləndirdi.

CHP-nin 41 ildən sonra bir seçimi qazanmasının səbəbi nədir?

Nə qədər qəribə görünsə də, seçkidə qələbənin əsas səbəbkarı CHP-nin keçmiş başqanı Kamal Kılıcdarogludur. Kılıcdaroglu uzun illər Ərdoğan düşmənçiliyi üzərindən müxalif seçicini bir araya gətirməyə çalışdı. Adam ayrı-ayrılıqda həm İYİ Partiyası ilə, həm də PKK-nın siyasi qolu HDP ilə (indiki adı DEM) Ərdoğan düşmənçiliyi üzərində müttəfiqlik qurmaq istədi. Bu gun onun nəticəsini yeni lider Özgür Özəl gördü.

İYİ Partiyasının onsuz da bir ideoloji əsasla birgəliyi və sabit olmayan seçicisi məhz AKP-ni uduzdurmaq üçün CHP-yə səs verdi. İYİ Partiyası qurulduqdan sonra uzun illər CHP ilə ittifaqda olduğu üçün İYİ seçicisi CHP-yə səs verməkdə bir diskomfort da hiss etmədi. CHP ilə PKK-nın siyasi qolu DEM partiya bəzi bölgələrdə bir-birinin lehinə ya namizəd çıxarmamaq, ya da çox zəif namizəd çıxarmaqla bir araya gələ bildi. Örnək olaraq İstanbulda 10 faizə qədər səsi olan DEM seçki kampaniyası aparmaq ehtiyacı belə duymayan çox zəif namizədlə seçimə qatılmaqla İmamogluya dəstək verdi. Hansı ki, DEM həbsdə olan lideri Səlahəddin Dəmirdaşın həyat yoldaşı ilə, vəd etdiyi kimi, İstanbuldan seçkiyə qatılsaydı, seçkinin nəticələri tamamilə başqa ola bilərdi.

Nəticə: Türkiyə seçicisi kifayət qədər ağıllı və prosesi istiqamətləndirəndir. Seçici AKP-yə bir dərs verdi. Lakin 90-çı illərdə Turqut Özalın partiyasını bir seçimlə 40 faizlərdən 2 faizə düşürməsi kimi bir addım atmadı. Etimadını nisbi faizlə azaltmaqla “özünü düzəltmək üçün hələ şansın var” dedi. Seçkiləri, onlardan gələn mesajları oxumaqda usta siyasətçi olan Ərdoğan bunun nəticələrini ən düzgün şəkildə qiymətləndirəcək. Ərdoğanın seçim gecəsi verdiyi mesajlar da bunu təsdiq edir.

Seçici CHP-yə də bir mesaj verdi, “Artıq alqilardan işə keçmə zamanıdır” dedi. CHP bunu dəyərləndirə bilməsə, Ərdal İnönü dövründə qazandığı bir seçimdən sonra növbəti seçimdə barajın altında qalması ilə nəticələnən durumu yenidən yaşaya bilər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
143 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...