Nazir: Keyfiyyətli təhsil ucuz başa gələ bilməz

Nazir: Keyfiyyətli təhsil ucuz başa gələ bilməz
İnsanlar çox vaxt düşünürlər ki, az pul ödəməklə yüksək səviyyəli həkim hazırlamaq mümkündür. İl ərzində ali məktəbdə bir tələbənin həkim hazırlığına 8 min manat vəsait xərclənir. Mühəndislik və digər ixtisaslarda isə bu rəqəm 2500–3000 manat arasında dəyişir.

"Report" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev AzTV-nin "Hədəf" proqramında deyib.

Nazir bildirib ki, keyfiyyətli təhsil ucuz başa gələ bilməz:

"Burada ən vacib məsələni düzgün anlamaq lazımdır: təhsilə qoyulan pul xərc deyil, investisiyadır. Nə qədər çox investisiya qoyularsa, bir o qədər də insan kapitalı və resursları inkişaf edəcək. Bizim yanaşmamız da bundan ibarətdir ki, insanların istedad səviyyəsi, hazırlıq dərəcəsi və bacarıqlarından asılı olmayaraq, onlara qoyulan investisiya artırılmalıdır".

Nazir ilk dəfə ali təhsil müəssisələrində dövlət sifarişli proqramların genişləndirildiyini qeyd edib:

"Əvvəllər bir çox özəl ali təhsil müəssisələri dövlət sifarişində iştirak etmirdi, çünki ayrılan məbləğ kifayət etmirdi. Amma bu ildən dövlət həmin xərcləri qarşılayır. Biz əlavə olaraq SABAH proqramı mexanizmini tətbiq etdik. Nəticədə, məsələn, ADA Universitetində 180 nəfər tələbə dövlət sifarişi əsasında təhsil almağa başladı. Həmçinin Bakı Ali Neft Məktəbində və digər ali təhsil müəssisələrində də bu imkan yaradıldı".

"Bizim əsas məqsədimiz də budur: təhsilə qoyulan investisiya insan kapitalının inkişafını təmin etsin və gələcəkdə ölkənin keyfiyyətli mütəxəssislərlə təmin olunmasına xidmət etsin", - E.Əmrullayev deyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
37 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...