Zelenski: ABŞ və Avropa İran “Şahid”lərinə uduzmamalıdır

Zelenski: ABŞ və Avropa İran “Şahid”lərinə uduzmamalıdır
Ukrayna Prezidenti Volodimir Zelenski tərəfdaşlarını Rusiyanın Ukraynanı yaşayış məntəqələrini atəşə tutmasına sərt reaksiya verməyə, həmçinin ABŞ və Avropanın “İran “Şahid”lərinə və ya Rusiya qırıclarına uduzmasına” imkan verməməyə çağırıb.

“Report” xəbər verir ki, bu barədə dövlət başçısı ənənəvi videomüraciətində söyləyib.

“Bütün liderlər, bütün beynəlxalq təşkilatlar Rusiyanın hərəkətlərinə reaksiya verməlidir. Və sərt reaksiya verməlidir. Putinə heç bir sülh lazım deyil – o, yalnız müharibə və ölüm istəyir. Kimi öldürməsi vecinə deyil. Əsas məqsəd yox etməkdir: əvvəlcə Ukrayna və ukraynalıları, sonra sizi, əziz tərəfdaşlar. Buna görə də bu, sağqalma məsələsidir – sadəcə Ukraynanın deyil, dünya Rusiya şərinə reaksiya verməli və təzyiq etməlidir – təzyiq etməli, cavab olaraq vurmalıdır”, – ölkə başçısı söyləyib.

Zelenski vurğulayıb ki, sadəcə bu həftə rusiyalılar Ukraynaya qarşı, demək olar, 400 ədəd idarəolunan aviabomba, 50-dən çox “Şahid” və 40-dan çox raket istifadə edib:

Avropanın heç bir dövləti təkbaşına belə təzyiqlərə, bu cür şər tab gətirə bilməzdi. Buna görə də indi hamımızın – həyata dəyər verən və bu terrorun başqa xalqların evinə gəlməsini istəməyən hər kəsin – birgə olması vacibdir.

Ukrayna hərbçilərinin təkcə bu həftə yeddi, fevralın əvvəlindən isə 15 Rusiya hərbi təyyarəsini vura bildiyini vurğulayan prezident bunu Rusiya itkilərinin “düzgün dinamikası” adlandırıb:

“Bu müharibə məhz Rusiya üçün, xüsusən də terrorçular üçün ümidsizliyə çevrilməlidir. Onlar maksimum dərəcədə hiss etməlidirlər ki, həyatı məhv etmək istəyənləri məhv edən qüvvə var. Biz bunu təmin etməyə qadirik”.

Onun sözlərinə görə, tərəfdaşlar Ukraynanın ehtiyaclarını bilir. Siyasətçinin fikrincə, bunları təmin etmək üçün siyasi iradə olmalıdır:

“Bu baş verməsə, Amerika və ya Avropa İran “Şahid”lərinə və ya Rusiya qırıcılarına uduzsa, bu, tarixin ən biabırçı səhifələrindən birinə çevriləcək”.

“Biz həyati önəm daşıyan tədarükləri gözləyirik, xüsusən də Amerikanın qərarını gözləyirik. Dəstəyə həqiqətən ehtiyac var”, – Zelenski deyib.

Xatırladaq ki, son günlər Rusiyanın Ukraynanın yaşayış məntəqələrinə qarşı hücumları kəskinləşib. Sadəcə Odessa şəhərinə edilmiş son dron hücumunda 12 dinc sakin ölüb.

Zelenskinin bəhs etdiyi “Amerikanın qərarı” isə, çox güman ki, qəbulu gözlənilən Ukraynaya 60 milyard dollar məbləğində yardımı ehtiva edən qanun layihəsidir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
446 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...