Rusiyada 81 nəfərin "donuz qripi"nə yoluxduğu rəsmən təsdiqlənib
Rusiyada A(H1N1) "donuz qripi" virusu yayılmaqda davam edir.
APA-nın Rusiya bürosunun məlumatına görə, bu virusa yoluxma halları daha çox Kaluqa vilayətində və Kamçatka diyarında qeydə alınıb. Kamçatka diyarında 39 nəfərin "donuz qripi" virusuna yoluxduğu rəsmən təsdiqlənib. Region hökumətinin mətbuat xidmətindən "donuz qripi"nə yoluxanların 15 nəfərinin uşaq olduğu bildirilib.
Diyarın səhiyyə naziri Marina Volkova virusa yoluxmuş uşaqların əsasən, ağır respirator virus infeksiyasından əziyyət çəkdiklərini qeyd edib. O, sosial şəbəkələrdə "donuz qripin"də ölüm hallarının baş verməsi ilə bağlı yayılan xəbərləri təkzib edib. Nazirhəmin şəxslərin pnevmoniyadan öldüklərini bildirib.
Artıq Kamçatka diyarında "donuz qripi"nin yayılması ilə bağlı karantin elan olunub. Bu barədə region hökumətinin saytında məlumat yerləşdirilib. "Qapalı yerlərdə kütləvi tədbirlərin keçirilməsinə qadağa qoyulub. Təhsil müəssisələrində gündəlik monitorinqlər aparılır. Hələlik, orta məktəblərin və digər təşkilatların bağlanması gündəmdə deyil" - deyə məlumatda qeyd olunub.
"Rospotrebnadzor"-un yaydığı məlumata görə, ötən həftə Kaluqa vilayətində 9327 nəfərin ağır respirator virus infeksiyasına və 94 nəfərin isə qrip virusuna yoluxduğu müəyyənləşib. Rusiya üzrə ən çox qripə yoluxma halları məhz Kaluqa vilayətində qeydə alınıb. 42 nəfərin A(H1N1) virusuna yoluxduğu rəsmən təsdiqlənib. Artıq 55 yaşlı qadının "donuz qripi"ndə öldüyü də məlum olub.
Vilayətin bir çox təhsil müəssisəsində dərslər dayandırılıb, bir sıra orta məktəblərdə karantin elan edilib.
930 dəfə oxundu