NATO nüvə silahını hazır vəziyyətə gətirməyi planlaşdırır – Stoltenberq
NATO Rusiya və Çinin artan təhdidləri qarşısında daha çox nüvə silahını hazır vəziyyətə gətirmək üçün danışıqlar aparır.
Qaynarinfo xəbər verir ki, bu barədə Alyansın rəhbəri Yens Stoltenberqin "The Telegraph” qəzetinə müsahibəsində deyib.
"Alyans düşmənlərinə birbaşa siqnal göndərmək üçün nüvə arsenalını bütün dünyaya nümayiş etdirməlidir”, - o bildirib.
O deyib ki, raketlərin anbardan çıxarılması və döyüş hazırlığına gətirilməsi ilə bağlı NATO üzvləri arasında birbaşa məsləhətləşmələr aparılır.
"Mən nə qədər nüvə başlığının işlək olması və nə qədərinin saxlanması barədə əməliyyat təfərrüatına varmayacağam, lakin bu məsələlərlə bağlı məsləhətləşmələr aparmalıyıq. Biz bunu edirik", - o deyib.
Stoltenberq "The Telegraph” qəzetinə müsahibəsində deyib ki, nüvə şəffaflığı NATO-nun nüvə strategiyasının təməl daşı olmalıdır.
"Əlbəttə, NATO-nun məqsədi nüvə silahı olmayan bir dünyadır, lakin nüvə silahı var olduqca, biz nüvə ittifaqı olaraq qalacağıq, çünki Rusiya, Çin və Şimali Koreyanın nüvə silahına malik olduğu, lakin NATO-nun olmadığı dünya daha təhlükəlidir”, - deyə Alyansın baş katibi vurğulayıb.
O, həmçinin Çindən gələn təhlükə ilə bağlı ciddi xəbərdarlıq edərək, Çinin xüsusilə inkişaf etmiş silahlara, o cümlədən nüvə arsenalına böyük sərmayələr yatırdığını və onun 2030-cu ilə qədər 1000 döyüş başlığına çatacağını söyləyib.
"Bu o deməkdir ki, NATO yaxın gələcəkdə heç vaxt qarşılaşmadığı bir şeylə, yəni nüvə qüvvələrinə malik iki potensial düşmənlə – Çin və Rusiya ilə qarşılaşa bilər”, – Stoltenberq xəbərdarlıq edib.
ABŞ və Böyük Britaniya NATO-nu nüvə çəkindiricilik qüvvələri ilə təmin ediblər, digər Avropa müttəfiqləri isə silahları öz ərazilərində saxlayır və onun istifadəsi üçün sistemlərə sərmayə qoyurlar.
The Telegraph-a görə, operativ nüvə silahlarının sayı məxfi saxlanılır, lakin Böyük Britaniyanın istənilən vaxt 225-dən 40-a yaxınının, ABŞ-da isə 3700-dən təxminən 1700-ünün yerləşdiyi təxmin edilir.
Genişmiqyaslı müharibə başlayandan sonra Rusiya Ukraynaya bu və ya digər yardıma görə dünyanı dəfələrlə nüvə silahı ilə hədələyib.
Fevralın sonunda Putin Ukraynaya qoşun göndərən ölkələri "faciəli nəticələrlə” hədələyib. Xüsusilə, o, bəşəriyyətin məhvi demək olan nüvə müharibəsinin "real təhlükəsindən" danışıb.
Eyni zamanda, əvvəllər Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Polşaya dünya müharibəsi halında nüvə zərbəsi ilə hədələyib. O, Polşanın xarici işlər naziri Radoslav Sikorskinin ABŞ-ın Rusiyaya Ukrayna ərazisindəki bütün qoşunlarını məhv edəcəyinə dair verdiyi sözə dair açıqlamalarına bu cür reaksiya verib.
384 dəfə oxundu