Ruhani daha iki Avropa ölkəsinə dəvət olundu
İran prezidentinin xarici ölkələrə səfəri davam edəcək.Iran prezidenti Həsən Ruhani Avstriya və Belçikaya səfər edəcək. ANS PRESS-in məlumatına görə, bu haqda İranın prezident administrasiyası rəhbəri Məhəmməd Nahavandian məlumat verib. Onun sözlərinə görə, prezident hər iki dövlətin dəvəti ilə bu ölkələrə səfər edəcək.
Gündəmi şərh edən Nahavandian qeyd edib ki, həmçinin İrana da bir sıra rəsmi şəxslərin səfəri gözlənilir. Onun sözlərinə görə, yaxın günlərdə İsveçrənin prezidenti İrana gələcək. Prezident administrasiyasının rəhbəri həmçinin qeyd edib ki, Həsən Ruhaninin İtaliya və Fransa səfəri göstərdi ki, Avropa ölkələri Tehranlaəməkdaşlıq etməyə razıdırlar.
Daha əvvəl iranlı prezident rəsmi səfərlə İtaliya və Fransada olub. İtaliyada o ölkənin baş naziri Mateo Renzi və Roma papası Fransisklə, Fransada isə prezident Fransua Ollandla mühüm görüş keçirib. Bu il yanvarın 17-də yekun nüvə danışıqlarından sonra ABŞ və Avropa Birliyi İrana tətbiq edilən sanksiyaları Tehran üzərindən götürüb. Bundan əvvəl isə 2015-ci il iyulun 14-də nüvə proqramı üzrə "altılıq"la İran razılıq sənədi imzalamışdı. Həmin sənədlə Tehran nüvə proqramından dinc məqsədlər üçün istifadə edəcəyi öhdəliyini üzərinə götürmüş, Qərb isə İrana qarşı mövcud olan sanksiyaları aradan qaldıracağına söz vermişdi.
875 dəfə oxundu