Türkiyə sərhədində rus generalları öldürüldü

Türkiyə sərhədində rus generalları öldürüldü


Suriyanın Türkiyə sərhədində yerləşən Türkməndağı bölgəsində Rusiya ordusunun generalları öldürülüb. ANS PRESS-in məlumatına görə, Rusiya və Bəşər Əsəd rejiminin generallarının keçirdiyi toplantıya hücum edilib. Belə ki, generallar axşam saatlarında baş tutan toplantıda bölgədə həyata keçirilən hücumların son vəziyyəti və yeni planlar barədə müzakirələr apararkən basqına məruz qalıblar.

Anadolu agentliyinin verdiyi məlumata görə, Duveyrik və Selma bölgələri arasında olan məkanda keçirilən toplantıya yüksək rütbəli generallar qatılıb.

Müxalif qüvvələrin etdiyi basqında 4 rus, 4 rejim generalı və 15 əsgər öldürülüb. Ölən rus generallardan birinin Türkməndağındakı hücumları koordinasiya edən, "Yuri" ləqəbli general-leytenent olduğu bildirilir. Digər rus hərbçilərin isə general-mayor olduğu müəyyən edilib.

Basqın zamanı öldürülən rejim generallarının dördünün də rütbəsi general-mayordur. Rusiya və Suriya tərəfi hücumla bağlı hələlik heç bir məlumat yaymayıb.

Xatırladaq ki, sentyabrın 30-da Rusiya prezidenti Vladimir Putinin göstərişi ilə Rusiya hərbi aviasiyasına məxsus qırıcılar Suriya ərazisində hərbi əməliyyatlara başlayıb. Əməliyyat öncəsində bunun İŞİD-ə qarşı mübarizə olduğu bildirilsə də daha sonra rus qırıcılarının Əsəd rejiminə qarşı olan dinc əhalini bombardıman etdiyi iddia olunmuşdu.

Rusiya qırıcıları Türkiyə ilə həmsərhəd türkmən ərazilərini də bombardıman edir. Qırıcılar əsasən türkmənlərin kompakt yaşadığı bölgələrə zərbələr endirir. Suriya dövləti ərazisində əsasən türkmənlərin yaşadığı Yamadi, Salur və Ceptoros bölgələrini Rusiya qırıcılarının bombardman etməsi nəticəsində minlərlə insan yaşadığı yeri tərk edərək Türkiyə sərhədinə üz tutub. Türkməndağındakı partlayış səsləri Türkiyənin Hatay şəhərinin Yayladağı rayonunda da eşidilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1033 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...