Xalq acından qırılır, hakim partiya liderə 1 milyon dollarlıq ad günü keçirir

Xalq acından qırılır,


Afrika ölkəsi Zimbabveni dəhşətli quraqlıq bürüdüyü bir zamanda prezident Robert Muqabe dəbdəbəli şəkildə özünün 92-ci ad gününü qeyd etməyə hazırlaşır. Bu haqda “The Guardian” qəzetində dərc edilmiş məqalədə deyilir. Zimbabvenin dövlət televziyasının xəbər bülletenlərində bütün gün ərzində dünyanın ən qoca prezidentinə ad günü təbrikləri oxunub. Dövlət qəzetlərindən “Sunday Mail” 36 ildir ki, hakimiyyətdən yorulmayan Muqabenin ad gününə 16 səhifəlik əlavə həsr edib. Qəzetin xüsusi buraxılışında belə bir şüar da verilib: “Muqabenin ad günü İsa peyğəmbərin mövluduna bənzəyir”.


“The Guardian” yazır ki, “xalq təntənələri” fevralın 27-də ölkənin cənub-şərqindəki Masvinqo şəhərində keçiriləcək. Bu şəhər hakim ZANU partiyasının istehkamı sayılır. Məqalədə deyilir ki, Zimbabvedə 1986-cı ildən bəri hər il qeyd olunan bu ad günündə minlərlə qonaq üçün ərzaq, mehmanxana və nəqliyyat xərclərinə 1 milyon dollar sərf olunacaq. Hansı ki, Zimbabvedə quraqlıqdan əziyyət çəkən 3 milyon adam qidalanmaq üçün xarici ölkələrin, xüsusən də ABŞ-ın və Avropa İttifaqının humanitar yardımına möhtacdır.

Xalq acından qırılır,


Geniş xalq kütlələrinin belə ağır vəziyyətində ölkə prezidentinə dəbdəbəli ad gününün keçirilməsi müxalifət tərəfindən tənqid olunsa da, hakim partiya tədbirin bütün hallarda keçiriləcəyini elan edib. Maraqlıdır ki, hakim partiyanın rəsmiləri və biznesmenləri ad günü şənliklərinə vəsaitin toplanması üçün ötən cümə günü keçirilmiş fondtoplama ziyafətində hər masaya 5 minlə 100 min dollar arası pul ödəyiblər.

Hakim partiyanın gənclər təşkilatının rəhbəri Tonqay Kasukuvere deyib ki, bu ziyafətdə bir dənə də olsun satılmayan masa qalmayıb.“Bu çətin vaxtda Afrikanın ən dəyərli simalarından birini şərəfləndirmək üçün resurs toplamağa çalışmağımız bizim bir partiya kimi qətiyyətimizdən xəbər verir” – deyib partiya funksioneri.

O deyib ki, ad günü ziyafətində veriləcək yeməklər quraqlıqdan aclıq keçirənlərin əlindən alınmayıb. Hakim partiya nümayəndəsinin sözlərinə görə bu pulu lideri sevənlər ona ianə ediblər. “The Guardian” yazır ki, sadə zimbabvelilər bu aclıq vaxtı keçirilən təntənəli yeyib-içmək məclisinə görə hiddətlidirlər. “Bəlkə də bu adamlarda abır-həya hissi qalmayıb, amma bəs prezidentə nə gəlib?” –27 yaşlı siqaret satan tələbə Denias Munonqoza deyib.

“Muqabe və onun dost-aşnası belə bir yeyib-içmək bayramını təşkil etməkdənsə, koma vəziyyətində olan iqtisadiyyat və quraqlıq haqqında düşünməliydilər” - müxalif Demokrtatik Dəyişiklik Hərəkatının sözçüsü Obert Qutu bildirib. (BBC Azərbaycanca-nın xülasəsi)



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1042 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...