Rusiyada neft gəlirləri 43 faiz azalıb, bəs bizdə?
Ekspertlər itkilərin 65 faizdək olduğunu deyirlər
2016-cı ilin yanvarında Rusiyanın neft ixracından əldə etdiyi gəlirlər keçən ilin yanvarının göstəricisi ilə müqayisədə 43,71 faiz - 4,42 milyard dollaradək azalıb. Bu barədə Federal Gömrük Xidmətin məlumatında bildirilir.
Məlumata görə, Rusiya neft ixracının həcmini 2,26 faiz- 19,197 milyon tonadək azaldıb. Uzaq xarici ölkələrə neftin ixracı 2,45 faiz- 17,206 milyon tonadək azalıb. İxracın həcmi pul vahidində 4,159 milyard dollar təşkil edib (2015-ci ilin yanvar göstəricinsən 44,7 faiz az). MDB ölkələrinə neftin ixracı 0,55 faiz- 1,99 milyon tonadək azalıb, pul vahidində bu göstərici 19,4 faiz- 261 milyon dollaradək azalıb. Neft məhsullarının ixracı 2016-cı ilin yanvarında 25,1 faiz-10,803 milyon tonadək azalıb. Pul vahidində bu göstərici 3,052 milyard dollar azalıb (2015-ci ilin yanvar göstəricindən 1,3 dəfə azdır).
Yerli ekspertlər Rusiya ilə Azərbaycanın bu sahədə müqayisəsini aparırlar. Ortaya fərqli rəqəmlər çıxıb. Bildirilir ki, hər iki ölkənin neftdən asılılığı olduğundan, gəlirlərin azalması təbiidir. Azərbaycanda isə vəziyyət Rusiya ilə müqayisədə daha pisdir. Çünki ölkənin ixracatında neftin payı daha çox - 94 faizdir.
Ekspert Natiq Cəfərli məsələ ilə bağlı musavat.com-a bildirib ki, Azərbaycanın neft gəlirlərinin müqayisəsini apardıqda, təxminən Rusiyadakı vəziyyətin olması ortaya çıxır: “2015-ci ilin gəlirləri ilə 2014-cü ili müqayisə etdikdə, vəziyyət aşağı-yuxarı o səviyyələrdədir. Bu ilin yanvar ayında da keçən ilin yanvarına nisbətən gəlirlərdə təxribən 30 faizə yaxın azalma müşahidə olunur. Fevral və mart ayının statistikası hələ açıqlanmayıb. Tendensiya belədir. Təbiidir, neftin qiyməti düşür və Rusiyada da, Azərbaycanda da ixracatda dominant rolu neft oynayır. Hətta Rusiya bu mənada bizdən daha yaxşı durumdadır. Çünki ixracatda neftin payı 50 faiz civarındadır. Amma bizdə ixracatda enerjidaşıyıcılarının payı 94 faizdir. Biz daha pis durumdayıq. Bizdə də neftin qiymətinin azalması təbii ki, ölkənin gəlirlərinin azalması ilə müşahidə olunur. Ökənin gəlirləri azladıqca da bu gün yaşanan problemlər ortaya çıxır”.
Rəşad Həsənov isə musavat.com-a bildirib ki, ötən il ölkənin neft gəlirlərinin 65 faizə qədər azaldığını söyləmək olar: “Bununla bağlı konkret rəqəmlər olmasa da, ümumiyyətlə, 2014- cü il ərzində Azərbaycanın satdığı neftin orta qiyməti təxminən 100 dollar ətrafında olub. Amma bu, 2015-ci ildə bu, 54 dollara qədər azalıb. Nəticədə hər barel üçün ölkənin neft gəlirlərində 46 faizə yaxın azalma baş verib. Nəzərə almaq lazımdır ki, bu, xalis mənfəətə daha kəskin təsir göstərir. Neftin maya dəyərinin düşmədiyini nəzərə alsaq, ümumi ölkəyə daxilolmalar fonunda maya dəyəri çıxılmaq şərti ilə hasilatın pay bölgüsü əsasında əldə etdiyi gəlirlərin daha artıq azalmasını görə bilərik. Amma onu da vurğulamaq lazımdır ki, parelel olaraq da Azərbaycan neft sektorundan dövlət büdcəsinə vergi daxilolmalarından gəlirlər əldə etdi. Neftin maya dəyərinin azalması vergi ödənişlərinin həddinə də mənfi təsir göstərib. Ümumiyyətlə isə təxminən 2015-ci il ərzində Azərbaycanın neftdən mənfəətinin 65 faizə qədər azalma ehtimalı var”.
966 dəfə oxundu