Rusiya xüsusi təyinatlıları Litva ərazisinə giriblər?

Rusiya xüsusi təyinatlıları Litva ərazisinə giriblər?


Rusiyanın Baltik ölkələrinə hərbi müdaxiləyə hazırlaşdığı haqda narahatlıqların artdığı, Baltik dənizində Rusiya qırıcılarının Amerika gəmisinə hücumu imitasiya edən manevrləri ilə bir vaxtda Vilnüsdə ciddi təşviş yaranıb. Buna səbəb Rusiya xüsusi təyinatlılarının Litva ərazisinə daxil olduğu haqda məlumatlardır.

Virtualaz.org xəbər verir ki, aprelin əvvəllərində Litvanın Dövlət Təhlükəsizlik Departamenti xarici və daxili təhdidlər barədə məruzə dərc edib. Həmin sənəddəki bir abzats dərhal mətbuatda rezonansa səbəb olub. Orada deyilirdi ki, Rusiyanın xüsusi təyinatlı bölmələrinin dinc dövrdə xarici dövlətin (Litvanın) ərazisinə daxil olmasını sübut edən əlamətlər var.

Bunun ardınca parlamentin milli təhlükəsizlik üzrə komitəsinin sədri Arturas Pauluskas bəyan edib ki, Kalininqrad vilayətindən gələn diversiya qrupu Klaypeda şəhərindən 20 kilometr məsafədə, Rusiya sərhədinin 30 kilometrliyində Yuodkrante turist qəsəbəsinə daxil olub. Lakin Pauluskas əlavə edib ki, bu informasiyanın mənbəyi başqadır və doğruluğuna tam əmin edir.

Rusiya xüsusi təyinatlıları Litva ərazisinə giriblər?


Bu cür həyacanlı informasiyaların yayılmasından sonra mətbuat baş nazir Alqirdas Butkyaviçyusun üstünə düşüb, ondan Rusiya xüsusi təyinatlı dəstələrinin Litva ərazisinə gizli müdaxiləsi haqda izahat istəyib. Baş nazir isə birmənalı olmayan eyhamlarla kifayətlənib. “Mən heç nə deyə bilmərəm, bu, məxfi informasiyadır. Bizim müvafiq xidmətlər vaxtında və etibarlı şəkildə reaksiya veriblər”-o deyib.

Bəs bu “vaxtında və etibarlı şəkildə reaksiya” nə deməkdir, baş nazir izahat verməyib. Litva ərazisinə soxulan Rusiya xüsusi təyinatlılarının sonrakı aqibəti haqda suallar cavabsız qalıb. Ekspertlər isə təxmin ediblər ki, Rusiya diversantları Klaypedadakı sıxılmış qaz terminalına hücum işləyib hazırlaya bilərdilər. Yaxud digərləri təxmin edir ki, rusların məqsədi hərbi hava qüvvələrinin Yuodkrante qəsəbəsindəki RLS-ni sıradan çıxarmağı məşq edə bilərdi. Çünki Rusiyanın Litvaya potensial hərbi müdaxiləsindən əvvəl bu cür obyektlər birinci sıradan çıxarılmalıdır.

Məsələnin qaranlıq tərəflərindən biri də budur ki, Litva Rusiya xüsusi təyinatlılarının ölkəyə müdaxiləsi ilə bağlı Moskvaya rəsmi protest verməyib, NATO-ya müraciət etməyib. Yaxud belə müraciət məxfi saxlanılıb. Keçmiş müdafiə naziri Rasa Yukanyaviçne parlamentdə baş nazirə müraciətlə bildirib ki, hansı xidmətin bu diversiya əməlinə müdaxilə etdiyini, silahlı diversantların sonrakı aqibətinin necə olduğunu aydınlaşdırsın. Ancaq hökumət Yuodkrante qəsəbəsində nə baş verdiyi barədə danışmır, bütün məlumatlara məxfi qrifi qoyulduğunu bildirir.

Rusiya xüsusi təyinatlıları Litva ərazisinə giriblər?


Prezident Dalya Qribauskayteyə də bu haqda sual verilib. Ancaq o da heç nə deməyib. “Mən zarafat etmək istərdim, ancaq bilmirəm buna dəyərmi...Kəşfiyyatdan alınan istənilən informasiya məxfidir, şərh oluna bilməz. Heç kim bu cür hərəkət etməməlidir”-prezident deyib.

Rusiyanın Baltik ölkələrinə hərbi müdaxiləsi barədə narahatlıqlar o dərəcədə güclüdür ki, ABŞ təcili qaydada bu regiona minlərlə hərbçi və yüzlərlə zirehli texnika göndərir. Birləşmiş Ştatlar Şərqi Avropadakı hərbi iştirakını genişləndirmək barədə planın icrasına başlayıb. Pentaqonun “Rand Corporation” hərbi araşdırmalar mərkəzi ilə birgə keçirdiyi kabinet təlimlərinin nəticəsi olaraq açıqlanmışdı ki, əgər Rusiya Baltik ölkələrinə müdaxiləyə qərar versə NATO-un regiondakı qüvvələri ən çoxu 36 saat davam gətirə bilər.

Bu günlərdə Rusiya qırıcıları Baltik dənizində ABŞ-ın “Donald Kuk” esminetsinə hücumu imitasiya edən manevrlər həyata keçirib, gəminin cəmi bir neçə metrliyindən uçub. Ardınca Baltik üzərində Rusiya qırıcısı Amerika kəşfiyyat təyyarəsinin bir neçə metrliyindən uçaraq onu kursunu dəyişməyə məcbur edib. Habelə Kalininqrad vilayətindəki Rusiya hərbi birləşmələri növbəti dəfə manevrlərə başlayıblar.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1010 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...