Azərbaycana tədbirə gələn əcnəbidə malyariya aşkarlandı

Azərbaycana tədbirə gələn əcnəbidə malyariya aşkarlandı


Azərbaycanda bu ilin aprel ayı ərzində bir nəfərdə malyariya xəstəliyi qeydə alınıb. Həmin şəxs BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda iştirak edən Afrikanın Benin Respublikasının vətəndaşıdır. Bu barədə məlumatı movqe.az-a Respublika Gigiyena və Epidemiologiya Mərkəzi (RGEM) parazitologiya şöbəsinin rəhbəri Süleyman Məmmədov verib.

S. Məmmədov bildirib ki, həmin şəxs Azərbaycanda Foruma qatılmaq üçün ölkəmizə gəlib. Hərarəti olduğundan, Kliniki Tibbi Mərkəzə yerləşdirilib:" Kliniki Tibbi Mərkəzdə ondan qan nümunələri götürülərək bizə göndərilmişdi. Müayinələr zamanı bəlli oldu ki, həmin şəxsdə tropik malyariya xəstəliyi var. Malyariyanın bu növü Azərbaycanda qeydə alınmayıb. Tropik malyariyanı yayan ağcaqanadlar Afrikada olduğundan, bu xəstəlik daha çox orada yayılır. 1992-ci il təvəllüdlü Benin vətəndaşı müalicə olunduqdan sonra öz ölkəsinə göndərilib".

S. Məmmədovun sözlərinə görə, artıq dörd ildir ki, Azərbaycanda xaricdən gələn vətəndaşlar istisna olmaqla malyariya xəstəliyi aşkarlanmır: "Azərbaycan malyariyadan azad ölkələr siyahısına düşüb. Ümümdünya Səhiyyə Təşkilatının (ÜST) şərtlərinə görə, dalbadal üç il yerli malyariyaya yoluxma halı qeydə alınmayan ölkə malyariyadan azad ölkə statusu alır.

Azərbaycanda son dörd ildir ki, yerli malyariyaya yoluxma faktı qeydə alınmayıb. Bu onu göstərir ki, ölkədə malyariya xəstəliyi ilə bağlı vəziyyət tam sabitdir. Azərbaycan bu təhlükəli xəstəliyin qarşısını tam olaraq alıb. Azərbaycanda malyariya xəstəliyinin kütləvi yayılması sonuncu dəfə 1996-1997-ci illərdə baş verib. Həmin dövrdə 13135 nəfərin bu xəstəliyə yoluxduğu qeydə alınıb. İndi demək olar ki, ölkədə malyariya ilə bağlı təhlükə yoxdur. May ayından başlayaraq endemik ərazilərdə profilaktik tədbirlər həyata keçirilir.

Xəstəliyin əsas yayıcısı olan "anofeles" ağçaqanadların kökünü kəsmək üçün nəmişlik olan rayonlardakı bataqlıqlar dizenfeksiya olunur. Malyariya ocaqlarında potensial infeksiya mənbələrini zərərsizləşdirmək məqsədi ilə kimyəvi profilaktika işləri də aparılır”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
837 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...