Suriyada atəşkəs sazişi qüvvədən düşür

Suriyada atəşkəs sazişi qüvvədən düşür


Hökumət və müxaliflər Hələbi, kürdlər Raqqanı, İŞİD Deyr əz-Zoru ələ keçirməyə çalışır

Suriyada vəziyyət yenidən gərginləşib. Formal olaraq tərəflər arasında atəşkəs sazişi imzalansa da, faktiki olaraq atəşkəsə riayət edən yoxdur. Tərəflər hər fürsətdə bir-birinə hücum edir. Hətta vəziyyət o həddə çatıb ki, atəşkəs prosesini himayəsinə alan ABŞ və Rusiya da durumu nəzarətə ala bilmir. Son olaraq iki gün öncə Lavrov və Kerri növbəti dəfə atəşkəsi qorumaqla bağlı razılaşıb. Ancaq vəziyyət heç də göründüyü kimi deyil.


Ötən həftənin cümə günü müxalif radikal qruplar Suriyanın Hələb şəhərinin cənubunda yerləşən Xan Tuman bölgəsindəki hökumət qüvvələrinə hücum edib. Hücum əməliyyatı atəşkəsin qüvvədə olduğu zaman baş verib və hazırlıqsız yaxalanan hökumət qüvvələri, o cümlədən İran hərbçiləri ağır itki verib.

İranlılar hadisəyə görə atəşkəsin ikinci cavabdeh tərəfi olan ABŞ-ı günahkar bilirlər. Çünki Rusiya ilə əldə olunmuş razılığa əsasən müxaliflər tərəfdən atəşkəsi Amerika, hökumət tərəfdən isə Rusiya təmin etməli idi. Ancaq göründüyü kimi, amerikalıların təminatı işə yaramayıb və atəşkəslə bərabər qarşılıqlı etimad da zədələnib.

Suriya hökuməti Amerikanın müxaliflərə ya nəzarət edə bilmədiyi, ya da bilərəkdən buna getdiyini düşünür. Həqiqətən də bu hadisə atəşkəs ümidlərinə, eyni zamanda qarşılıqlı etibara böyük zərbədir, bundan sonra çətin ki, etibarlı atəşkəs olsun. Bundan başqa ,daha bir anlaşılmazlıq terror siyahısı ilə bağlıdır. Məlum olub ki, ABŞ və müttəfiqləri Suriyada yalnız “ən-Nusra” və İŞİD-i terror təşkilatı kimi tanımaqda maraqlıdır. Suriya hökuməti və Rusiya isə siyahının daha da böyüdülməsi, digər radikal qrupların, o cümlədən “Əhrar əş-Şam” ("Şamın azadlığı"), “Fəth ordusu” kimi qrupların terrorçu kimi tanınmasını istəyir. Hələlik bu mövzuda da anlaşma yoxdur. Son olaraq Hələbdə hökumət qüvvələrinə hücumda məhz Amerikanın terrorçu kimi tanımaq istəmədiyi digər qruplar və “ən-Nusra” birgə həyata keçirib. Bu isə Dəməşqdə terror siyahısını daha da böyütmək tələbini haqlı çıxardır.

Amma məsələnin mürəkkəbliyi heç də bunlarla bitmir. Ötən gün məlum olub ki, Suiryanın şimalında ABŞ-ın dəstəklədiyi kürdlər tərəfindən qurulmuş və azlıq qrupların birləşdiyi Demokratik Suriya Qüvvələri İŞİD-in “paytaxtı” Raqqa şəhərinə hücuma hazırlaşır. 80 faizi kürd YPG silahlılarından ibarət olan Demokratik Suriya Qüvvələri hazırda Raqqa ətrafına ordu yığır. Məlum olub ki, silahlılar 3 tərəfdən Raqqaya hücum edəcək.
O da məlum olub ki, ABŞ və koalisiya ordusu Raqqa əməliyyatına havadan və raket atəşi ilə dəstək verəcək. Məsələ ondadır ki, ötən ay Palmira şəhərinin İŞİD-dən alınmasından sonra Raqqanın yolu faktiki olaraq açılıb. Bu şəhərin alınması isə İŞİD-ə böyük bir zərbə olacaq, çünki qruplaşma buranı özünün əsas mərkəzi hesab edir. Hazırda silahlı qruplar Raqqaya 22 - 40 km məsafədə yerləşir.

Belə görünür ki, Amerika hərbi komandanlığı Suriya ordusundan əvvəl kürdlərin Raqqanı almasını və bölgədə təsirli gücə çevrilməsini istəyir. Çünki Suriyada bağlanan atəşkəs anlaşmasına İŞİD daxil deyil, amerikalılar atəşkəsdən istifadə edib kürdlərin əli ilə İŞİD-i Suriyada (kürdlərin əli ilə) zəiflətmək, daha sonra tərəfləri atəşkəsə məcbur etmək istəyir. Bunun üçün Hələbdəki atəşkəsin pozulması və hökumət qüvvələrinin Hələb ətrafında ilişib qalması əslində kürdlərin hazırkı taktikasına xidmət edir. Çünki Bəşər Əsəd üçün hər bir halda Hələb Raqqadan daha mühümdür. Beləliklə, vəziyyətin bu cür davam etməsi nəticəsində kürdlər Suriyanın şimalında daha əvvəl İŞİD-in nəzarətində olan bölgələrdə möhkəmlənəcək, İŞİD kimi hər iki tərəfin terrorçu hesab etdiyi qüvvə sıradan çıxacaq və nəticədə hökumət və digər islamçı qruplar kürdlərlə danışıqlar masasında oturacaqlar. Eyni zamanda İŞİD-in Raqqanı rahatlıqla təslim etməsi də inandırıcı deyil. Son məlumatlara görə, qruplaşma Deyr əz-Zor şəhərinə hücum edib. Bununla da diqqəti Raqqadan yayındırmaq, əməliyyat cəbhəsini daha da genişləndirməyə çalışır.

Son zamanlar İran generallarının Hələb ətrafında görünməsi Bəşər Əsədin Hələbi tez bir zamanda geri alması və daha sonra Raqqaya hücum etməyə hazırlaşdığına işarədir. Bu isə vəziyyətin getdikcə daha gərginləşəcəyi, savaşın daha da şiddətlənəcəyi mənasına gəlir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
796 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...