Ermənistan ordusunun generalı və iki polkovniki həbs edilib
Ermənistan ordusunun generalı Mels Çilingəryan həbs edilib. "Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, ölkənin İstintaq Komitəsinin mətbuat katibi Sona Truzyan generalın həbsini təsdiqləyib. M.Çilingəryanla birlikdə polkovniklər Mqer Papyanla Armen Marqaryan da həbs olunublar.
S.Truzyanın sözlərinə görə, onlara qarşı ayrı-ayrı iki cinayət işi açılıb: "Ordu üçün aşağı keyfiyyətli mallar alınıb. Bir sıra hallarda isə alınan malların qiyməti şişirdilib".
Mətbuat katibi qeyd edib ki, hər iki hal üzrə cinayət işi başlanıb. Xatırladaq ki, bu il mayın 12-də Ermənistan İstintaq Komitəsinin Hərbi istintaq idarəsi rəhbər vəzifəli şəxslərə qarşı səhlənkarlıq faktı üzrə cinayət işi başlayıb. Bu iş üzrə Ermənistan Silahlı Qüvvələrinin Avtomobil xidməti bölməsinin başçısı polkovnik David Abraamyan həbs edilmişdi.
Qeyd edək ki, Ermənistan prezidenti Serj Sarqsyanın aprelin 26-da imzaladığı fərmana əsasən Ermənistan müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini Alik Mirzabekyan, rabitə xidmətlərinin rəisi general-mayor Komitas Muradyan və Baş Qərargahın kəşfiyyat idarəsinin başçısı Arşak Karapetyan vəzifəsdən azad edilib.
837 dəfə oxundu