200 minlik İslam ordusunun qərargahı qurulur
Səudiyyə Ərəbistanının təşəbbüsü ilə yaradılan terrora qarşı İslam koalisiyasının - ordusunun qərargahı qurulacaq. ANS PRESS-in məlumatına görə, qərargahın Ramazan ayı müddətində qurulması planlaşdırılır. Qərargahın İŞİD terror təşkilatı ilə mübarizə üçün hazırlandığı bildirilir. Hərbi qərargahın harada yerləşəcəyi barədə məlumat yoxdur.
İslam ordusunun ən fəal üzvləri Türkiyə və Səudiyyə Ərəbistanıdır. Hərbi koalisiyada 19 mindən artıq tank var. Koalisiyasının ilk təlimləri fevral ayında keçirilib. Səudiyyə Ərəbistanının Hafar-əl Baten regionunda təşkil edilən təlimlərdə 200 min əsgər iştirak edib. Türkiyənin də iştirak etdiyi təlimlər “Terrora qarşı mübarizə” adı altında keçirilib. Təlimə 200 min əsgərlə yanaşı, yüz döyüş təyyarəsi, yüzlərlə quru döyüş maşını cəlb edilib.
Səudiyyə Ərəbistanı dekabrın 15-də terrorizmlə mübarizə üzrə İslam hərbi koalisiyasının yaradıldığını bəyan edib. Koalisiyaya 34 ölkə daxildir. Ərəbistan yarımadası ölkələrindən hərbi ittifaqda Səduiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn, Qətər, Küveyt, Yəmən iştirak edəcəklər. Afrika ölkələrindən koalisiyaya Benin, Çad, Toqo, Tunis, Cibuti, Seneqal, Sudan, Syerra-Leone, Somali, Qabon, Qvineya, Komor adaları, Fil Dişi Sahili, Liviya, Mali, Misir, Mərakeş, Mavritaniya, Niger və Nigeriya qatılıblar.
Bundan başqa, ittifaqda İordaniya, Fələstin, Livan, Türkiyə, Pakistan, Banqladeş, Maldiv və Malayziya iştirak edəcəklər. Həmin vaxt təşkilata Azərbaycanın da qatılacağı barədə məlumatlar yayılmışdı. Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev sayta açıqlamasında bildirmişdi ki, Azərbaycanın terrorizmə qarşı İslam koalisiyasına qoşulmasına dair müzakirələr aparılır.
826 dəfə oxundu