Hillari Klinton: “İrana hərbi müdaxilə ola bilər” VİDEO
ABŞ-da Demokrat Partiyasından prezidentliyə namizədliyə namizəd olan sabiq dövlət katibi Hillari Klinton iyulun 14-də imzalanan nüvə razılaşması şərtlərini pozduğu halda İrana hərbi müdaxilənin gündəmə gələ biləcəyini söyləyib.
Musavat.com-un xarici qaynaqların verdiyi xəbərə görə, Klinton dünən verdiyi açıqlamada deyib ki, növbəti il prezident seçilərsə, İranın əldə olunan razlaşmanı pozacağı halda hərbi müdaxilə ilə qarşılıq verəcək. Xanım Klinton deyib: “Hansısa bir hiyləyə veriləcək cavab qəfil və qərarlı olmalı, sanksiyaların geri gətirilməsiylə başlamalıdır, ancaq lazım olduğu halda hərbi müdaxilə də edilməlidir”. Sabiq dövlət katibinin sözlərinə görə, İrana veriləcək mesaj açıq olmalıdır: “Heç bir vaxt nüvəyə sahib olmağınıza icazə verməyəcəyik, sadəcə bu razılaşma müddətində deyil, heç bir zaman”.
Razılaşmanın İranın nüvə silahı əldə etməsinin qarşısını alacağını söyləyən Hillari Klinton deyib ki, president olacağı halda ittifaqı daha da güçləndirmək üçün İsrail rəhbərliyini Vashinqtona dəvət edəcək. Digər tərəfdən, ABŞ müdafiə naziri Eşton Karter də lazım olsa Tehrana qarşı hərbi gücdən istifadə olunacağını, İsrailin müdafiə ediləcəyini bildirib. Karter deyib: “İsrail də daxil olmaqla bölgədəki dost ve müttəfiqlərimizin təhlükəsizliyini dəstəkləməyə hazırıq və bu istiqamətdə mövqe tuturuq. Lazım olsa hərbi müdaxilə seçimimizdən istifadə edəcəyik”. Ağ Ev Pentaqon rəhbərinin növbəti həftə İsraili ziyarət edəcəyini bəyan edib.
1160 dəfə oxundu