Hüsnü Mübarəkin iki oğlu həbs olundu

Hüsnü Mübarəkin iki oğlu həbs olundu

Qahirə Şəhər Məhkəməsi bu gün sabiq prezident Hüsnü Mübarəki və iki oğlunu - Əlaa və Camalı korrupsiyada ittiham edərək hər birini 3 il müddətinə həbsə məhkum edib.

Virtualaz.org saytı xarici nəşrlərə istinadən xəbər verir ki, məhkəmənin qərarına görə, onlar cəzalarını ciddi rejimli qapalı həbsxanada çəkməlidirlər.

Məhkəmə korrupsiya qalmaqalı ilə bağlı bu işə hələ aprelin 4-də baxmağa başlayıb. H.Mübarəkin və iki oğlunun adı həmin işdə əsas fiqurant kimi keçir.

Misirin Kasasiya Məhkəməsi H.Mübarəkə və iki oğluna qarşı əvvəl çıxarılmış məhkəmə hökmünün icrasının dayandırılması və büdcə vəsaitlərinin talan edilməsi işi üzrə yeni məhkəmə araşdırması aparılması barədə hələ yanvarda qərar vermişdi.

H.Mübarək və iki oğlu “Saraylar işi” adlanan bu iş üzrə cəza çəkirdi və bu, onların ittiham olunduğu sonuncu iş idi.

İstintaqın gəldiyi qənaətə görə, sabiq prezident və onun iki oğlu Misirin dövlət büdcəsindən dövlət başçısının sarayının təmirinə ayrılmış vəsaitdən 125 milyon Misir funtu (18 milyon dollar) mənimsəyiblər. İttihama görə, bu pullar sabiq prezidentin ailə üzvlərinin şəxsi mülk və ofislərinin tikintisinə və dizayn edilməsinə sərf olunub. Ötən il bu iş üzrə çıxarılmış hökmə görə, H.Mübarək 3 il, oğlanları Əlaa və Camal isə hər biri 4 il müddətinə həbsə məhkum edilmişdi.

Hökm ləğv olunandan sonra H.Mübarəkin oğlanları həbsxanadan buraxılaraq işə baxılacağı müddətdə ev dustağı edilmişdilər. H.Mübarək özü isə Qahirədəki hərbi hospitalda ev dustaqlığında saxlanmışdı.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1656 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...