"Sanki biz Türkiyənin təyyarəsini vurmuşuq" - PUTİN
Rusiya prezidenti Vladimir Putin bu gün Türkiyə tərəfindən Rusiyaya məxsus “Su-24” hərbi təyyarəsinin vurulmasına münasibət bildirib.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Soçidə İordaniya kralı II Abdulla ilə görüşdə Vladimir Putin bu hadisəni arxadan vurulan zərbə adlandırıb: “Təyyarəmiz Türkiyənin “F-16” təyyarəsindən atılan “hava-hava” raketi ilə vurulub. 6 min metr hündürlükdə, Türkiyə sərhədindən 1 km aralıda olarkən ona qarşı hücum olub. Bütün hallarda bizim qırıcı təyyarəmiz Türkiyə üçün təhlükə törətməyib. Bu, aydın olan məsələdir. Pilotlarımız həmin ərazidə terrora qarşı mübarizə aparıblar. Biz çoxdan müəyyən etmişik ki, Türkiyə ərazisində İŞİD-in nəzarətində olan yataqlardan gətirilmiş neft daşınır. Bu ərazidən böyük maliyyə axını gedir. İndi də terrorçularla əlbir olanlar bizə arxadan zərbə endirdilər”.
V. Putin insidentin Rusiya-Türkiyə münasibətlərinə ciddi təsir edəcəyini vurğulayıb: “Rusiya Türkiyəyə təkcə qonşu kimi yox, həm də dost ölkə kimi yanaşırdı. Bilmirəm bu, kimə lazım idi? Bizə lazım deyildi. Hadisədən sonra bizimlə dərhal əlaqə yaratmaqdansa, Türkiyə tərəfi məsələnin müzakirəsi üçün NATO-dakı tərəfdaşlarına müraciət edib. Guya Türkiyə bizim yox, biz Türkiyənin təyyarəsini vurmuşuq".
1017 dəfə oxundu