"Düşmənin 20-dək canlı qüvvəsi məhv edilib, atəş nöqtələri susdurulub"
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti dekabrın 25-də Şəxsi Heyət Baş İdarəsi və Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin əsaslı təmir edilmiş binalarının açılışı mərasimində iştirak ediblər.
APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hər iki idarənin şəxsi heyəti qarşısında çıxış edən Z.Həsənov beynəlxalq hərbi əməkdaşlıq istiqamətində qarşıda duran əsas vəzifənin respublikanın strateji maraqlarına uyğun olaraq, beynəlxalq təşkilatlar çərçivəsində və ikitərəfli əsasda hərbi əməkdaşlığı genişləndirərək haqq işini dünyaya çatdırmaqdan ibarət olduğunu bildirib: "Bunun üçün həm ikitərəfli, həm də çoxtərəfli beynəlxalq əməkdaşlıq inkişaf etdirilməli və ən vacibi dövlət maraqlarımız daim qorunmalıdır".
Nazir şəxsi heyətin idarə olunmasında sosial ədalət və bərabərlik prinsiplərinin rəhbər tutulmalı, diqqət və qayğınin hər an hiss edilməli olduğunu bildirib.
"Ən əsası isə heç vaxt unutmaq olmaz ki, ordumuzun ən müqəddəs vəzifəsi Dağlıq Qarabağın işğaldan azad edilməsidir. Son vaxtlar Silahlı Qüvvələrimiz cəbhədə düşmən üzərində üstünlüyə nail olub.
Qısa bir müddətdə düşmənin 20-dək canlı qüvvəsi məhv edilib, xeyli sayda yaralısı var, hərbi texnikası sıradan çıxarılıb, atəş nöqtələri susdurulub. Lakin əldə olunanlarla rahatlaşmaq olmaz. Bizim fəaliyyətimiz və cəbhədə tətbiq etdiyimiz taktika hərbi bölmələrimizin döyüş təcrübəsi qazanmasına imkan yaradaraq torpaqlarımızın tezliklə işğaldan azad edilməsinə yönəlməlidir", - deyə nazir vurğulayıb.
Şəxsi heyəti qarşıdan gələn bayramlar münasibəti ilə təbrik edən müdafiə naziri 2016-cı tədris ilində döyüş hazırlığının gücləndirilməsi məqsədilə nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi ilə əlaqədar müvafiq tövsiyə və tapşırıqlarını verib.
952 dəfə oxundu