40 dərəcə istidə məktəb? - Dərslərin 1 sentyabrda başlaması yenidən gündəmdə

40 dərəcə istidə məktəb? -
11-ci və 9-cu sinif şagirdləri buraxılış, blok, habelə kolleclərə qəbul imtahanlarını da verdikləri halda, orta məktəblərdə dərslər hələ 14 iyunadək davam edəcək. Hazırda Bakıda 37-38, rayonlarda daha çox istilər var. Bu mühitdə kondisionersiz, isti otaqlarda uşaqların keyfiyyətli tədris ala bilməsi absurd məsələdir. Uzun illərdir təklif edilir ki, dərslər daha əvvəllərdə olduğu kimi, 1 sentyabrda başlayıb, 25 mayda yekunlaşmalıdır. Hazırda bu məsələ yenə gündəmdədir.

Təhsil eksperti Kamran Əsədov hesab edir ki, bu gün Azərbaycanda təhsil sahəsində bitib-tükənməyən ciddi problemlərin fonunda dərs ilinin nə vaxt başlayıb, nə vaxt sona çatması elə də önəmli məsələ deyil. “Yeni Müsavat”a şərhində ekspert bildirib ki, dərsliklərin məzmunundan tutmuş, forma və keyfiyyətinə, hər dərsliyə dair bir neçə əlavə vəsaitin nəzərdə tutulmasına, tədrisin kefiyyətinin aşağı olmasına qədər xeyli həlli vacib problemlər var: “Hazırda məktəblərdə tətbiq edilən kitabların tədrisi və mənimsənilməsi üçün bir dərs ili deyil, heç iki dərs ili də çatmaz.

Amma bunlarla bərabər dərs ilinin gec başa çatması da problemləri artıran səbəblərdəndir. Ölkənin orta ümumtəhsil məktəblərinin dərsləri iyunun 15-nə kimi uzatmağa xüsusilə şərait yoxdur. Orta məktəblər kondisioner və soyuducu cihazlarla təmin olunmayıb. ABŞ-da birincilərin bərabər məktəbə getdiyi müəyyən bir gün yoxdur. İş ondadır ki, bir çox məktəb tədris ilinin başlanacağı günü seçməkdə sərbəstdir, sadəcə, qaydalara görə müəyyən müddət ərzində məktəb qapılarını uşaqların üzünə açmalıdırlar. Bu, avqust ayının ortasından sentyabr ayının ortasına qədərdir, eləcə də 180 günlük tədris ili planını yerinə yetirməlidirlər (tədris ilinin sonu may-iyun ayına düşür).

Yeri gəlmişkən, bütün birincilər məktəbə gəlmir, çünki onlarda “home schooling” evdə təhsil anlayışı da mövcuddur. Bununla yanaşı, evdə yalnız xəstə deyil, tam sağlam uşaqlar da qalır. Pedaqoq rolunda uşaqların valideynləri çıxış edir, onlar proqram təqdim etməli və uşaqlarının müvəffəqiyyətlərinin hesabatını verməlidirlər. Orta hesabla dərslər 8-9 arası başlayır, sonra isə uşaqların 5-6 dərsi olur. Dərslərin müddəti 55 dəqiqə olur, bu dərslərin arasında bir saatlıq lanç olur, bu uşaqlara 15.00-dan 16.00-a qədər çəkən dərs gününün sonuna qədər dözmək üçün lazımdır. İbtidai sinifdə qiymətlər verilmir, bu, pedaqoji hesab edilmir. Yaponiyada isə birincilər dərsə aprelin əvvəli gedirlər-məhz ilin bu vaxtı hava şəraiti əlverişlidir, nə isti, nə də ki soyuqdur.

Bilik Günündə 6 yaşı tamam olan yaponlar ilk dəfə məktəbə gedirlər. Bu gündə balacaları məktəb müəllimləri salamlayır, valideynlərə nə almaq lazım olduğunu söyləyir, heç bir dərs keçirilmir və artıq günün ortasında hamı evə gedir. Sonra isə valideynlərin və balacaların hazırlaşmaq üçün bir həftə vaxtı olur. Yaponiyada ibtidai məktəb 6 il çəkir, sonra 3 il orta siniflər. Bununla da icbari təhsil başa çatır. Arzu edənlər 3 il daha təhsil ala bilərlər. Beləliklə də cəmi 12 il. Yaponiyada tədris ili üç semestrə bölünür. Məlum olduğu kimi, yapon məktəbində dərslər səhər saat 8-də başlayır, 3-4 dərs keçilir, sinifdə 35-40 uşaq olur, dərslərin müddəti 50 dəqiqədir. 1 saatlıq nahar fasiləsindən sonra daha 2 dərs keçilir. Bu rejimdə uşaqlar iyulun 20-nə qədər oxuyurlar, yəni bir semestr və 31 avqusta kimi tətilə gedirlər. Sentyabrın birində yapon uşaqlarında ikinci semestr start götürür, bu semestr dekabrın 23-nə kimi çəkir, sonra üçüncü, 8 yanvardan 20 marta kimi. Yeri gəlmişkən, siniflər arasında tətillər çox qısadır - 3 həftəyə yaxın. Bu baxımdan bizim şagirdlərin bəxti gətirib, yorucu dərs ilindən sonra daha çox dincələ bilirlər.

İslandiya nümunəsinə də baxa bilərik. Dərs ili avqustun sonunda başlayır və onlar 180 gün dərs keçirlər. İslandiyada ibtidai məktəb 7 sinifdən ibarətdir, burada bütün dərsləri bir müəllim tədris edir. Bütün bunları nəzərə alaraq, hesab edirəm ki, dərslərin sentyabrın 1-dən başlayıb mayın 30-da bitməsinin uşaqlara daha çox faydası dəyər, nəinki iyunun ortasında bitməsinin. Şagirdlərin gərgin dərs ilindən sonra istirahət etməsinə böyük ehtiyac var".

Beynəlxalq təhsil standartlarına diqqət çəkən ekspert vurğulayıb ki, bu standartların daim yenilənməsi təhsil dialektikasının qanunudur: “Mənə elə gəlir ki, nazirlik bunu nəzərdə tutur. Sadaladığım ölkələrin heç birində dərs sentyabrın 15-də başlamır. Sentyabrın 1-də başlayır, may ayının 25-də bitir. Məsələ bundadır ki, mövzular məlumdur və elə mövzular var ki, həftədə 2-3 dəfə tədris olunmalıdır ki, keyfiyyətli tədris alınsın. İndi onu həftədə 1 dəfə tədris edirlər ki, keyfiyyətdən söhbət belə gedə bilməz. Beynəlxalq standartlarda dərslərlə bağlı müəyyən tədris zamanı nəzərdə tutulub. Bəzən isə zaman bu standartlara əməl etməyə imkan vermir. Sentyabrın 15-dən başlayan və may ayının sonunda bitən dərs ilində o standartları tətbiq etmək mümkün deyil.

Hesab edirəm ki, ali və orta təhsil müəssisələrində dərslərin sentyabr ayının 15- də başlaması və 14 iyunda başa çatması özünü doğrultmur. Proqramların mənimsənilməsində yaranmış boşluğu aradan qaldırmaq üçün dərs ilinin 2 həftə uzadılması effekt vermir. İki həftə itirilmiş həftədir. 1 sentyabra qayıtmalıyıq. Dünyanın əksər ölkələrində 1 sentyabra “Bilik günü” assosiasiya olunur.

15 sentyabrı seçməklə çox böyük yanlışlığa yol vermişik. Vaxtilə bizdə də 1 sentyabr “Bilik günü”nə assosiasiya olunurdu. Və bu tarix simvola çevrilmişdi. Tədris ilinin 1 sentyabrda başlayıb, 14 iyuna qədər davam etməsi kimi bir məsələnin gündəmdə olması isə ciddi qəbul edilə bilməz. Ona görə ki, bu zaman dərs həftələri daha da çoxalır ki, nəticədə şagirdlərin istirahət müddəti azalır. Ona görə də optimal variant dərslərin 1 sentyabrda başlayıb, 30 mayda başa çatması ola bilər".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
407 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...