Həkim-deputat ittihamlara cavab verdi - AÇIQLAMA

Həkim-deputat ittihamlara cavab verdi -


Mərkəzi Neftçilər Xəstəxanasının Ürək-damar cərrahiyyəsi şöbəsinin müdiri, ürək-damar cərrahı, millət vəkili Rəşad Mahmudov barəsində yazılan ittihamlara münasibət bildirib. GUNDEMINFO.AZ-ın məlumatına görə, həkim report-a açıqlamasında qeyd edib ki, bu, bir jurnalistin sadəcə öz təxəyyülündə yaratdığı ssenaridir.

"Ən azından həmin şəxs məsələni dəqiqləşdirmək üçün mənimlə əlaqə yarada bilərdi. Kaş ki, uşağa kömək etməyin yolları olardı. Bunu həmin uşağın ailəsinə də tibbi şəkildə izah etmişəm", - deyə cərrah bildirib.

Onun sözlərinə görə, yazılan məlumat yalnız bir hissəyə qədər doğrudur:

"Xəstənin əməliyyat olunması üçün uzun müddət mübarizə aparırdıq. Normalda uşağın ürəyində 14-ə yaxın fərqli qüsur var. Qüsurlarla əlaqədar konsiliumlar keçirilib. Əməliyyata çox yüksək risk və kiçik ümidlə hazırlaşmışdıq. Ancaq müayinələr zamanı daha bir xəstəlik ortaya çıxdı. Bunun nəticəsində xəstənin gələcək həyatı üçün 1 faiz də olsa belə ümidin olmadığını gördüm. Bu da ailəyə ətraflı şəkildə izah olunub. Hətta ailənin xoş olmayan istəkləri də olub. Belə ki, ailə mənə uşağın əziyyət çəkməməsi üçün iynənin vurulmasını təklif edib. Mən isə onlara bunun həm Azərbaycan qanunvericiliyinə, həm də mənim öz etik qayda-qanunlarıma zidd olduğunu dedim. Buna heç mənim vicdanım yol verməz".

Həkim uşağın uzun müddət yaşaya biləcəyini də ehtimal edir:

"Uşağın səhhəti ilə bağlı ailəyə təklif etmişəm ki, o, evdə bəlkə oksigen qoşularaq uzun müddət yaşaya bilər. Yəni, uşağı bu gün əməliyyata salmaq, onun həyatını tamamilə itirməsi deməkdir. Çünki mən inanmadığım yola girə bilmərəm. Xəstə gələcəkdə bizim ürək əməliyyatları olunmadığı zaman pediatriya institutlarının birinə köçürülmə ilə və yaxud evdə oksigen müalicəsi alaraq uzun müddət yaşaya bilər", - deyə həkim əlavə edib.

Uşağın hazırda Mərkəzi Neftçilər Xəstəxanasının Reanimasiya şöbəsində müalicə olunduğunu deyən R. Mahmudov qeyd edib ki, bu gün uşağın müalicəsi üçün heç bir ümid yoxdur, yəni reallıq budur.
Həkim bildirib ki, uşağın müayinəsinin nəticələrini hətta dünyanın tanınmış xəstəxanalarının ekspertlərinə göndərərək onların da bu barədə rəylərini öyrənib.

"Əvvəl uşaqda 12 qüsur görmüşdük, ancaq ikisi də əlavə çıxdı. Ona görə də xəstənin əməliyyatdan sağ çıxması demək olar ki, mümkünsüzdür. Hətta çox kiçik şans olsa belə bir sonrakı əməliyyatlar üçün yolları bağlıdır. Çünki biz əvvəlcə mərhələli əməliyyatlar planlaşdırmışdıq. Uşaq hələ xəstəxanadadır. Uşağın yatdığı şöbə Cərrahiyyə şöbəsi olduğundan belə xəstələri uzun zaman saxlamaq imkanımız da olmur. Yəni, onun Kardiologiya şöbəsinə keçməsi lazımdır", - deyə cərrah qeyd edib.

Həkim hesabına müəyyən məbləğdə pul köçürülməsi məsələsinə də aydınlıq gətirib:

"Mərkəzi Neftçilər Xəstəxanası Nazirlər Kabineti tərəfindən qəbul olunan pul ödəmə üzərinə qurulmuş xəstəxanadır. Bunu da hər kəs bilir. İstənilən əməliyyat dövlət və ya Heydər Əliyev Fondunun hesabına olunduğu zaman, əməliyyatdan bəlli müddət keçdikdən və xəstənin epikrizini həmin qurumlara göndərdikdən sonra ödəmələr olur. Yəni, yazıda reallığa uyğun olmayan söhbətlər yer alıb.

Sonda onu da qeyd edim ki, bir jurnalistin bir şeyi araşdırmadan bu barədə nəsə yazması düzgün deyil. Hələ də ki, həmin ailə jurnalistin qohumudursa, həmin şəxsin mənlə üz-üzə görüşmək şansı daha çox olardı. Ən azından üzümə baxaraq dediklərimdən sonra mənə desin ki, həqiqətən də dünyanın ən mənfi xarakterli insanını tapmışam və bunu ictimailəşdirim".

Xatırladaq ki, daha öncə jurnalist Aytən İmanova yaxın qohumu İmanov Renat Mahir oğlunun ürək qüsuru ilə doğulduğunu və əməliyyata ehtiyacı olduğunu bildirib. Onun sözlərinə görə, Heydər Əliyev adına Fond uşağın müalicə olunması üçün 9 min manat vəsaiti həkimin hesabına yatırsa da, Rəşad Mahmudov əməliyyatı etməkdən imtina edib.


Həkim-deputat ittihamlara cavab verdi -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1024 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...