Avtokredit alanlara xəbər: Məhkəmə müqavilə şərtini dəyişə bilər

Avtokredit alanlara xəbər:


Devalvasiyadan sonra banklardan dollarla kredit götürənlərin borcu qaytarması çətinləşdi. Bu, həm də dollarla avtokredit götürənlərə aiddir.

Vəkil Əkrəm Həsənov isə virtualaz.org saytına deyib ki, son zamanlar avtokreditlərin qaytaraılmasında problemlərin yaranması ilə bağlı müraciətlər artıb. Hətta bununla bağlı banklara qarşı iddia qaldırmaq istəyənlər də var.

Müştəri məhkəməyə müraciət edərək müqavilənin etibarsız tələb edilməsini istəyə bilər. Ə.Həsənovun sözlərinə görə, avtokredit yalnız manatla verilə bilər. Başqa sözlə, banklar krediti dollarla verməklə müştərini aldadıb. “Avtomobilin ölkə ərazisində dollarla alınması qanunsuzdur. Buna görə də, borclu bankı məhkəməyə verib müqaviləni etibarsız hesab etdirə və borcu köhnə məzənnə ilə manatla ödəyə bilər. Yaxında bununla bağlı nümunəvi iddia forması tərtib edib borc alanlara təqdim edəcəyəm ki, istifadə etsinlər”, - Həsənov belə deib.

Vəkil hesab edir ki, banklar dollarla kredit verərkən Konstitusiya Məhkəməsinin 14 may 2015-ci il tarixli qərarına istinad edirlər. Həmin qərarda dollarla kredit vermək qanuni hesab edilmişdir. “Mən bu qərarı səhv hesab etsəm də, onunla mübahisə etmək fikrim yoxdur. Qərar var, hamı ona əməl etməlidir. O cümlədən banklar da həmin qərarın 6-cı bəndinə əməl etməlidirlər”, - deyə vəkil əlavə edir. Qeyd edək ki, həmin bəndə görə, banklar dollarda borcu olanlara güzəşt etməlidir. Ə.Həsənov isə deyir ki, banklar onlara sərf edən bəndləri xatırlayır, sərf etməyəni isə unudurlar: “Konstitusiya Məhkəməsinin qərarına əsasən, banklar dollarda kredit verə bilər. Amma bir şərtlə ki, vətəndaşı aldatmasın və borc alanı çaşdırmasın. Məsələn, vətəndaşa əslində manat krediti lazımdır, lakin bank onu aldadaraq dollar kreditini “sırıyıb”. Belə hallar çoxdur. Düzdür, bir qayda olaraq, sübut etmək çətindir. Lakin kreditin təyinatı Azərbaycan ərazisində hər hansı əmlakın (ev, torpaq, avtomobil, telefon və s.) alınmasıdırsa, vətəndaşa manatın lazım olduğu açıq-aşkardır. Axı manatdan başqa digər valyutada alqı-satqı müqaviləsi bağlana bilməz. Yeri gəlmişkən, Konstitusiya Məhkəməsinin sözügedən qərarında bu, açıq-aydın təsbit edilib”.



Bəzi hallarda bank manat ehtiyatının olmadığını əsas gətirərək vətəndaşa dollarla kredit verir. Ə.Həsənov söyləyir ki, bank manat ehtiyatının olmadığını yalnız bəhanə edib, krediti dollarda rəsmiləşdirir: “Avtokreditlərin dollarla rəsmiləşdirilməsində manatın olmadığı əsas gətirilə bilməz. Çünki kredit məbləği vətəndaşa verilməyib, yəni bank tərəfindən birbaşa əmlakı satana (məsələn, avtodilerə) köçürülüb. Belə olduğu halda bankdan manat çıxıbsa, vətəndaşdan niyə dollar tələb edirlər? Deməli, vətəndaş kredit müqaviləsini aldatma (Mülki Məcəllənin 339.2-ci maddəsi) və vacib əhəmiyyətli yanılmanın təsiri altında (Mülki Məcəllənin 347-ci maddəsi) bağlayıb. Belə müqavilə isə etibarsızdır. Bu, Mülki Məcəllədən irəli gəlir. Buna görə də, vətəndaş bankı məhkəməyə verərək, kredit müqaviləsinin etibarsız hesab olunmasına nail ola bilər. Bu isə o deməkdir ki, banka yalnız bankın avtomobilə çəkdiyi pulu ödəməlidir. Yəni kredit manatla ödənilməlidir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1026 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...