Şeyx Azərbaycanı qarışdırmaq istəyənlərdən danışdı...
“Azərbaycanda dövlət və din məsələləri yüksək səviyyədədir. Amma buna baxmayaraq bəzi çətinliklərimiz də var. Bəzi qüvvələr istəyir ki, Azərbaycanı qarışdırsın, məzhəb ayrılığı salsın”. APA-nın məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin rəisi, Şeyxülislam Hacı Allahşükür Paşazadə İslami Əlaqələr və Mədəniyyət Təşkilatının sədri Abuzər İbrahimi Türkmanla görüşündə deyib. O bildirib ki, Azərbaycanda həm sünni, həm şiə məzhəbi mövcuddur. Ölkəmizdə sünnilərlə şiələr bir yerdə namaz qılır, sülh əmin-amanlıq şəraitində yaşayır. Hacı Allahşükür Paşazadə qeyd edib ki, bu hal heç bir ölkədə yoxdur.
Şeyx görüşdə İran-Azərbaycan münasibətlərinə də toxunub. O bildirib ki, son vaxtlar iki ölkə arasında münasibətlərə kölgə salmaq istəyən qüvvələr var: “Biz çalışırıq ki, o qüvvələrə mane olaq. Azərbaycan və İran arasında münasibətlər yüksək səviyyədə inkişaf edir. Bu yaxınlarda prezident İlham Əliyevin İrana səfəri bunun ən yüksək səviyyədə olduğunu bir daha sübuta yetirdi. Bu qardaşlığın və dostluğun göstəricisidir”.
Şeyxülislam görüşdə Dağlıq Qarabağ probleminə də diqqət çəkib. O bildirib ki, bu problem Azərbaycanın ən böyük dərdidir: “Qarabağda dini məbədlər işğal altındadır. Biz sülhə ümid edirik, sülh istəyirik. Azərbaycan tərəfi aprel ayında erməni hərbi birləşmələrinin cəbhə xəttində törətdiyi təxribatın qarşısını alarkən ərazilərimizin bir hissəsini erməni işğalından azad edib. Bu prosesdə İran bizim səsimizə səs verib, bizə dəstək olub. Ağır gündə İran xalqı hər zaman Azərbaycan xalqının yanındadır. Mən öz adımdan İran rəhbərliyinə təşəkkür edirəm. İki dövlət rəhbərinin bir-birinə olan qardaşlıq münasibəti böyük rol oynayır. Allaha dua edirəm ki, bu xoş münasibətlər, qardaşlıq davam etsin”.
A. İbrahimi Türkman isə Azərbaycanla İran arasındakı əlaqələrin qədim tarixə söykəndiyini diqqətə çatdırıb. O qeyd edib ki, iki ölkə arasında münasibətlər inkişaf edir: “Mən səfərdə olarkən Azərbaycanda bütün sahələrdə inkişafın şahidi oldum. Azərbaycan-İran münasibətlərinə mane olmaq istəyən qüvvələr istəsə də, buna nail ola bilməzlər”.
823 dəfə oxundu