Metsamor AES çox ciddi təhlükə mənbəyidir - AMEA Radiasiya Problemləri İnstitutu

Metsamor AES çox ciddi təhlükə mənbəyidir -


Metsamor Atom Elektrik Stansiyası (AES) seysmik zonada yerləşən bir obyekt kimi Türkiyə, İran, Gürcüstan və Azərbaycan üçün böyük təhlükə mənbəyidir. APA-nın məlumatına görə, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası Radiasiya Problemləri İnstitutunun bəyanatında bildirilir.

Bəyanatda deyilir ki, Metsamor AES 2 blokdan ibarətdir. Bu bloklardan birincisi 1976-cı ildə, ikinci blok 1980-ci ildə istismara verilib. AES İrəvan şəhərindən 28 km, Türkiyə və İran sərhədindən müvafiq olaraq 16 və 60 km, Azərbaycan sərhədindən 150 km məsafədə yerləşir. Metsamor AES-in işlətdiyi illik nüvə yanacağının miqdarı 42 tondur. Metsamor AES-in fəaliyyəti 1988-ci ildə Spitak zəlzələsindən sonra dayandırılıb, amma bir bloku 1993-cı ildə yenidən işə salınıb. Bəyanatda qeyd olunur ki, bu blokun istismar dövrü 2016-cı ildə bitir: “Atom Enerjisi üzrə Beynəlxalq Agentlik Metsamor AES-in istismar müddətinin artırılıb-artırılmaması məsələsinə yenidən baxacaq. AES çox ciddi təhlükə mənbəyidir. 2009-cu ildə qərar qəbul edilib ki, yeni AES tikilsin, bu AES-in tikintisi də maliyyə çatışmazlığı ucbatından dayandırılıb. Təbii ki, Metsamor AES bölgə üçün böyük təhlükə mənbəyidir, o qədər də etibarlı işləməyən AES-dir. Ona görə də beynəlxalq ictimaiyyətə çağırışlar edilməlidir ki, Metsamor AES öz fəaliyyətini dayandırsın, yəni beynəlxalq agentlik bundan sonra Metsamor AES-in işləməsinə icazə verməsin”.

Radiasiya Problemləri İnstitutundan o da bildirilib ki, Metsamor AES-in istismarının dayandırılması məsələsi çoxdan qaldırılıb: “Azərbaycan bu məsələ ilə bağlı tərəfdaşlar qazanmalıdır. İran, Türkiyə, Gürcüstan və beynəlxalq agentliyin üzvü olan ölkələr Metsamor AES-in istismarının dayandırılması barədə mövqe ortaya qoymalı və beynəlxalq qurum bu barədə qərar verməlidir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
866 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...