`Metsamor`un nüvə tullantıları Qarabağda basdırılır - ŞOK FAKTLAR
“Metsamor” AES-dən çıxarılan radiasiya xarakterli nüvə tullantıları Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazilərində basdırılır. Bunu AzVision.az-a Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılov bildirib. Onun sözlərinə görə, həmin tullantılar Ağdərə, Kəlbəcər və Laçın rayonlarında basdırılır.
Ekspert qeyd edib ki, həmin ərazilərdə bir neçə dəfə yoxlamalar aparılıb və məlum olub ki, orada radiasiya şiddətli dərəcədə artıb:
“Bu, Azərbaycan üçün çox böyük təhlükədir. Hətta 100 ildən sonra həmin ərazilərdə radiasiyanın qalması, yeraltı sərvətlərin çirklənməsi insanları müxtəlif xəstəliklərə düçar edəcək.
“Metsamor” AES 1970-ci ilərdə sovet texnologiyası ilə inşa olunub. Həmin stansiya kifayət qədər köhnəlib. Onun 30 il istismar müddəti olub. 2011-ci ildə stansiyanın istismar müddəti başa çatıb. Buna görə də, təbiət hadisələri nəticəsində həmin köhnəlmiş texnologiya zəlzələyə tab gətirməyə və dünyada növbəti Çernobl fəlakəti yaşana bilər. Bu tək Azərbaycan üçün yox, həm Türkiyə, həm də Gürcüstan və İran üçün ciddi fəsada səbəb ola bilər”.
Faiq İsmayılov vurğulayıb ki, Ermənistan rəsmiləri və mətbuatı bunu dəfələrlə etiraf edib. Ermənistan mətbuatının yazdığına görə, həmin ərazidə 5 tektonik çat mövcuddur.
“Stansiyaya ən yaxın çat 500 metr, ən uzaq çat isə 34 kilometr ərazidə yerləşir. Halbuki, 34 kilometr uzaqlıqda yerləşən həmin çatın stansiyaya çatma ehtimalı bir neçə günə baş verə bilər. “Metsamor”un nüvə tullantılarının “qara bazar”da satışı dünya üçün təhlükədir. Ermənilər AES-dən əldə etdikləri tullantıları dünya terror təşkilatlarına göndərirlər. Keçən il İŞID terror təşkilatı nüvə silahına sahib olduğunu etiraf etdi. Bu il isə aprel hadisələrindən sonra Ermənistanın özü də atom silahına sahib olduğunu açıqladı. Ehtimal olunur ki, Ermənistan “çirkli bombalar” istehsalı ilə məşğul olur. Onların partlamasından isə çox böyük fəsadlar yarada bilər. Təbii ki, bunun araşdırılmasını MAQATE həyata keçirməlidir”.
Faiq İsmayılovun fikrincə, heç kim zəmanət verə bilməz ki, həmin bombalar tək Azərbaycanda deyil, Avropa ölkələrinin istənilən birində və ya Amerikanın özündə partlamayacaq. Heç bir ölkə bundan yaxasını kənara çəkə bilməz. Onun sözlərinə görə, stansiyanın tullantılarının müəyyən qismi Azərbaycan, bir qismini isə Gürcüstan vasitəsilə digər dövlətlərə satışa çıxarırlar.
“Ermənistanın İran və Türkiyə ilə sərhədlərini Rusiya ordusu qoruyursa, Gürcüstan sərhədlərini ermənilər özləri qoruyur. Buna görə də onların yolları Gürcüstan istiqamətindən açıqdır. Bundan başqa nüvə tullantılarının yox edilməsi üçün Qarabağ ermənilər üçün poliqon rolunu oynayır. Rəsmi rəqəmlərə görə, 1999-cu ildən 2016-cı ilə qədər 14 erməni vətəndaşı nüvə tullantılarını satarkən saxlanılıb.
Regioanda 10 il ərazində torpaq boşalmaları, təbii aşınmalar nəticəsində radiasiyanın miqdarı artacaq. Nüvə tullantılarının Azərbaycan ərazilərində basdırılması MAQATE-yə məlumdur.
Avropa ölkələrindən Ermənistana dəfələrlə 3 milyard dollarlıq təklif gəlib ki, həmin stansiya bağlansın. Bu zaman Ermənistan bazarlığa gedib. Hər dəfə “Metsamor”un bağlanması məsələsinə yaxınlaşdıqca, Ermənistan tərəfi bəhanələr gətirərək AES-in bağlanmasını təxirə salıb. Odur ki, “Metsamor”un bağlanması çox çətinləşib. Bundan başqa Ermənistan “Metsanmor”dan digər dövlətlərə təzyiq kimi istifadə edir. Ermənistan dövlət səviyyəsində nüvə tullantılarının satışını təmin edir. Nüvə tullantılarından əldə olunan gəlir dövlət büdcəsinə yox, müxtəlif klanların cibinə axır. Güman edirəm ki, yaxın 10 ildə “Metsamor”un idarə edilməsi çətinləşəcək”.
F.İsmayılov vurğulayıb ki, AES ərazisində olan tektonik çatlar böyüyərsə, ilk növbədə Türkiyə, İran bundan ziyan görəcək. Stansiya Türkiyədən 16 kilometr aralıda yerləşir.
“Fəlakət baş verərsə, 100 kilometr ərazinin ölü zonaya çevrilməsi təhlükəsi var. Bu baxımdan Ermənistanın özü də bu fəlakətdən sığortalanmayıb. “Metsamor” Ermənistandan cəmi 75 kilometr uzaqlıqda yerləşir. Fəlakət baş verəcəyi təqdirdə radiasiya Rusiya ərazisinə, o cümlədən Qaradəniz hövzəsi ölkələrinə də təsirsiz ötüşməyəcək. Odur ki, dünya ölkələri, beynəlxalq səviyyədə “Metsamor”un fəaliyyətinin dayandırılmasında aktiv rol oynamalıdır”.
Xatırladaq ki, erməni mütəxəssislər özləri də “Metsamor”un ciddi təhlükə mənbəyi olduğunu etiraf edirlər. Məsələn, stansiyanın keçmiş baş direktoru Suren Azatyan bir neçə il qabaq “Azadlıq” radiosunun erməni xidmətinin əməkdaşlarına demişdi ki, hələ də “Metsamor”dan radioaktiv maddələr sızmadığına əmin deyil. Onun fikrincə, “Metsamor”da qəza baş versə, qonşu ölkələr kimi, Ermənistan da böyük ekoloji fəlakət qarşısında qalacaq. Amma buna baxmayaraq, o da qəbul edir ki, Ermənistan bu stansiyadan alınan enerjiyə həddən artıq möhtacdır və onu işlətməyə məcburdur.
Bundan başqa, erməni ictimai fəalları da dəfələrlə stansiyanın qonşu ölkələrdə yaşayan əhali üçün daimi risk mənbəyi olması barədə Türkiyənin və Azərbaycanın etirazlarına dəstək veriblər. Türkiyədə ətraf mühit fəalları bir neçə dəfə Türkiyə, Azərbaycan, Gürcüstan və İranın xarici işlər nazirliklərinə yazılı müraciət göndərərək, stansiyanın bağlanması üçün fəallıq göstərilməsini xahiş ediblər. Amma Ermənistan öz işğalçı siyasətindən əl çəkmədiyi kimi, regiona nüvə təhlükəsi yaradan əməllərindən də geri çəkilmək istəmir.
840 dəfə oxundu