Banklar Ali Məhkəməyə müraciət edəcəklər
Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən lisenziyaları ləğv edilən “Atrabank” ASC və “Qafqaz İnkişaf Bankı” ASC fəaliyyətini bərpa etmək üçün Ali Məhkəməyə müraciət etməyə hazırlaşır. məlumata görə, bu barədə “açıqlamasında “Atrabank”ın Hüquq Departamentinin direktoru Şahin Nağıyev məlumat verib. Xatırladaq ki, adı çəkilən banklar konsolidasiyaya getmək şərti ilə bazara qayıtmağa çalışır. Bunun üçün “Atrabank” və “Qafqaz İnkişaf Bankı” ilk növbədə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib. Məhkəmə bankların xeyrinə qərar verib.
Bundan sonra AMB həmin qərardan apellyasiya şikayəti verib. Mayın 10-da Bakı Apellyasiya Məhkəməsi AMB-nin iddiasını təmin edib. Ş.Nağıyevin sözlərinə görə, artıq Apellyasiya Məhkəməsinin qətnaməsini əldə ediblər və Ali Məhkəməyə kassasiya şikayəti verəcəklər: “Bu, sonuncu cəhdimizdir, çünki Ali Məhkəmənin qəbul etdiyi qərar dərhal qüvvəyə minir. Amma artıq bu işlə biz deyil, Vəkillər Kollegiyasının üzvü olan vəkil məşğul olacaq”.
Xatırladaq ki, AMB “Atrabank” və “Qafqaz İnkişaf Bankı”nın lisenziyalarını bu il yanvarın 27-də ləğv edib və hər iki banka müvəqqəti inzibatçı təyin olunub. Qurum öz qərarını bankların məcmu kapitalla bağlı minimum tələbə əməl etməməsi, kreditorları qarşısında öhdəliklərini icra edə bilməməsi, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etməməsi ilə əlaqələndirib. Lisenziyalarının ləğvindən sonra banklar birləşmək haqqında niyyət protokulu imzalayıb. Əvvəlcə həmin birləşmədə “Günaybank” ASC-nin də iştirakı gözlənilsə də, daha sonra “Günaybank” birləşmədən imtina edib, fəaliyyətini sərbəst davam etdirəcəyini açıqlayıb
844 dəfə oxundu