Fransa parlamentində Azərbaycanla bağlı məsələ müzakirə olunacaq
Fransa Milli Assambleyasının Xarici Məsələlər üzrə Komitəsinin bu gün keçiriləcək toplantısının gündəliyinə Fransanın Azərbaycanla ikitərəfli siyasi, iqtisadi və diplomatik münasibətlərinə dair xüsusi araşdırma komitəsinin yaradılması məsələsi daxil edilib.
APA-nın Avropa müxbiri xəbər verir ki, Fransa Milli Assambleyasının internet səhifəsindəki məlumata əsasən bu təşəbbüs Fransa parlamentinin mərkəzçi UDİ (Demokrat və Bitərəflərin Birliyi) qrupunun üzvləri, başda ermənipərəst mövqe ilə tanınan Fransua Roşbluan, eləcə də Tyeri Benua, Şarl de Kurson və digər deputatlar tərəfindən irəli sürülüb. Məruzəni Elizabet Giqunun edəcəyi bildirilir.
Fransa-Qarabağ dostluq qrupunun sədri, bu məsələnin təşəbbüsçüsü olan Fransua Roşbluan deyib ki, Fransa öz diplomatik, iqtisadi və hərbi fəaliyyəti ilə müharibə aparan tərəfləri təşviq etməməlidir. O, Azərbaycanda insan hüquqların pis vəziyyətdə olmasını əsas gətirərək, bir çox fransız siyasətçisi və deputatının Azərbaycanla yaxınlığından, onların “təsiretmə siyasətindən” narahat olduğuna görə belə bir təşəbbüslə çıxış etdiyini bildirib.
Fransa Milli Assambleyasının deputatı, Azərbaycanın Dostları Assosiasiyasının sədri Jan-Fransua Mansel isə Fransua Roşbluanı bu təşəbbüslə Azərbaycandan əvəz çıxmaqda ittiham edib: “Məsələn, mən heç erməni diasporunun UDİ qrupuna qarşı seçki şantajına dair xüsusi bir araşdırma komitəsinin yaradılmasını təklif etmirəm”.
Qeyd edək ki, Fransa parlamentinin bir çox deputatı, eləcə də Azərbaycanın Fransadakı səfirliyi bu təşəbbüsə qarşı çıxaraq, belə bir məsələnin Fransa parlamentində müzakirəsinin Dağlıq Qarabağ münaqişəsinin həllində iştirak edən və ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi olan Fransa ilə Azərbaycan arasındakı ikitərəfli münasibətlərə ciddi xələl gətirə biləcəyini vurğulayıblar.
820 dəfə oxundu