Deputat Məleykə Abbaszadəni müdafiə etdi
“Qəbul imtahanlarının ödənişli olması texniki təminatla əlaqədardır. Düşünürəm ki, burada böyük məbləğdən söhbət getmir”. Bunu AzVision.az-a Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Gövhər Baxşəliyeva qəbul imtahanlarının ödənişli olacağı ilə bağlı Dövlət İmtahan Mərkəzinin rəhbəri Məleykə Abbaszadənin təklifinə münasibət bildirərkən deyib.
“Bəzən mətbuat belə məsələləri sensasiya kimi təqdim edir. Düşünürəm ki, ödənişdə böyük məbləğdə artım olmayacaq və narahatçılığa əsas yoxdur. Bəzən hər sözdən sensasiya yaratmaq istəyirlər. Burada imtahanların texniki təminatından söhbət gedir. Eyni zamanda təşkilatlar öz fəaliyyətini maliyyələşdirməlidir. Hər bir təşkilat eyni zamanda gördüyü işin qarşılığında müəyyən təzminat almalıdır. Ən azından texniki xərclərini ödəmək üçün bu lazımdır”-deyə G.Baxşəliyeva vurğulayıb.
Qeyd edək ki, ötən gün Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə müsahibəsində bildirib ki, müxtəlif növ sınaq imtahanları, dövlət qulluğuna qəbul imtahanları-bunlar hamısı yalnız dövlət rüsumu əsasında aparılır. Şura sədri qeyd edib ki, imtahanların keçirilməsi üçün hər bir şəxsə görə çəkilən xərc bizə dövlət büdcəsindən verilirdi, indi isə verilməyəcək: “Ona görə də hər bir şəxs pulu özü ödəyəcək. Hər bir kəs imtahan vermək üçün şəxsiyyət vəsiqəsi ilə iş nömrəsi götürür və buna görə dövlətə 2 manat rüsum ödəyir. Bu il aparacağımız bütün imtahanların dövlət rüsumu əvvəl olduğu kimi qalacaq. Söhbət müxtəlif növ qəbul imtahanlarından, yəni bütün təhsil pillələrinə qəbul imtahanlarından gedir ki, onlar da pullu olmalıdırlar”.
872 dəfə oxundu