“Petkim”də aparılan yoxlamaların SOCAR-la əlaqəsi yoxdur” - Berat Albayrak
"Türkiyə iqtisadiyyatına verdiyi töhfələrə və sıx əməkdaşlığına görə SOCAR-a dəstəyimizi davam etdirəcəyik".
"Report" "Milliyet"ə istinadən xəbər verir ki, bunu Türkiyənin enerji və təbii ehtiyatlar naziri Berat Albayrak bildirib.
Bir neçə gün əvvəl Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevlə görüşən nazir SOCAR-ın Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) və STAR neft emalı zavodu kimi birbaşa investisiya layihələrinin Türkiyədə əlavə dəyər, ixracat, məşğulluq və müasir texnologiyalar sahəsində xüsusi yeri olduğunu vurğulayıb.
B.Albayrak həmçinin SOCAR-ın Türkiyəyə investisiya qoymaqla yanaşı, baş verən bütün proseslərdə türk millətinin yanında yer almasından məmnun olduqlarını söyləyib: "Türkiyədə 18 milyard dollarlıq investisiya qoyuluşu ilə ölkənin ən önəmli investorlarından biri olan SOCAR-ın baş verən proseslərdə yanımızda olduğunu, türk millətinə və iqtisadiyyatına güvəndiklərini görmək bizim için çox önəmli idi. Türkiyənin digər layihələri kimi, bizim birgə strateji layihəmiz olan TANAP da heç bir problem yaşanmadan nəzərdə tutulan müddət və büdcə planlaşdırması çərçivəsində davam edir".
Eyni zamanda, nazir SOCAR-ın əsas səhmdarı olan "Petkim (Petrokimya) Holding A.Ş."də Fətullahçı terror təşkilatına (FETÖ) qarşı keçirilən əməliyyatlara da toxunub: "Təəssüf ki, bunlar hər struktur kimi, özəl sektorun da içərisinə sızıblar. Birbaşa milləti hədəf alan bu terror təşkilatına qarşı bütün dövlət idarələrində olduğu kimi, özəl sektorda da zəruri addımlar atılmaqda, tədbirlər görülməkdədir. "Petkim"in Aliağakı ərazisində aparılan yoxlamalar bu çərçivədə atılan addımlardandır. SOCAR-la birbaşa əlaqəsi olmadığı kimi, "Petkim"dəki rəhbər şəxslər də bu məsələdə polislərlə əməkdaşlıq ediblər".
B.Albayrak sonda Azərbaycana FETÖ-ya qarşı göstərdikləri həssaslıqlarına görə təşəkkür edib.
907 dəfə oxundu