AMEA-nın elmi tədqiqatlara nəzarət etmək səlahiyyəti ləğv edilib

AMEA-nın elmi tədqiqatlara nəzarət etmək səlahiyyəti ləğv edilib


Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının yaradılmasının yeni proseduru məlum olub.

APA-nın məlumatına görə, bu, “Elm haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 271-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin fərmanında əksini tapıb.


Fərmana əsasən, elmi müəssisə və təşkilatların həyata keçirdiyi elmi tədqiqat işlərinin əlaqələndirilməsini təmin etmək məqsədilə Nazirlər Kabineti tərəfindən Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası yaradılacaq. Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının fəaliyyəti Nazirlər Kabineti tərəfindən təsdiq edilən Əsasnaməyə uyğun həyata keçiriləcək. Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının əsas vəzifəsi ölkədə aparılan elmi tədqiqat işlərinin əlaqələndirilməsi və təkrarçılığın aradan qaldırılması, müxtəlif elmi strukturların birgə elmi tədqiqatlara cəlb edilməsi, fundamental və tətbiqi tədqiqatların, sahələrarası elmi-texniki proqramların həyata keçirilməsinə nəzarətin təmin edilməsi, onların nəticəliliyinin və səmərəliliyinin yüksəldilməsindən ibarətdir. Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası öz tərkibində elmin əsas istiqamətləri əsasında elmi problemlər üzrə elmi şuraları yaradacaq. Elmi problemlər üzrə elmi şuraların tərkibi müvafiq istiqamətlər üzrə fəaliyyət göstərən elmi müəssisə və təşkilatların və ali təhsil müəssisələrinin yüksəkixtisaslı elmi kadrlarından formalaşdırılacaq.

Qeyd edək ki, bundan əvvəl Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Milli Elmlər Akademiyasının statusu haqqında” 4 yanvar 2003-cü il tarixli fərmanına uyğun olaraq AMEA Rəyasət Heyətinin 11 fevral 2004-cü il tarixli 7/10 nömrəli qərarı ilə yaradılıb və onun nəzdində fəaliyyət göstərir. Əlaqələndirmə Şurası Azərbaycan Respublikasının bütün elmi tədqiqat və ali təhsil müəssisələrində təbiət, texnika, humanitar və ictimai elmlər sahəsində aparılan fundamental və tətbiqi tədqiqatların, sahələrarası elmi-texniki proqramların əlaqələndirilməsinə və onların həyata keçirilməsinə nəzarət edən səlahiyyətli orqan statusundadır.

Hazırda Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının sədri AMEA prezidenti Akif Əlizadədir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
869 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...