Rusiya və Türkiyə Baş qərargah rəislərinin Azərbaycanda məxfi görüşü?
Rusiya və Türkiyə silahlı qüvvələrinin Baş qərargah rəislərinin görüşünə dair ziddiyətli məlumatlar yayılıb. Xəbər verildiyi kimi əvvəlcə Türkiyə mənbələri ordu generalları Hulusi Akarla Valeri Gerasimovun avqustun 25-də Ankarada görüşəcəklərini xəbər verib. Bu barədə rəsmi “Anadolu” agentliyi məlumat yayıb.
Lakin daha sonra elan edilib ki, görüş təxirə salınır. Rusiya tərəfi isə ümumiyyətlə belə görüşün planlaşdırılmadığını açıqlayıb. Baş qərargah rəislərinin görüşlərinin təxirə salınması ekspert dairələrində müxtəlif rakurslarda şərh edilir.
Rusiyalı hərbi ekspert Aleksandr Perenciyev isə hesab edir ki, generalların görüşünə dair ziddiyətli məlumatların yayılmasında məqsəd bu görüşü məxfi keçirməkdir. Onun fikrincə, generallar Hulusi Akarla Valeri Gerasimov bölgədə yaranmış hərbi-siyasi vəziyyəti müzakirə etmək üçün hökmən görüşəcəklər. Çünki onlar “müxtəlig cür münaqişələrdən qaçmaq üçün” bir çox məsələlərdə anlaşma əldə etməlidir.
“Mən hesab edirəm ki, Baş qərargah rəislərinin görüşü hazırlanır. Və bu görüş yaxın vaxtlarda baş tutacaq, buna şübhə etmirəm. Lakin görüş məxfi olacaq ki, heç kim ondan xəbər tutmasın və KİV-lər yazmasın. Belə görüş haradasa Azərbaycan və ya Qazaxıstan ərazisində baş tuta bilər. Görüşün məxfi təşkil edilməsi Türkiyənin Suriyada başlatdığı hərbi əməliyyatlardan irəli gəlir”-Perenciyev Rusiya KİV-lərinə bildirib.
Onun sözlərinə görə, Baş qərargah rəisləri görüşməlidir ki, Suriyada Türkiyə və Rusiya qüvvələri arasında hansısa təsadüfi toqquşma baş verməsin, baş versə də bu irimiqyaslı münaqişəyə keçməsin. “Bu, sırf hərbi-taktiki məsələdir. Generallar səlahiyyətlərin bölüşdürülməsini, terrorçulara qarşı fəaliyyət taktikasını, Türkiyə ordusunun Əsəd qüvvələri ilə koordinasiyası kimi məsələləri müzakirə etməlidir”-ekspert əlavə edib.
788 dəfə oxundu