Deputat Azərbaycan türklərini təhqir edən müxbiri döydü - İran parlametində dava

 Deputat Azərbaycan türklərini təhqir edən müxbiri döydü -


Bazar günü parlamentin açıq iclasından sonra məclisin dəhlizində Urmiyənin millət vəkili Nadir Qazipurla “İran” qəzetinin müxbiri Ehsan Budağı arasında qarşıdurma yaşanıb.

Cebhe.info-nun İran mətbuatına istinadən yaydığı məlumata görə, bu, E.Budağının millət vəkilinə türklərlə bağlı təhqir məzmunlu suallar yönəltdikdən sonra baş verib.

““İran” qəzetinin müxbiri türklərin İranda heç bir əhalisi, həmçinin tarixi kökə malik olmadığını dedi və bildirdi ki, onlar parlamentdə fraksiya yarada bilməzlər. Müxbir mənə türklər, təbrizlilər və azərbaycanlılara qarşı mənasız və boş-boş suallar yönəltdi. O, “Siz nə üçün türk bölgələrinin fraksiyasını yaratdınız?!”, “Nə üçün türkləri gündəmə gətirirsiz?!”, “Türkləri gündəmə gətirmək lazım deyil, onlar Səfəvilər zamanı ümumiyyətlə şiə olmayıblar!” və s. kimi mənasız suallar verincə, mən buna dözə bilmədim və aramızda qarşıdurma yaşandı”,- deyə millət vəkili bildirib.

Əslində “İran” qəzetinin müxbiri türk fraksiyasının yaradılmasını milli təhlükəsizliyə qarşı bir hərəkət olduğunu iddia edib və bu iddia azərbaycanlı millət vəkilinin kəskin etirazına səbəb olub.

Hadisə şahidlərindən biri “Tabnak” xəbər agentliyinə bildirib ki, müxbirlərdən biri parlamentdə yaradılan azərilərin fraksiyası barədə N.Qazipura sual ünvanlayıb: “Qazipur isə “Türklər müharibə zamanı ölkə üçün çox zəhmət çəkiblər” deyə müxbirin cavabını verdi. Bundan sonra millət vəkili müxbirin əlindən tutub onu parlamentin təhlükəsizlik bölümünə apardı. Təəssüflər olsun ki, təhlükəsizlik bölümündə müxbirin qeydiyyat cihazını əlindən alıb və bütün görüntü fayllarını sildilər. Ona görə də, həmin fayllar nəşr oluna bilməyəcək”,- deyə mənbə bildirib.

Xatırladaq ki, İranın rəsmi mətbu orqanı olan “İran” qəzeti türk millətinə qarşı qərəzli mövqeyi ilə seçilir. 2006-cı ildə qəzetin türkləri hamam böcəyinə bənzətməsi, milyonlarla azərbaycanlının etirazına səbəb oldu. Çoxsaylı insanın ölüm və yaralanması ilə nəticələnən kütləvi etiraz aksiyaları zamanı minlərlə soydaşımız məsuliyyətə cəlb olundu.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
800 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...