'Sən, Milli Məclis sədri deyil, uzağı ''JEK'' müdiri olmalı idin…' – deputatdan Rəsul Quliyevə sərt cavab
Rəsul Quliyev son vaxtlar şou əhlini xatırladır. Adam üçün PR-ın qara, ağ fərqi qalmayıb. Ən axırıncı yolla da reklamdan çəkinmir. Hər halda belə olmasaydı, ölkə başçısının Bakı Dərin Özüllər zavodunda söylədiyi nitqdəki abstrakt hədəf subyektajında özünü görməz, yuyulmamış çömçə qiyafəsinə girməz, təcili “Meydan.Tv”-yə müsahibə verməz, Cevara obrazı ilə maskalanmazdı…
***
Yadıma 2005-in payızı düşdü. Rəsul Quliyev Bakıya doğru yol almışdı. Guya. Emissarlarına xəbər yollamış, insanları hava limanında qarşıdurmaya səsləmiş, yağmasa da babatca guruldamışdı. Amma niyəsə son anda bu “möhtəşəm” qayıdışdan imtina elədi. Daha doğrusu, sözü hərəkətə dövr etməyə cəsarəti çatmadı. Bakı üzərindən fırlanıb Simferopola istiqamət götürdü. Orda da “Interpol”un əlinə keçincə, təyyarənin bir küncünə sığınıb “Segah” üstündə sentimental açıqlamalar verməyə başladı. Adam elə yazıq, elə məzlum surət almışdı ki, tanımasan, dağınıq telini tumarlayardın...
Sonra anası, qardaşı rəhmətə getdi. Düşündük, bu dəfə gələr. Çünki, siyasi arenada bənzər presidentlərə zaman-zaman şahidlik etmişik. Məsələn, hətta şəxsinə münasibətin birmənalı olmadığı Mütəllibov belə ölüm ayağında olan övladının vəsiyyətindən xəbər tutan kimi dərhal bilet alıb Bakıya dönməyə qərar vermişdi. İqtidar da yazılmayan qanunları nəzərə alıb, öz jestini elədi. Ona toxunulmadı. İnsanlıq faktoru siyasəti üstələdi. Hərçənd Heydər Əliyev qardaşı Həsən Əliyevin yas mərasiminə gələrkən ona zamanında həmin jest edilməmiş, Ulu Öndər elə hava limanındaca sui-qəsdə məruz qalmışdı...
Müxtəsər, bəzən hamıdan öndə olmaq üçün hamıdan fərqli şeylər eləməlisən! Vacibatdır bu...
***
Quliyevin uzun illərdən bəri yaşadığı komplekslər isə deyəsən yenə baş qaldırıb. Və daha residiv formada. Yoxsa heç lüzum yox ikən, daha dəqiqi - müəllimə “ayın neçəsidir?” sualı verilməzkən tutaq: “Mən o vaxt “Əsrin Müqaviləsi” ilə bağlı Heydər Əliyevə öz iradlarımı bildirdim. Dedim, ayıbdır, belə müqavilə şərtləri olmaz” – tipli sərsəm açıqlamaları niyə ard-arda sıralayaydı ki?
Heydər Əliyev həyatda yoxdur. Təbii, şahid də yoxdur. Amma məntiq qanunauyğunluğu deyilən bir şey var axı. Rəsul Quliyev və... Heydər Əliyevə cavab qaytarmaq. Üstəlik, bu etirafları 20 il sonraya ertələmək...
P.S “İki şəxsiyyətlik” sindromu deyilən zadın bu olması gərək.
(Rəsul Quliyevin müsahibəsindən) Sitat -1: “Şahdəniz-2” yatağı ilə bağlı müzakirələr davam edərkən üzümü Heydər Əliyevə tutub dedim ki, “Cənab Prezident, daha bu şouda iştirak etmək istəmirəm. Mən getdim”. Mən gedəndən 1 saat sonra isə iclas bitdi”.
Rəsul Quliyev anlamır ki, həmin iclasın videosu və yazılı stenoqramı ən azından arxivlərdə qalır. Sabah ortalığa çıxsa, əlində olan yeganə meydandan - “skype” dəliyindən də məhrum olacaq. Ən azından biabırçılıq səbəbi ilə. Məhz həmin toplantıda iştirak edən, şəxsən tanıdığım 2 nəfərin isə dediyi budur: “Rəsul Quliyev sona qədər iclasda oturub, təsdiqləyici baş yelləmələrindən savayı da heç nə ilə yadda qalmayıb, axırda isə Heydər Əliyevə yarımşaquli vəziyyətdə minnətdarlıq edərək otağı dal-dala tərk edib”
Sitat-2: “İlham Əliyevi müşavirədə görmədim. Bəlkə də mən oturan sırada olub, amma mən dəqiq görməmişəm”.
Bu yerdə Rəsul Quliyev gözünün içinə qədər yalan danışır və üzərindən yarım dəqiqə keçməmiş növbəti suala cavabında özünü “yandırır”.
Sitat-3: “Xoşbəxt Yusifzadənin çıxış etdiyi zaman İlham Əliyevə tez-tez baxmasından anladım ki, məcburən danışır” (Bu cümlə dünən təxminən gecə 2.40 radələrində “Meydan Tv” və “Azadlıq. Info”-nun saytından çıxarılıb).
Bəs deyirdin, İlham Əliyev müşavirədə yox idi? Nə tez yadına düşdü? Qocalıq sklerozu buramı qədər irəlilədi?
Sitat-4: “Bu iqtidarın bütün fəaliyyəti korrupsiya ilə hakimiyyəti qorumağa yönəlib”.
Evin tikilsin, adam! Axtarış saytlarında necə ki “Maral” yazanda Nadir çıxır, eləcə də “korrupsiya”, “rüşvət” yazanda sən çıxırsan. Barı abır elə, bu mövzuya toxunma. Oğurluğun nəzəriyyəsini yazan - sən, xirtdəyinə qədər rüşvətə bulaşan - sən, korrupsiya cinayətindən dolayı dabanına birkərəmlik tüpürüb ölkədən qaçan - sən, 21 ildir heç yerdə işləməyə-işləməyə lüks otellərdən vurub dəbdəbəli villalardan, SPA salonlardan boylanan - sən, talamaq, yağmalamaq üzrə Ginnesin rekordlar kitabına adını qızıl hərflərlə yazdıran - sən...
Borclu çıxan biz?!
***
Qəhrəman olmaq istəyi hamının haqqıdır. Etiraz eləmirəm. Amma qəhrəmanlıq haqqında çox düşünənlərin qəhrəman olmağa zamanı qalmır. Bu da ayrı bir həqiqət.
Sən, Milli Məclis sədri deyil, uzağı “JEK” müdiri olmalı adam idin. Ən azından ağlınla işin arasındakı kontrast pozulmasın deyə. Sadəcə yerin səhv düşmüşdü. Yenə çox şükür, axırda öz qəlibinə girdin, rahatladın. Yaradan böyükdür.
Tanrı və təbiət bəzi insanların üzünə elə doğuşdan “rişxənd damğası” vurur. Sən o tiplərə çox yaxınsan, Rəsul Quliyev! Həm də bütün parametrlərinlə: şivənlə, səsinlə, yerişinlə, duruşunla, üzündən dürr eləyib tökülən “intellektinlə”...
20 il Amerikada yaşayıb ingilis dilini öyrənməmək, hələ də tərcüməçi ilə gəzmək üçün adamdan hansı “fitri istedad” tələb olunursa, həmin “istedadın” yüz qatı qədər tələb də bir vaxt - hesabına vəzifə sahibi olduğun, karyera qurduğun, başına and içdiyin, yanında quyruq buladığın, az qala aldığın nəfəs barədə belə məruzə elədiyin insanların üzünə ağ olmaq üçündür. Sən bu “keyfiyyətlərin” “full paket”inə sahibsən, Rəsul Quliyev!
Arzu və reallıq çox fərqlidir. Eynən nağıl və gerçəklik kimi. Ayrıca, Vaşinqton və Masazırdan bəyanat verməyin, canlı və distansion siyasət yürütməyin də ciddi ayrıcalıqları var. Odur ki, malı-mala qatma. Siyasi psixozunu saytlara etaplama. Yuxun qaçan kimi irəliləyən fantaziyalarını camaata həqiqət formasında sırıma. Lütfən...
Bir “KVN” zarafatına tab gətirməyən, sarayın dəhlizindəcə Şən və Hazırcavablar Klubunun üzvlərinə hədə yağdıran, nəhayətində isə Heydər Əliyevin bir baxışı ilə “farağat” qalıb sözünü geri qaytaran, dili topuq çalan Rəsul Quliyev hər yerdə: qəbulda da, iclasda da, dəhlizdə də, hətta güman ki, evində dörd divarla baş-başa qaldığında da bənzər səksəkəni yaşayıb. Ki, birdən hansısa səhv, ya qələt ucbatından qulağına tərs şapalaq endirilər. Növbəti dəfə yeri, həddi bildirilər!
İndi hamam güzgüsü qabağında kişilənməyə nə var ki?
Elşən Musayev. Milli Məclisin deputatı
795 dəfə oxundu