“Türkiyənin NATO-ya, NATO-nun da Türkiyəyə ehtiyacı var”
NATO-nun baş katibi Yens Stoltenberq Türkiyəyə səfəri çərçivəsində prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul edilib.
APA-nın “Hürriyet”ə istinadən verdiyi xəbərə görə, 15 iyul hərbi çevriliş cəhdindən sonra ilk dəfə Türkiyəyə səfər edən Y. Stoltenberq bu cəhdi qınayıb və Türkiyəyə çoxsaylı ölümlərlə əlaqədar başsağlığı verib. O, çevriliş zamanı türk xalqının göstərdiyi cəsarətə sayğısını ifadə edib: “Üzv ölkələrimizin hər hansı birində demokratiyanı hədəf alan hər cür hücum ittifaqımızın təməlinə qarşı hücumdur. Güclü və demokratik bir Türkiyə Avropanın və regionun sabitliyi, təhlükəsizliyi üçün çox önəmlidir”.
Y. Stoltenberq Ankarada baş nazir Binəli Yıldırım, xarici işlər naziri Mövlud Çavuşoğlu və müdafiə naziri Fikri İşıq ilə də görüşlər keçirəcək.
Baş katib “CNN Türk” telekanalına açıqlamasında Türkiyənin NATO-ya, NATO-nun isə Türkiyəyə ehtiyacı olduğunu bildirib. O, çevriliş cəhdindən sonra da Türkiyənin NATO qarşısındakı öhdəliklərini yerinə yetirməyə davam etdiyini söyləyib. Y. Stoltenberq Türkiyənin İŞİD-ə qarşı mübarizəsindən və Türkiyə ilə Rusiya arasında gərginliyin azalmasından məmnun olduqlarını vurğulayıb.
768 dəfə oxundu