İnvestorların Ermənistan iqtisadiyyatına maraqları tamamilə itib
Səbəb Ermənistanda tüğyan edən dövlət özbaşınalığı, korrupsiya və inhisarçılıqdır
Ermənistan iqtisadiyyatına xarici investisiyaların azalması artıq tendensiyaya çevrilib. Musavat.com-un Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, siyasətçilər və ekspertlər 2012-ci ildən bu yana dərinləşən bu tendensiyanın səbəblərini axtarmağa cəhd edirlər. Ermənistan Milli Statistika Komitəsi 2014-cü illə müqayisədə xarici investisiyaların 40% azaldığını bildirib.Cari ilin ilk rübündə isə xarici investisiyaların miqdarı keçən ilin eyni vaxtındakına nisbətən iki dəfə azalıb.
Ermənistanın iqtisadiyyat nazirinin müavini Emil Torosyanın sözlərinə görə, ölkəyə investisiya həcmlərinin azalmasına Rusiyadan gələn transfertlərin kəsilməsinin böyük təsiri var. Onun sözlərinə görə, Dağlıq Qarabağ bölgəsində sabitlyin pozulması və Rusiya ilə ticarət dövriyyəsini azalmasına gətirib çıxaran Yuxarı Lars keçid məntəqəsinin bağlanması da iqtisadiyyata ciddi surətdə mənfi təsir edib.
Ermənistana 2016-cı ilin iyununda köçürülən pul həcmlərinin axını 135 milyon 277 min dollar təşkil edib. 2015-ci ildə isə bu rəqəm 163 milyon 200 min dollar təşkil edirmiş.
İqtisadçı Qora Sarukyanın sözlərinə görə, pul köçürmələrinin azalması Rusiya iqtisadiyyatındakı ağır vəziyyətlə əlaqədardır: “Rusiyanın iqtisadi zəifliyi Ermənistanın da iqtisadiyyatına rus sərmayəsini xeyli azaldır”.
Qeyd olunur ki, Rusiya Ermənistanın ən böyük sərmayədarı olmaqda davam edir. Son 25 ildə Ermənistana qoyulan 10 milyard dollardan çox investisiyaların 3, 43 milyardı məhz Rusiya Federasiyasının payına düşür.
Lakin bir çox ekspertlərin rəyinə görə, iqtisadiyyatın acınacaqlı durumunun Ermənistanın rəsmi qurumları tərəfindən izah edildiyi kimi, sadəcə, investisiyalarla əlaqələndirilməsi gerçəkliyin yalnız bir hissəsini təşkil edir.
Ermənistan İxracatçılar birliyinin sədri Raffi Mxçyanın sözlərinə görə, real vəziyyət rəsmi statistikadan daha vahiməlidir.
Ermənistanda iqtisadiyyatı zəiflədən əsas şərtlərdən biri də burada investisiyalar üçün daxildə qeyri-əlverilşli mühitin yaradılması ilə bağlıdır.
“Hetq” nəşrinin iqtisadi icmalçısı Seda Yerqnyanın sözlərinə görə, rəqabət aparan iqtisadi mühitin yaxşılaşdırılması investisiyaların artmasının əsas şərti olsa da Ermənistan bazarında höm sürən anti-rəqabət, monopoliya vəziyyyətindən sui-istifadə mühiti və bir çox neqativ hallar buna ciddi maneçilik törədir.
Ekspertlərin rəyincə, Ermənistan iqtisadiyyatının ayrılmaz tərkib hissəsinə çevrilən qüdrətli monopoliyalar, sahibkarlıq bazarında qeyri-bərabər şərtlər, büdcə vəsaitlərinin havaya sovrulması, yüksək vəzifəli şəxlsərin saxta isimlər vasitəsilə idarə etdikləri şirkətlərə vergi güzəştlərinin tətbiqi investisiyaların ölkədən tamamilə qaçmasına gətirib çıxarıb.
Erməni məmurlarının iqtisadi problemləri xarici faktorlara bağlaması və diqqəti yerli səbəblərdən yayındırması isə artıq adi hala çevrilib.
Qeyd edək ki, Ermənistanın yeni baş naziri Karen Karapetyan da parlamentdə çıxış edərkən iqtisadiyyatın bərbad durumda olduğunu etiraf edib və iqtisadi gərginliyin azaldılması üçün ölkədə sistemli dəyişikliklərin vacibliyini vurğulayıb.
Baş nazir ölkənin iqtisadi inkişafına mane olan kölgə dövriyyə ilə mübarizə aparacağını bəyan edib.
Karen Karapetyan Ermənistanda inhisarçılığın mövcudluğunu təsdiqləyib və onun yaranma səbəblərinin araşdırılcağını bildirib.
Lakin Ermənistanda yeni baş nazirin bu şövqünə inamla qatılan azdır. Onların fikrincə, Karen Karapetyanın ölkədə kardinal dəyişiklikləri həyata keçirməyə gücü yoxdur. Ermənistanın “Aykakan Jamanak” qəzetinin iqtisadçı şərhçisi Ayk Gevorkyanın fikrincə, kardinal islahatların həyata keçrilməsinin yolu siyasi situasiyanın və ya hakimiyyətin dəyişməsindən keçir.
O, Karen Karapetyanın parlamentdə səsləndirdiyi layihələri həyata keçirəcəyinə şübhə ilə yanaşdığını söyləyib. Gevrorkyanın fikrincə, bunun üçün Karapetyan korrupsiyanın kökünü kəsməli, monopoliyaları ləğv etməli və müstəqil məhkəmə sistemini yaratmalıdır. “Ölkənin bütün sosial-iqtisadi bəlalarının səbəbi sistem pozuntuları ilə əlaqədardır. Hətta baş nazirin bunları düzəltməyə niyyəti olsa belə öz proqramını həyata keçirmək gücü olmayacaq. Karapetyan korrupsiya ilə mübarizə apara və ya inhisarçıların əleyhinə gedə bilərmi? Bu cür diktaturada və monopoliya şəraitində iqtisadiyyatın inkişafı tamamilə istisna edilir”,- deyə Gevorkyan bildirib.
Bununla bərabər iqisadi təhlilçi hökumətin bəzi addımlar atacağın istisna etməyib. Lakin onun fikrincə bütün bunlar kosmetik xarakter daşıyacaq. Gevorkyan Karen Karapetyan hökumətinin siyasi elitanın kursunun əleyhinə addım atacağı təqdirdə ömrünün uzun olmayacağını da əlavə edib.
Ermənistan Milli Konqresi”nin idarə heyətinin üzvü, iqtisadçı Vaaqn Xaçaturyan da sosial-iqtisadi yenidənqurma üçün siyasi sahədə sistem dəyişikliklərinin vacibliyini vurğulayıb.
İqtisadçı ekspert hər bir hökumətə müəyyən zaman ərzində bir sıra dəyişiklikləri həyata keçirməsi üçün imkan verildiyini söyləyib. “Məsələ hökumətin bütün bunları həyata keçirməyə nə dərəcədə hazırlıqlı olması ilə bağlıdır” deyə o qeyd edib.
775 dəfə oxundu