Həkimlərdən daha bir dəhşət: 6 yaşlı uşağı… - VİDEO
Bu gün Beynəlxalq Mətbuat Mərkəzində həkim səhlənkarlığına görə ağır vəziyyətə düşən 6 yaşlı Nihada dəstək üçün mətbuat konfransı keçirilib.
Axar.az xəbər verir ki, konfransda Nihadın atası Rəşad Bağırov, anası Elnarə Bağırova, hüquq müdafiəçisi Samir Zeynalov və mətbuat nümayəndələri iştirak edib. Konfransda çıxış edən Samir Zeynalov insanları bu kimi həssas mövzulara diqqətli olmağa çağırıb:
“2014-cü ilin yayında Diaqnostika Mərkəzində Nihad Bağırov boğazında olan adinoididə görə əməliyyat keçirdib. Bu, bir çox insanın keçirdiyi və səhiyyədə ən təhlükəsiz sayılan əməliyyatlardan biridir. Ancaq əməliyyatdan 9 gün sonra Nihad Bağırovun ağzından və burnundan ifrat dərəcədə qan gəlməyə başlayıb...“
Atası Rəşad Bağırov əlavə edib ki, uşaq həmin gün ölümdən dönüb:
“Qucağımda az qalsın keçinirdi, heç cürə qanı kəsmək mümkün olmurdu. Diaqnostika Mərkəzində, cərrahiyyə əməliyyatını həyata keçirən həkim Qəmbər Qocayevin yanına apardım, ancaq bu həkim uşağa heç yaxın da durmadı. Heç bir müayinə-filan aparmadan birbaşa sistem köçürdülər”.
“Hələ əməliyyat edən həkim Qəmbər Qocayev utanmaz-utanmaz ailəyə deyib ki, uşağınızın 15 gün ömrü qalıb. Alın, aparın. Əgər Bağırovlar ailəsi öz vəsaiti və xeyriyyəçi insanların köməyi ilə övladlarını 73 min manat xərcləyərək Türkiyədə 6 dəfə ağır əməliyyat etdirməsəydilər, bu gün balaca Nihad həyatda olmazdı. Bütün bunlara baxmayaraq, Diaqnostika Mərkəzindən Nihadın aqibəti ilə heç kim bu 2 ildə maraqlanmayıb. Bizim xahişimiz odur ki, bütün dövlət orqanları bu ailənin həyatının həkim Qəmbər Qocayevin apardığı yanlış əməliyyat nəticəsində məhv olduğunu bilsin və ailəyə dəstək olsunlar”, - Samir Zeynalov vurğulayıb.
887 dəfə oxundu