Suriyadan qayıdıb Bakıda məscidi yandırdı, indi isə...

Suriyadan qayıdıb Bakıda məscidi yandırdı,

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Qaraçuxur qəsəbəsindəki məscidə partlayıcı vasitə atmaqda təqsirləndirilən Namiq Nəsibov və Elnur Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Rauf Əliyev sədrlik edir. Prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. Təqsirləndirilən şəxs qismində dindirilən Namiq Nəsibov özünü qismən təqsirli bilib. Təqsirləndirilən Elnur Ələkbərov isə ona elan olunmuş ittihamlarla özünü təqsirli bilmədiyini deyib. Məhkəmə prosesi iyulun 2-dək təxirə salınıb. Qeyd edək ki, ötən il noyabrın 26-da Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən “Cümə” məscidinə yandırıcı maye ilə doldurulmuş şüşə butulkalar atılaraq yanğın törədilib.

Milli Təhlükəsizlik Nazirliyi tərəfindən keçirilmiş anti-terror tədbirləri nəticəsində törətməkdə şübhəli bilinən Azərbaycan vətəndaşları - Nəsibov Namiq Kamil oğlu və Ələkbərov Elnur Tahir oğlu saxlanılıblar. Onlar barəsində Cinayət Məcəlləsinin 214.2.1 (terrorçuluq) və 228.2.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.

Müəyyən edilib ki, Namiq Nəsibov 2014-cü ilin avqust-sentyabr aylarında Suriyanın PKK terror təşkilatının nəzarətində olan ərazilərinə gedərək oradakı döyüşlərdə iştirak edib. Namiq Nəsibov Suriyanın Kobani şəhərindən qayıdandan sonra Elnur Ələkbərovla birgə PKK terror təşkilatının Azərbaycanda qanadı olaraq qeyri-rəsmi “Yekbun” təşkilatını yaradıb və ətraflarına tərəfdarlar toplamaq işinə başlayıblar. Namiq Nəsibov və Elnur Ələkbərov internetdə sosial şəbəkələr vasitəsilə yaratdıqları təşkilatın adından Bakı şəhərində aksiyaların keçirilməsi üçün çağırışlar da edib.

Bundan başqa, Namiq Nəsibov və Elnur Ələkbərov qabaqcadan əlbir olan bir qrup şəxs halında İslam dininin “Əhli-sünnə” təriqətinə mənsub və dini baxışlarına görə radikal saydıqları şəxslərə qarşı olan nifrətlərini nümayişkaranə şəkildə ifadə etmək, onların arasında qorxu və vahimə yaratmaq məqsədilə, bu cür qəbul etdikləri şəxslərin kütləvi toplaşdığı yerlərdə terrorçuluq aksiyasının törədilməsini planlaşdırıblar.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1497 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...