Maliyyə Bazarlarına Nəzarət Palatası banklarda yoxlamalara başlayıb
Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Azərbaycanda fəaliyyət göstərən banklarda yoxlamalara başlayıb. Bank sektorundan daxil olan məlumata görə, kommersiya banklarında hər bir detal Palata tərəfindən ciddi şəkildə təftiş edilir.
Palatanın Direktorlar Şurası sədrinin müşaviri Rüfət Abbasov faktı təsdiq edib:
“Palata olaraq mütəmadi şəkildə kommersiya banklarında yoxlamalar aparırıq. Yəni bu yoxlamalar ilk deyil. Biz fəaliyyətə başladığımız mart ayından etibarən durmadan yoxlamalar həyata keçiririk. Bizim hansısa bankda yoxlama keçirməyimiz həmin bank bağlanması demək deyil.
Yoxlamalar zamanı bankların bütün maliyyə göstəricilərinə, bizim və qanunvericiliyin tələblərinə əməl edib-etməmələrinə və digər məqamlara nəzarət edilir”. R.Abbasov “yoxlamalar zamanı daha çox hansı pozuntular aşkarlanır” sualına cavab olaraq deyib ki, nəticələr fərqlənir:
“Bu iş prosesində ortaya çıxan məsələlərdir. Bankların çoxunda qanun pozuntusu olmur və bu bizi sevindirir. Qanun pozuntusu aşkarlanan banklara isə xəbərdarlıq edərək, problemlərin aradan qaldırılmasını tələb edirik.
Bu bizim normal iş rejimimizdir və gündəlik olaraq işimizi görürük. Biz Maliyyə Bazarlarına Nəzarət Palatası olduğumuzdan maliyyə durumuna nəzarət edirik. Bu xarici ölkələrdə də belədir. İş mexanizmi, nəzarətin bölmələrindən biri də məhz budur”.
Palata rəsmisi yoxlamalar nəticəsində daha bir neçə bankın bağlanma ehtimalına da aydınlıq gətirib:
“Biz öncədən belə bir öhdəlik götürə, yaxud bəyanat verə bilmərik ki, hansısa bank bağalanacaq, yaxud da bağalanmayacaq. Biz mütəmadi nəzarət həyata keçiririk. Görəndə ki, öhdəliklər yerinə yetirilmir, qanun pozuntuları var, istehlakçıların hüquqları pozulur, o zaman bankların lisenziyalarını geri çəkirik. Bizim hədəfimiz bankları bağlamaq deyil. Hər dəfə bu cür məlumatları əsas gətirib ölkədə bankların bağlanacağını demək və süni ajiotaj yaratmaq yanlışdır”. (modern.az)
916 dəfə oxundu