4 boksçumuz final və yarımfinala çıxmaq uğrunda mübarizə aparacaq
Bu gün ilk Avropa Oyunları çərçivəsində keçirilən boks yarışlarında Azərbaycan boksçularından 2-si final, 2-si yarımfinala çıxmaq uğrunda mübarizə aparacaq. Trend xəbər verir ki, bu gün ilk Avropa Oyunlarında Kristal Zalda keçirilən boks yarışlarında daha 4 idmançımız növbəti mərhələyə çıxamq uğrunda mübarizə aparacaq. Təmsilçilərimizdən ilk olaraq Azərbaycanı yüngül (57-60 kq) çəki dərəcəsində təmsil edən Yana Alekseyevna 1/4 finalda rinqə çıxacaq. O, yarımfinala vəsiqə uğrunda döyüşdə Rusiya boksçusu Zinaida Dobrınina ilə qarşılaşacaq. Döyüş saat 12:30-da başlayacaq.
Kişi boksçularımızdan isə ölkəmizin orta çəkidəki (75 kq) təmsilçisi Xaybula Musalov saat 13:30-da 1/4 final görüşünə çıxacaq. O, yarımfinala çıxmaq üçün Belorus idmançısı Vitali Bandarenkanı məğlub etməlidir. Digər iki boksçumuz isə axşam saatlarında finala vəsiqə uğrunda rinqdə mübarizə aparacaqlar. Yarımfinal döyüşünə əvvəlcə yarımyüngül çəkidəki (56 kq) bokçumuz Tayfur Əliyev çıxacaq. O, Rusiya təmsilçisi Baxtovar Nazirov ilə münasibətlərə aydınlıq gətirəcək. Görüş saat 19:30-a planlaşdırılır.
Bu gün rinqə çıxacaq sonuncu təmsilçimiz yarımağır çəkidəki (81 kq) boksçumuz, dünya və Avropa çempionatlarının mükafatçısı Teymur Məmmədov olacaq. O, finala vəsiqə əldə etmək üçün saat 20:15-də Rusiya idmançısı Pavel Silyaginlə üz-üzə gələcək. Xatırladaq ki, dünən çıxış edən təmsilçilərimizdən Anna Əlimərdanova (51-54), Kollazo Sotomayor (64 kq), Albert Səlimov (60 kq), Pərviz Bağırov (56 kq), Abdulkadır Abdullayev (91 kq) rəqiblərini məğlub edərək yarışların yarımfinalına vəsiqə əldə ediblər.
Ondan daha öncə isə 4 boksçumuz - Elvin Məmişzadə (52 kq), Tayfur Əliyev (56 kq), Teymur Məmmədov (81 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq) yarımfinala yüksəlməyi bacarıb.
1176 dəfə oxundu