Ramil Usubov türk generalla görüşdü

Ramil Usubov türk generalla görüşdü

Bu gün daxili işlər naziri, general-polkovnik Ramil Usubov ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Jandarm Qüvvələrinin Qərargah rəisi, general-polkovnik İbrahim Yaşarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, qonaqları səmimiyyətlə salamlayan nazir ulu öndər Heydər Əliyevin "bir millət, iki dövlət" adlandırdığı Azərbaycanla Türkiyə arasında əlaqələrin genişləndiyini, dövlət başçılarımızın əməkdaşlığın bütün sahələrdə ən yüksək səviyyədə inkişafına böyük önəm verdiklərini diqqətə çatdırıb.

Eyni zamanda, son illər hər iki ölkənin Daxili İşlər nazirliklərinin cinayətkarlıqla mübarizə, peşə hazırlığı, informasiya və təcrübə mübadiləsi sahələrində əldə etdikləri diqqətəlayiq nəticələr, kriminogen durum barədə qısa məlumat verib.

Nazir ordu quruculuğunda, o cümlədən Daxili Qoşunların formalaşmasında, ən müasir tələblərə cavab verən silahlı birləşməyə çevrilməsində, şəxsi heyətin peşəkarlığının daha da yüksəldilməsində Türkiyə Jandarm Komandanlığının böyük zəhməti olduğunu xüsusi vurğulayıb, bunun əyani təzahürü kimi qardaş ölkənin hərbi tədris müəssisələrinə yüzlərlə hərbi qulluqçunun təhsil aldığını xüsusi qeyd edib və bu səfərin də birgə əməkdaşlığın daha da dərinləşməsinə xidmət edəcəyinə əminliyini bildirib.

Problemlərə toxunan cənab Ramil Usubov transmilli mütəşəkkil cinayətkarlığın beynəlxalq terrorçuluq, narkotiklərin qanunsuz dövriyyəsi, insan alveri və qeyri-qanuni miqrasiya kimi ağır növləri ilə mübarizənin ölkəmizdə də diqqət mərkəzində dayandığını, onlara qarşı yalnız birgə səylərlə səmərəli mübarizə aparılmasının mümkünlüyünü vurğulayıb.

Səmimi qəbula, xoş sözlərə və ətraflı məlumata görə təşəkkür edən general-polkovnik İbrahim Yaşar Türkiyə Jandarm Qüvvələrinin Baş Komandanı, ordu generalı Abdulla Atayın salamlarını daxili işlər nazirinə çatdırıb, 17 il öncə - ulu öndər Heydər Əliyevin hakimiyyəti dönəmində ölkəmizdə Daxil Qoşunlar komandanının müşaviri vəzifəsində çalışmasından qürur duyduğunu, ötən dövrdə paytaxtın simasının inanılmaz dərəcədə dəyişilməsindən və gözəlləşməsindən, respublikamızın sürətli inkişafından məmnunluğunu ifadə edib.

Qonaq Azərbaycan ordusunun, Daxili Qoşunların inkişafı üçün bundan sonra da səylərini əsirgəməyəcəklərini, əməkdaşlığın, təcrübə mübadiləsinin qardaş xalqlarımızın və dövlətlərimizin mənafelərinə xidmət edəcəyini vurğulayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1467 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...