Azərbaycan manatı yenidən kəskin ucuzlaşacaq? - İDDİA

Azərbaycan manatı yenidən kəskin ucuzlaşacaq? -


Bir neçə müddət öncə "Beynəlxalq Bank"ın dövlətə məxsus səhmlərinin özəlləşdirilməsi barədə qərar qəbul olundu. Bu qərar cəmiyyətdə birmənalı qarşılanmadı.

Sosial şəbəkələrdə açılan müzakirələrdə iddia olunur ki, "Beynəlxalq Bank"ın özəlləşdirilməsi manatın kəskin şəkildə ucuzlaşması ilə nəticələnəcək. Belə bir iddianı səsləndirənlər bir neçə il öncə Rusiyada baş vermiş hadisəyə istinad edirlər. Rusiyada "Beynəlxalq Bank" özəlləşdirilərkən rubl birdən-birə üç dəfə ucuzlaşmışdı. Bəs Azərbaycanda da belə bir hadisə baş verə bilərmi?


İqtisadçı ekspert Vüqar Bayramov belə iddialarla razılaşmır. O Milli.Az-a açıqlamasında deyib ki, Azərbaycanda "Beynəlxalq Bank"ın özəlləşdirilməsi tamam fərqli şəkildə aparılır. Rusiyadakı səhvlərə burada yol verilməyəcək. "Azərbaycan "Beynəlxalq Bank"ının özəlləşdirilməsi bu qurumun sağlamlaşdırılması ilə bağlıdır. Rusiyadan fərqli olaraq Azərbaycanda "Beynəlxalq Bank"ın özəlləşməsi bankın sağlamlaşdırılmasından sonra həyata keçiriləcək", - o bildirib. Ekspert deyib ki, birinci mərhələdə bankın sağlamlaşdırılması üçün problemli kreditlərin idarə edilməsi "Aqrar bank"a veriləcək. Eyni zamanda dövlət həmin kreditlərin kompensasiya edilməsi üçün dövriyyəyə istiqrazlar buraxacaq.

"Rusiyada bankın sağlamlaşdırılmadan özəlləşdirilməsinə cəhd edilmişdi. Bu da birinci mərhələdə neqativ təsirlərlə müşahidə olundu. Azərbaycanda birinci mərhələdə bank sağlamlaşdırılacaq. Onun problemli kreditləri istiqrazların dövriyyəyə buraxılması hesabına ödəniləcək. Növbəti mərhələdə bankın dövlətə məxsus səhmlərinin özəlləşdirilməsi həyata keçiriləcək. Ona görə də Azərbaycanda Beynəlxalq Bankın özəlləşdirilməsinin milli valyutaya mənfi təsirləri olmayacaq. Əksinə müsbət təsirlər olacaq. Çünki bankın özəlləşdirilməsi "Beynəlxalq Bank"da daha çevik idarəetmənin qurulmasına imkan verəcək ki, bu da bankın son dövrlər itirilmiş nüfuzunun qaytarılmasına imkan yaradacaq", - deyə o əlavə edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1103 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...