"Turizmdə Gürcüstana, Türkiyəyə uduzuruq” deputatdan ilginc açıqlamalar
GUNDEMİNFO.AZ Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyevin AzVision-a müsahibəsini təqdim edir:
- Musa müəllim, bildiyimiz kimi son illər ölkəmizdə turizm sahəsi sürətlə inkişaf edir. Amma buna baxmayaraq, insanlar qiymətlərin bahalığından şikayətlənirlər. Odur ki, yerli sakinlər daha çox qonşu Gürcüstana və Türkiyəyə üz tuturlar. Siz necə düşünürsüz, bu sahədə vəziyyət necədir?
-Hesab edirəm ki, turizmlə əlaqədar nazirliklər bir konsepsiya hazırlamalı və dövlət proqramı qəbul olunmalıdır. Bu proqram əsasında hər il Azərbaycanda turizmin inkişafı üçün hansı işlər görüləcəyi, məsuliyyəti kimin daşıyacağı və nə qədər vəsaitin lazım olacağı nəzərdə tutulmalıdır. Bu baxımdan proqram və konseptual yanaşma olmalıdır. Biz bu gün Azərbaycanda turizmin inkişafından danışırıq. Bəli, turizmin inkişafı üçün lazım olan infrastruktur yaradılıb. Amma bu il Azərbaycana gələn turistlərin sayını, Azərbaycandan istirahət üçün başqa ölkələrə gedənlərin sayı ilə müqayisə etsək, görərik ki, biz çox uduzuruq. Niyə belə olduğunu müvafiq qurumlar araşdırmalı və öz rəylərini ortaya qoymalıdır.
Niyə bizdə qiymətlər qonşu Türkiyədən, Gürcüstandan bahadır? Nə üçün ölkəmizə turizm üçün gələnlərin sayı, ölkəmizdən gedənlərin sayından qat-qat azdır? Turizm üçün lazım olan dəniz, dağ, meşə, ümumiyyətlə hamısı ölkəmizdə var, amma turist cəlb edə bilmirik. Naftalan kimi dünyada unikal olan sanatoriya mərkəzi var və oraya istər dövlət, istərsə də özəl sektor tərəfindən çox böyük kapital qoyulub. Hazırda Nafatalan da özünü doğrultmur. Buna bir az ciddi yanaşmaq lazımdır.
Hər dəfə deyək ki, bizdə turizmin inkişafı üçün işlər görülür, amma bununla uzağa gedə bilməyəcəyik. Bu baxımdan turizm sahəsinə ciddi yanaşmaq lazımdır. Azərbaycanda turizmi daha da inkişaf etdirmək, gəlirli sahəyə çevirmək və Azərbaycanın qeyri-neft sektorunun xüsusi pay hissəsinə çevirmək üçün hansı işləri görməliyik. Bu barədə düşünmək lazımdır. Etiraf etməliyik ki, bu gün turizmdə Gürcüstana, Türkiyəyə uduzuruq. Türkiyə sözsüz ki, dünyada turizm sahəsində inkişaf etmiş dövlətlərdən biridir. Biz Türkiyənin bu sahədəki təcrübəsini geniş öyrənməliyik. Təklif edərdim ki, Xəzər dənizi boyu turizm üçün yararlı olan sahələri türk iş adamlarına uzunmüddətli icarəyə verək. Onlar burada işi qurar və bizim mütəxəssisləri, işçiləri də öyrədərlər. Bu da formalardan biridir.
-Prezident İlham Əliyev Nazirlər Kabinetinin sonuncu iclasında otellərdəki qiymətlərlə bağlı məsələyə toxundu. Sizcə, bu istiqamətdə hansı addımları atmaq olar?
-Təbii ki, bu önəmli məsələdir. Bunun üçün də müəyyən şərait olmalıdır. Belə ki, sahibkara maneçilik törədilməməlidir. Əksində onlara dəstək vermək lazımdır. Cənab prezidentdə də sonuncu iclas zamanı bu məsələyə toxundu. Təəssüflər olsun ki, yerli və mərkəzi icra orqanları tərəfindən sahibkarlara bilərəkdən bəzi əngəllər törədilir. Təbii ki, sahibkar da itkisi qazancından çox olacaq yerdə iş görməyəcək. Bu baxımdan gedib işini ya başqa sahədə, ya da başqa ölkədə davam etdirəcək. Bu, böyük bazarın qanunudur və istər-istəməz buna riayət etməliyik. Ölkəmizdə turizm, sahibkarlığın inkişaf etməsini istəyiriksə, bu sahəyə çox ciddi dövlət dəstəyi olmalıdır. Düşünürəm ki, bizim ictimai fikir də bu sahədə öz rolunu oynamalıdır. Çəkinməli deyil ki, dediyimiz söz kiminsə xətrinə dəyər. Bu baxımdan olan nöqsanları da göstərməliyik.
- Ölkə başçısı AZAL-dakı qiymətlərdən də söz açmışdı. Sözsüz ki, AZAL-ın bugünki qiymətləri heç də ölkəmizə gəlmək istəyən turistlərin istəyincə deyil. Bu istiqamətdə hansı işlər görülməlidir? Vəziyyətdən çıxış yolunu nədə görürsünüz?
- Cənab prezidentin tənqidindən sonra AZAL-ın qiymətləri endirməsini müsbət hal kimi qiymətləndirirəm. Düşünürəm ki, bunun ardınca digər addımlar da gələcək. Otellərin, xidmətlərin də qiymətləri aşağı düşə bilər. AZAL-ın bu günlərdə elan etdiyi qiymətlər çox yaxşıdır. Görək bu qiymətlər nə zamandan qüvvəyə minəcək və özünü necə doğruldacaq. Amma tək hava nəqliyyatı vasitəsilə deyil. Biz quru və dəmiryolu ilə turizmi inkişaf etdirmək barədə düşünməliyik. İran vətəndaşlarının böyük bir hissəsi Azərbaycanda məmuniyyətlə gəlib istirahət edə bilərlər. Türkiyədən yəqin ki, çox az adam gəlib istirahət edəcək. Gürcüstandan da o cümlədən. Rusiya, Ukrayna, ərəb ölkələri və s barəsində hava nəqliyyatından başqa quru və dəmiryol sahəsində də yolların yaradılması barədə düşünməliyik. Komfort avtobuslar, həmçinin dəmiryolunun yüksək inkişafı, gömrük və sərhəd xidmətlərində maneələrin aradan qaldırılması, vizaların uzadılmaması və s. kompleks şəkildə bu işə yanaşılmalıdır. Konkret dövlət proqramı olmalıdır. Vəzifələr qarşıya qoyulmalıdır və o vəzifələrin də icra müddətləri müəyyənləşməlidir.
-Digər hava yolları şirkətlərinin ölkəmizdə fəaliyyət göstərməsi mümkün ola bilərmi?
-Gərək burada da açıq bazar qanunları işləsin. Yəni monopoliya yox, açıq bazar olsun. Əlbəttdə açıq rəqabət olarsa, istər xidmət keyfiyyəti yüksələcək, istərsə də qiymətlər aşağı düşəcək. Gərək AZAL rəhbərliyi bunu da nəzərə alsın.
1063 dəfə oxundu