Bütün dərmanların üzərində qiymətləri olacaq

Bütün dərmanların üzərində qiymətləri olacaq


Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli Qərarı ilə təsdiq edilmiş "Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi Qaydası"na uyğun olaraq, İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən "Dərman vasitələrinin qiymətlərinin qablaşdırmanın üzərində mətbəə qaydasında çap edilməsi mümkün olmadıqda, qiymətlərin göstərilməsinin digər üsulları" təsdiq edilib.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, bu üsullara əsasən, qiymətləri Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənmiş dərman vasitələrinin pərakəndə satış qiymətlərinin qablaşdırmanın üzərində mətbəə qaydasında çap edilməsi mümkün olmadıqda, seçimdən asılı olaraq, qiymətlər sənaye printeri vasitəsilə çap olunmaqla, qiymət kağızı yapışdırmaqla və ya ştamp vasitəsilə vurmaqla göstərilməlidir: “Dərman vasitəsinin pərakəndə satış qiyməti onun üzərinə topdansatış əczaçılıq müəssisəsinə mədaxil edilməzdən əvvəl istehsalçı və ya onun səlahiyyətli nümayəndəsi, dərman vasitəsinin qiymətində dəyişiklik baş verdikdə isə onun mülkiyyətçisi tərəfindən vurulmalıdır. Aptek təşkilatı topdansatış əczaçılıq müəssisəsindən daxil olmuş dərman vasitəsinin üzərindəki qiymətin Tarif (qiymət) Şurası tərəfindən təsdiq edilmiş qiymətə uyğunluğunu yoxlamalıdır”.

Məlumatda qeyd olunub ki, bu üsullardan istifadə edilməklə dərman vasitəsinin üzərində qiymət göstərilən zaman qiymətin aydın oxunması təmin edilməli, dərman vasitəsinin istehsal və son istifadə tarixlərinin üzərinin örtülməsinə, eləcə də istehlakçı tərəfindən dərman vasitəsi barədə məlumatların oxunmasının vizual məhdudlaşdırılmasına yol verilməməlidir: “Dərman vasitələrinin qiymətlərinin qablaşdırmanın üzərində mətbəə qaydasında çap edilməsi mümkün olmadıqda, qiymətlərin göstərilməsinin digər üsulları" ilə İqtisadiyyat və Sənaye Nazirliyinin (www.economy.gov.az), Səhiyyə Nazirliyinin dərman vasitələri haqqında elektron məlumatlar bazasında (www.pharma.az), eləcə də İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin (www.consumer.gov.az) və Tarif (qiymət) Şurasının (www.tariff.gov.az) internet səhifələrində tanış olmaq olar”.

Qeyd edək ki, 30 iyulda Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib və dərman vasitələrinin qiymətlərinin tənzimlənməsinə başlanılıb. İclasda ilk mərhələdə həyati vacib və daha çox tələbat olan 25 təsiredici maddə üzrə 250-dən çox dərman vasitəsinin qiyməti təsdiq edilib.

Qərara əsasən, həmin dərman vasitələrinin qiymətləri, eləcə də rəqabət mühitinin pozulmaması üçün bu dərmanlarla eyni təsiredici maddəyə malik olan digər dərman vasitələrinin qiymətləri 2015-ci il 15 sentyabr tarixindən qüvvəyə minəcək. Həmin tarixdən etibarən Şuranın qərarında göstərilən 25 təsiredici maddə üzrə qiymətləri təsdiq edilməyən dərman vasitələrinin satışı həyata keçirilə bilməz. Bu təsiredici maddələr üzrə qiymətləri təsdiq edilməyən digər dərman vasitələrinin qiymətlərinin təsdiqlənməsi üçün sənədlərin (bəyannamələrin) qəbulunun son müddəti 2015-ci il avqust ayının 10-dək müəyyən edilib.

Hazırkı qiymətlərə nisbətən qiymətləri tənzimlənmiş dərman vasitələrinin 20 faizinin qiyməti 3 dəfədən, 40 faizdən artıq dərman vasitəsinin qiyməti isə 2 dəfədən çox, ümumilikdə isə qiymətləri tənzimlənmiş dərman vasitələrinin 90 faizinin qiymətləri enib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1202 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...