Tehran təbii qazı Bakı ilə birgə satacaq

Tehran təbii qazı Bakı ilə birgə satacaq


İran "mavi yanacağ"ın Avropaya ixracı ilə bağlı Azərbaycanla danışıqlara başladığını elan etdi

İran təbii qazın dünya bazarlarına Azərbaycanla birgə çatdırılması ilə bağlı danışıqlara başladığını elan edib. İranın İSNA agentliyinin xəbərində deyilir ki, bu, rəsmi Tehranın beynəlxalq boru kəmərləri vasitəsilə Avropaya qaz ixracı planlarını bərpa etməsini göstərir. İranın Milli Qaz Şirkətinin icraçı direktoru Əlirza Kameli deyib ki, şirkət Azərbaycanın Dövlət Neft Şirkəti ilə bu məsələ üzrə ciddi danışıqlara başlayıb: "Tehran və Bakı təbii qazın ixrac layihələrinə birgə investisiyaların qoyulması barədə danışıqlar aparır. Eyni zamanda İran ən yaxın üç ildə qaz hasilatını çoxaltmağı planlaşdırır."

Onun sözlərinə görə, İranın mövcud böyük həcmli təbii qaz ehtiyatları onun Avropaya qazın əsas ixracatçılarından biri olmasına imkan verir. İranla bu barədə danışıqlar aparmaq üçün vaxtilə NABUCCO konsorsiumunun üzvlərindən olan İsveçrənin nəhəng EGL energetika şirkəti təşəbbüs göstərdi. Lakin müxtəlif çətinliklər, ilk növbədə, sanksiyalar hər iki potensial tərəfdaşı qazın Avropaya boru kəməri ilə çatdırılması planından uzaq saldı, İranı bu plana qoşmamağa məcbur etdilər. Bu məsələ İranın nüvə proqramı ilə bağlı "Altılıq" ilə razılıq əldə edildikdən sonra sanksiyaların ləğvi halında yenidən gündəliyə düşə bilər.

Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin bu yaxınlarda Tehrana səfəri zamanı İranın neft naziri Bijən Namdar Zəngənə deyib ki, İran İslam Respublikası dünya bazarlarına neftin və qazın çatdırılması üçün Azərbaycanın infrastrukturundan istifadə edə bilər: "İran Azərbaycanın infrastrukturundan istifadə edə bilər, xüsusilə öz neftinin ixracı üçün Bakı-Tiflis-Ceyhan boru kəmərindən yararlana bilər. Belə olan halda gələcəkdə İran, həmçinin Trans-Anadolu (TANAP) boru kəməri layihəsinə də qoşula bilər."

Güman edilir ki, 1850 kilometrlik bu magistral boru kəməri ilə Azərbaycanın Xəzər dənizindəki "Şahdəniz-2" yatağından çıxarılan qaz Türkiyəyə və sonra Avropaya ötürüləcək. Boru kəmərinin tikintisinə bu ilin martında başlanılıb və gözlənildiyi kimi, 2018-ci ildə başa çatacaq.

Ümumiyyətlə, İran mətbuatı da bu məsələyə ciddi önəm verir və yazır ki, indiki şəraitdə və şərtlərdə Azərbaycanın iştirakı ilə qazın Avropaya çatdırılması planı daha ciddidir və bunu reallaşdırmaq mümkündür.

"Caspian barrel" Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirib ki, bu məsələ Azərbaycan tərəfinin marağındadır, çünki rəsmi Bakı özünün regional infrastruktur qaz layihələrini gerçəkləşdirməyə başlayarkən bəyan edib ki, onlar təkcə Azərbaycanın ehtiyaclarını ödəmək üçün inşa edilmir. Həm Azərbaycan prezidenti, həm xarici işlər naziri, həm də SOCAR prezidenti müxtəlif səviyyəli görüşlərdə dəfələrlə bəyan ediblər ki, Azərbaycanın boru infrastrukturları digər ölkələrin analoji nəqletmə sistemlərindən fərli olaraq üçüncü tərəflər üçün açıqdırlar və qarşılıqlı maraqlar nəzərə alınmaqla butun regionun resurslarının dünya bazarlarına çıxarılmasına xidmət edir və edəcəklər. Bu isə Azərbaycanın regional inkişafa verdiyi bir töhfədir.


O vurğulayıb ki, bu baxımdan İran qazla zəngin bir ölkə kimi təbii ki, gələcəkdə öz resurslarının dünyanın müxtəlif bazarlarına çıxarılmasında maraqlı olacaq. Həmin bazarlardan biri də Avropadır. İran Avropaya qazını Fars körfəzindən həm gəmilərlə (maye qaz şəklində), həm də boru kəməri vasitəsilə göndərə bilər. Boru kəməri ilə ən qısa marşrut Türkiyə üzərindən keçən yoldur ki, burada da SOCAR-ın operatorluğu ilə 2018-ci ildən ərsəyə gələcək TANAP layihəsini göstərmək olar. Ancaq İran 2018-ci ildən ondan yararlana bilməz, çünki TANAP-ın 2018-ci ildə istifadəyə verilməsi o demək deyil ki, qazı Avropa bazarına çatdırmaq mümkündür. Belə ki, TANAP-ın birləşəcəyi TAP kəməri qazı yalnız 2020-ci ilin sonlarında qəbul edə bilər. Ancaq bu zaman onun imkanları yalnız “Şahdəniz-2” layihəsinin qazına hesablanmış olacaq. Eləcə də TANAP-ın ilkin buraxıcılıq gücü də yalnız “Şahdəniz-2” layihəsi ilə məhdudlaşacaq.

Bir sözlə, İran qazı Azərbaycan infrastrukturu ilə Avropaya nə zaman nəql edəcəyi maraq doğurur. Yəqin ki, bu, TANAP və TAP boru kəmərlərinin genişləndirilməsi həyata keçirilən zaman mümkün olacaq. Bu isə ən tezi 2023-cü ildə reallaşdırılacaq.(ans press)



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1090 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...