Mingəçevirdə şəhid əsgərin medalı anasına təqdim edilib
Düşmənin həmləsini dəf edərkən qəhrəmancasına şəhid olan əsgər Fərid Ağayevin təltif edildiyi “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medal onun ailəsinə təqdim olunub.
APA-nın yerli bürosunun xəbərinə görə, bu münasibətlə avqustun 21-də Mingəçevir şəhərində mərasim keçirilib. Tədbirdə Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər şöbəsinin, şəhidin xidmət etdiyi “N” saylı hərbi hissənin, şəhər icra hakimiyyətinin əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak edib.
Mərasimdə Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsi rəisinin müavini, polkovnik Abdulla Qurbani çıxış edib. O bildirib ki, 2014-cü ilin iyulunda Mingəçevir şəhərindən hərbi xidmətə çağırılan 1994-cü il təvəllüdlü Fərid Ağayev 2015-ci il fevralın 5-də Ağdam istiqamətində gedən döyüşlər zamanı düşmən həmləsini dəf edərkən qəhrəmancasına şəhid olub. Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun müvafiq əmri ilə şəhid Fərid Ağayev ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif edilib.
Çıxışlardan sonra polkovnik Abdulla Qurbani medalı şəhidin anası Gülmirə Ağayevaya təqdim edib.
1041 dəfə oxundu