“QMİ Rusiyanın Suriyadakı əməliyyatlarını dəstəkləyir” - Allahşükür Paşazadə
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Rusiyanın Suriyada "İslam Dövlətinə" (İŞİD) qarşı apardığı hərbi əməliyyatları dəstəkləyir. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə bildirib.
"Bu gün xaricdən və ya daxildən müəyyən qüvvələr tərəfindən yayılan dini fanatizm və radikalizmə müqavimət göstərmək olduqca vacibdir. Onlar bizim məkanı növbəti hədəf kimi görürlər və sabitliyimizə təhdid yaradan terrorçuların planlarını pozacaq qabaqlayıcı tədbirlərin görülməsi vacibdir", - A.Paşazadə Ufada keçirilən "XXI əsrin təhsil məkanında islam idealları və dəyərləri" VIII beynəlxalq elmi-praktiki konfransın açılışı zamanı bildirib.
Onun sözlərinə görə, Qafqaz müsəlmanları Rusiyanın beynəlxalq terrorlar mübarizəsini, öz əməlləri ilə İslamı terror, vandalizm, zorakılıq ilə əlaqələndirərək, onu dünya ictimaiyyətinin gözündən salan İŞİD kimi bəlanın məhv edilməsinə yönələn əməliyyatlarını dəstəkləyir.
"Ekstremizm və radikalizmə yalnız dövlətlərin, ictimai-siyasi xadimlərin və dini qurumların birgə səyləri vasitəsilə müqavimət göstərmək mümkündür", - QMİ sədri əlavə edib.
1053 dəfə oxundu