“Məmurlar var ki, universitetdə kafedra müdiridir, amma 10 ildir kafedraya gəlmir”

“Məmurlar var ki, universitetdə kafedra müdiridir, amma 10 ildir kafedraya gəlmir”


GUNDEMİNFO.AZ xəbər verir ki, koordinat.az saytı “Qüvvət elmdədir, başqa cür heç kəs...” adlı layihəsi çərçivəsində Azərbaycanın ən tanınmış alimlərindən biri, 300-dən çox elmi məqalənin müəllifi, Milli Məclisin Elm və təhsilKomitəsinin sabiq sədri, professor, “Şöhrət” ordenli Şahlar Əsgərovla geniş müsahibə hazırlayıb. "Keçid dövrünə fəlsəfi baxış" (1998), "Təhsilimiz dünən, bu gün və sabah" (2003), "Düşüncə tərzi" (2008), "Kamilləşən düşüncə" (2013) kimi onlarla kitabın müəllifi olan professorla Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyi ərəfəsində görüşdük. Onunla söhbət zamanı Azərbaycan elminin və aliminin hazırkı vəziyyətindən danışmışıq, bu sahədəki problemlərə aydınlıq gətirməyə çalışmışıq. Müsahibənin bir neçə gün əvvəl yayımlanan birinci hissəsində (http://koordinat.az/meqale.php?id=1306) Azərbaycan elminin sovet dövrü ilə indiki vəziyyətini müqayisə etmişdik , alimlərimizin Azərbaycan elminə qazandırdıqları və qazandıra bilmədiklərindən, müasir dövrün yeni çağırışlarından, elmi yeniliklərin tətbiqi imkanlarından bəhs etmişdik. Güman edirik ki, müsahibənin ikinci hissəsi oxucularımız, xüsusilə də elm və təhsil ictimaiyyəti üçün daha maraqlı olacaq.

- İndiyədək Azərbaycan elminin, Azərbaycan alimlərinin hərbi sənaye kompleksinin inkişafına hər hansı töhfəsi olubmu?

- Olub, indi mən onlardan biri haqqında danışmaq istəyirəm. Bakı Dövlət Universitetinin kimya fakültəsini 1938-ci ildə bitirmiş Abbas Çayxorski SSRİ kimi nəhəng imperiyanın nüvə reaktorluğunun tətbiqi üzrə Dövlət Komitəsinin sədri olub. Təəssüf ki, belə bir azərbaycanlını ölkəmizdə az adam tanıyır. O, qol qoymasaydı, reaktor buzqıran gəmiyə, sualtı qayığa və ya AES qoyulmazdı. Barmaqla sayıla bilən azərbaycanlılardan biridir. O zamanlar hərbi sənaye kompleksi elmi nəticələrin müştərisi idi. Yenə də elmi nəticələr alırıq, amma müştərisi yoxdur.

- Müştəri tapmaq uçun nə etmək lazımdır?
-XXI əsr elmə, biliyə söykənən əsrdir, cəmiyyət özü müəyyən etməlidir ki, ona hansı elmi məhsul lazımdır. Elmdə prioritet istiqamətlərə yenidən araşdırılmalıdır. Yəni nəyi öyrənmək, nəyi öyrənməmək məsələsi yenidən müəyyənləşməlidir. Sovetlər dövründə fizika aparıcı olduğu üçün fizikanı daha dərindən öyrənirdik. Çünki sovet imperiyasına silah tələb olunurdu, hərbi sənaye kompleksinin inkişafı vacib məsələ idi. Silah istehsalı qaynaqlarının əksəriyyətinin elmi-nəzəri müddəalarını fiziklər, riyaziyyatçılar, kimyaçılar hazırlayırdı. Amma indi Azərbaycan müstəqil, bəşəri dəyərlərə söykənən bir dövlətdir və bu saat bizim üçün iqtisadiyyat, hüquq, tibb və digər sahələrin inkişafı daha çox vacibdir. Fikrimcə, fizikanın, kimyanın, riyaziyyatın, biologiyanın tədrisinin metodikası Azərbaycan xalqı üçün daha önəmlidir, nəinki hansısa göy cismində gedən prosesləri öyrənmək və ya əlamət tapmaq. Göy cisimlərində tapılan hansısa əlamət ola bilsin ki, dünya elminə bir damcı töhfə olar, lakin bunun Azərbaycan xalqına elə də böyük dəxli yoxdur. Dəqiq elmlərin tədrisinin metodikasını öyrənsək, Azərbaycan əhalisinin təqribən yarısı bundan faydalana bilər. Yeni metodika elə olmalıdır ki, məsələn, ölkə üzrə fizikadan illik orta bal 362 yox, 463 olsun. İllik orta bal 100 bal qalxsa, gör cəmiyyət hansı səviyyəyə yüksəlir?! Deməli, nəyi daha çox öyrənmək məsələsinə yenidən baxılmalıdır, tədqiqat mövzularının sırası yenidən hazırlanmalıdır.

- Sovet dövründə Azərbaycan elmində də müəyyən qədər dinamiklik müşahidə olunurdu. Hər halda, indiki ilə müqayisədə hansısa yaxşı nümunələr ortaya çıxırdı. Niyə bu yaxşı ənənəni götürüb davam etdirə bilmədik?

- Çünki bizdə tətbiqi nəticəni üzərinə götürən, ona sahib çıxan hərbi və ya sənaye qurumları yoxdur.

- Bunun günahkarı kimdir, məsuliyyət kimin üzərinə düşür?

- Məsuliyyət elmi təşkil edənlərin üzərinə düşür. Günahkar da elm təşkilatlarıdır. Almaniyanın “Mersedes” firmasının buraxdığı maşınlara diqqət yetrin. Hər sonrakı model əvvəlkindən daha keyfiyyətlidir. Siz elə bilirsiniz “Mersedes” firması Almaniya Elmlər Akademiyasının – heç bəlkə orada belə bir qurum da yoxdur - alimlərinin nəticələrindən bəhrələnir? Xeyr! “Mersedes” firması öz zavodunun tərkibində fəaliyyət göstərən elmi-konstruktor sektorunda çalışan alimlərin hesabına ilbəil modernləşir. Yəni elmi qurum zavodun daxilinə girib və onların aldığı nəticə dərhal tətbiq olunur. Bizdə isə tətbiqlə elmi nəticə arasında böyük çəpər var.

- Amma normal halda sahəvi inkişaf strategiyaları hazırlanarkən müvafiq elmi əsaslara istinad olmalıdır...

- Əslində bu suala əvvəldən cavab verdim. Elm indiki vəziyyətdə, yəni Milli Elmlər Akademiyası, Bakı Dövlət Universiteti və digərləri bir-biri ilə əlaqədə işləmir. Adi bir misal çəkim: təxminən bir həftə əvvəl Dövlət İqtisad Universitetində Türkiyənin 12 universiteti ilə birlikdə İctimai Elmlər Konqresi keçirildi. Əsas mövzu iqtisadi elmin inkişafı, problemlər və perspektiv məsələlərə həsr olunmuşdu. Plenar iclasda iki məruzə qoyulmuşdu, biri də mənim “İnkişafın zəruri və kafi şərti” adlanan məruzəm idi. Məruzədə “Türkiyə və Azərbaycanın İkinci Dünya ölkələrindən sıçrayışla Birinci Dünya ölkələrinə çevirmək üçün nə etmək lazımdır?” sualına cavab axtarılırdı. Yəni iqtisadi və mədəniyyət baxımdan Türkiyə və Azərbaycanı İngiltərəyə, Danimarkaya, İsveçə çevirmək üçün zəruri və kafi şərt məsələsi məruzənin məğzin təşkil edirdi. Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun əməkdaşlarının da burda olacağını fərz etdim, amma zalda bu elmi təşkilatdan heç kəsi görmədim. Halbuki Elmlər Akademiyası ilə konfransın keçirildiyi ünvan arasındakı məsafə 4-5 kilometrdən artıq deyil. Təsəvvür edin ki, ictimai elmlərdən konqres keçirilir, Milli Elmlər Akademiyasının uyğun bölməsi orada iştirak etmir. Əsas səbəb də budur ki, ali məktəblə Elmlər Akademiyası arasında əlaqə yoxdur.

- Kifayət qədər aydın cavabdır...

- Yəni elmi mərkəzlər təşkilati baxımından yaxşı qurulmayıb. Buna adətən, “idarəetmə”, “menecment” deyirlər. Sizin bu sualınıza menecmentlik baxımından daha dəqiq cavab verəcəyəm: Amerika alimi Gary Hamel hesab edir ki, son 150 ildə dünyada insanların həyatını yaxşılaşdıran 5 ixtira var. Bunlardan birincisi mühərrikdir - avtomaşını, gəmini hərəkətə gətirir, ikincisi radio və telefondur – səsi uzaqlara aparıb-gətirir, üçüncüsü dərman preparatlarıdır - kütləvi epidemiyaların qarşısını alır, dördüncüsü kompüterdir – insanların əqli gücünü artırır və nəhayət, beşincisi idarəetmədir. Yəni yaxşı idarəetmə dünyada yaxşı yaşamağın səbəbi olan 5 ixtiradan biridir. İnanmırsınızsa, Şimali Koreya ilə Cənubi Koreyanı müqayisə edin. Yaxud Türkiyə 1453-cü ildən başlayaraq 200 il ərzində Avropanın və Afrikanın böyük hissəsinə sahib oldu. Nəyin hesabına? Qüdrətli qoşunun yox, yaxşı idarəetmənin hesabına! Birinci 4 xəlifənin vaxtında İslam dünyası Yer kürəsinin böyük hissəsinə yayıldı. Nəyin hesabına? Yenə də yaxşı idarəetmənin hesabına. Bəs, sonra İslam niyə genişlənmədi? Çünki idarəetmə yavaş-yavaş zəifləməyə başladı, sui-istifadə halları çoxaldı. Bütün bu nümunələrə əsaslanaraq düşünürəm ki, elmlə təhsil yenidən təşkil olunmalıdır, yeni növ idarəetmə prinsipləri tətbiq edilməlidir. Belə olsa, sizin sualda qoyduğunuz məsələlərin hamısı öz yerini tapacaq.

- Dedikləriniz böyük həqiqətdir. Amma əksəriyyət həm də belə düşünür ki, elmi institut və mərkəzlər göstərişi yuxarılardan gözləyir...

- Belə bir deyim var: düz yol birdir, səhv yol min. Haqq yol həmişə düz yoldur. Tutaq ki, göstəriş yuxarıdan gəlir, amma o Akademiyada, vəzifədə oturanların özlərində də bir vicdan olmalıdır. Yenə də bir misal çəkim: Xruşşov hakimiyyətə gələndən sonra SSRİ Elmlər Akademiyasının prezidenti A.N.Nesmeyanovu çağırıb kabinetinə və deyir ki, Lısenkonun şagirdini akademik seçmək lazımdır. Nesmeyanov “mən heç kimə deyə bilmərəm ki, filankəsə səs verib onu akademik seçin” – deyə, cavab verir. Onda Xruşşov ona belə bir sual verir ki, deməli, mənimlə işləmək istəmirsən? Nesmeyanov “Mən sizi başa düşdüm, ərizə yazıb işdən çıxaram” deyir. Yəni SSRİ Elmlər Akademiyasının prezidenti Xruşşovun dediyini qəbul etməyib işdən çıxmağı daha üstün tutdu. Amma Akademiya pis əllərə düşməsin deyə, xahiş edir ki, mənim yerimə Keldişi qoyun. Xruşşov isə “nəzərə alaram” deyib onu yola salır. Bu misalla onu demək istəyirəm ki, yuxarıdan Akademiyanın rəhbərliyinə hansı addımı və necə atmalı olduğuna dair göstəriş və ya tapşırıqlar verilə bilər. Amma akademik də elə akademik olmalıdır ki, Nesmiyanov kimi düz həll tapa bilsin.

- Müstəqillik dövründən bəri Azərbaycanda patent almış ixtiralar, səmərələşdirici təkliflər və sənaye əhəmiyyətli modellər barədə kiçicik statistik məlumat tapmaq belə, mümkün deyil. Bəzi elm adamları bu sahədəki qüsurların bir çoxunu “Kəşflər haqqında” qanunun olmamasında görür. Maraqlıdır, belə bir qanun olmadığı halda alimlərin yeni ixtiraları, patentlər, səmərələşdirici təkliflər necə elmi əsasa və hüquqi qüvvəyə sahib olur?

- Mən 10 illərdir müşahidə edirəm ki, təkcə orta Azərbaycan ziyalısı yox, hətta bundan yüksək təfəkkürlü insanlar kəşf ilə ixtiranı qarışdırırlar. Sovet dövründə həm kəşfə, həm də ixtiraya görə diplom verilirdi. O dövrdə bütün SSRİ məkanında il ərzində cəmi 10-15 nəfərə kəşf diplomu verildiyi halda, ixtira diplomu 60-80 min nəfərə verilirdi. İki elmi kəmiyyət arasında müəyyən olunmuş yeni qanunauyğunluğa kəşf diplomu verilirdi. Məsələn, Nyutonun cazibə qanunu kəşfdir. Çünki o, iki cismin qarşılıqlı təsiri qüvvəsinin cisimlərin kütlələri arasındakı münasibəti müəyyən edir. Nyutona qədər heç kəs iki cisim arasında qarşılıqlı təsir qüvvəsini müəyyən edə bilməmişdi. Buna görə də o kəşf sayılır və ona kəşf diplomu düşür. Yaxud Om qanunu iki anlayış – cərəyanla gərginlik arasındakı münasibəti müəyyən edir: cərəyan şiddəti gərginliklə düz, müqaviməti ilə tərs mütənasibdir. Bu, kəşfdir. Çünki burada 3 kəmiyyət arasında qanunauyğunluq müəyyənləşib – cərəyan, gərginlik və müqavimət. Sonradan bu kəşfdən onlarla ixtiralar düzəldildi. Elektrik peçi, elektrik çayniki, samovar, ütü - bunların hamısı ixtiradır. Ütü düzəldənlə samovar düzəldənlərin hərəsi öz ixtirasının müəllifidir. Baxmayaraq ki, hər ikisi eyni qanunauyğunluqdan istifadə edir. İxtiraların qeydiyyatının hüquqi əsaslarına gəlincə, bu, “Patent haqqında” qanunla tənzimlənir. Bu qanun qəbul olunarkən mən də Milli Məclisdə təmsil olunurdum və bilirəm ki, o məsələlərin hamısı “Patent haqqında” qnunda əksini tapıb. “Kəşflər haqqında” ayrıca qanuna isə ehtiyac yoxdur. Çünki 70 ildə nəinki Azərbaycanda, bütöv Qafqaz regionunda bir dənə də kəşf diplomu alan olmayıb. Belə olan halda “Kəşflər haqqında” ayrıca qanuna nə ehtiyac var?! Yəni kəşflər elə nadir tapıntıdır ki, 50-100 ildə bir dəfə olur. Bunu isə böyük, inkişaf etmiş ölkələrin alimləri tapır. Bir var elmin arxasınca, bir də var önündə gedəsən. Elmin ön cəbhəsində gedənlər kəşfi tez görür. Bizim kimi İkinci Dünya ölkələri elmin ön cəbhəsində yox, arxasında, ən yaxşı halda ortasında gedir. Onların hansısa elmi kəşf tapmaq ehtimalı çox azdır. Bayaq dediyim kimi, 3 Qafqaz respublikasında heç kəs kəşf diplomu almayıb. Yalnız bir azərbaycanlı – Eylaz Babayev kəşf diplomu alıb. O, Politexnik İnstitutunda dosent olub, Moskvada məşhur Bauman Texniki Universitetində çalışarkən 2 nəfəri öz elmi rəhbərləri olmaqla üçlükdə kəşf diplomu alıb. Amma Sovetlər zamanı Eylaz Babayevə Bakıda işləmək üçün şərait yaradılmadığından köçüb gedib Amerikaya. Yəni vur-tut bir nəfər kəşf diplomu olan alimimiz vardı, o da ABŞ-da yaşayır.

- Dünyada tanınan azərbaycanlı alimlərin böyük əksəriyyəti xaricdə yaşayır. Həm də onlar özlərini alim kimi Azərbaycanda deyil, xaricdə təsdiq edə biliblər. Bunun səbəbi sizi də düşündürürmü?

-Bunun səbəbi hər birimizə məlumdur. Əvvəla ona görə ki, xaricdə alimin əməyinə çox yüksək qiymət verirlər. Bu, təkcə indi yox, sovet dövründə də belə idi. İkinci səbəb isə odur ki, tək alimlər yox, bütün ziyalılar həyatda öz bacarıqlarını harada asan reallaşdıra bilərsə, o mühiti axtarırlar. Onlar həmin mühiti harada tapırlarsa ora da gedirlər. Bu mühiti Azərbaycanda yaratsaq, həmin alimlər öz potensialını burada açıb xeyri də öz ölkəmizə verər. Bu, asan həll olunan problemdir. Amma müdriklik edib bu məsələnin üzərində düşünmək lazımdır. Belə problemlər nəinki bizdə, Rusiyada da tez-tez müzakirə olunur. Beş il əvvəl iki rus alimi (A.Qeym, K. Novoselov) Nobel mükafatı alarkən bunu Putinə məruzə edirlər. Prezident bu xəbərə görə sevinir və deyir ki, iki alimin eyni vaxtda Nobel mükafatına layiq görülməsi Rusiya üçün böyük fəxrdir. Putin bu alimlərdən birinin İngiltərədə, digərinin isə Hollandiyada yaşadığını eşidəndə çox pərt olur, bunun səbəbini soruşur. Cavab verirlər ki, orada onların hər biri ayda 10 minlərlə dollar maaş alır. Bu hadisədən sonra Rusiyanın universitet siyasətində böyük bir dəyişiklik baş verdi. Belə ki, Rusiyada mövcud olan 1000-ə yaxın universitetin təxminən 30-nun statusunu dəyişib elm-tədqiqat universitetinə çevirdilər və həmin universitetlərdə çalısan alimlər yüksək əməkhaqqı ilə təmin edilir. Bu universitetlərin statusunu ona görə yüksəltdilər ki, istedadlı alimlər qalıb Rusiyada işləsin, beyin axını xaricə meyillənməsin. Demək istəyirəm ki, alimə şərait yaradılsa, ona hörmət qoyulsa, heç kəs öz ölkəsindən çıxıb getməz. Alimlər təkcə maaşa görə yox, həm də şəraitə və mühitə görə xaricə gedirlər. Mən özüm 1 il Danimarkada, 3 ay Finlandiyada işləmişəm. Finlandiyada işləyəndə öz sahəmdə yox, elmi rəhbərin (M.Luukalla) sahəsində işləməli oldum. Üç ayın bir ayını rəhbərin sahəsini mənimsədim, bir ay təcrübə apardım, üçüncü ay İngiltərədə ikimizin birgə məqaləmiz çap olundu. Çünki orada işləmək üçün mühit var idi. Amma burada həmin 3 aylıq işi yerinə yetirmək üçün ən azı 3 il vaxt lazımdır.

-Bu problemlər var. Amma Azərbaycanda elmə, alimə, intellektuala qiymət verilmədiyini söyləmək də tam doğru deyil. Ən azı ona görə ki, ölkə başçısı özü “neft kapitalını insan kapitalına çevirək” çağırışlarını dəfələrlə səsləndirib. Yəni bu, prezidentin siyasi iradəsidir ki, açıq şəkildə nümayiş etdirir, cəmiyyətə, aidiyyəti hakimiyyət orqanlarına, Milli Elmlər Akademiyasının institutlarına çatdırır. Bəs, bunun nəticəsi?

-Bəli, prezident bəyan edir və siyasi iradəsini ortaya qoyur. Dövlət başçısı “neft kapitalını insan kapitalına çevirək” çağırışını da ilk dəfə 2003-cü ildə “Davos”un tribunasından səsləndirib. Onun bu çağırışlarını dəfələrlə öz məqalələrimdə xatırlatmışam. Amma eyni zamanda mühit də yaratmaq lazımdır. Mühit yaratmaqla yanaşı ictimai mənafenin şəxsi mənafedən üstün olması da çox vacibdir. Adamlar var ki, bütün fəaliyyəti dövründə kənd üçün, məktəb üçün, cəmiyyət üçün çalışır, adam da var ki, şəxsi mənafe naminə işləyir. İnsan ictimai mənafe daşıyıcısıdırsa, prezidentə, cəmiyyətə, millətə və dövlətə qulluq edəcək. Şəxsi mənafe daşıyıcısı olanlar isə özünə və qohumlarına qulluq edəcək və axırda dövləti yıxacaq.

-Söhbətimizin əvvəlində dediniz ki, elmin bünövrəsi təhsildən başlanır. İndiki şəraitdə təhsil sistemi Azərbaycan elminin inkişafına nə verir? Təhsil Azərbaycan elminin inkişafı üçün hansı stimullar yaradır, hansı bağlılığı növbəti mərhələyə ötürə bilir?

-Bu yaxınlarda tələbələrim bir video-çarx göndərmişdi. Həmin videoda türkiyəli alim minlərlə insanının qarşısında çıxış edirdi. O, Türkiyənin PİSA-nın reytinq cədvəlində 44-cü yerdə (Beynəlxalq qurum olan PİSA hər il 65 ölkə arasında 15 yaşlı orta məktəb şagirdlərinin biliyinin qiymətləndirilməsinə dair reytinq hesabatları hazırlayır – E.S.) olduğunu söyləyərək zaldakılara belə bir müraciət etdi: bir halda ki, sizin balalarınız PİSA-nın reytinqində 44-cü yerdədir, siz onlardan böyük elm gözləyirsiniz?! Gözləməyin! Amma bu, uşaqların günahı deyil, sizlərin günahıdır... Yəni, şərait yaratmaq lazımdır. Uşaqların zəif təhsil almasında onların heç bir günahı yoxdur, günahların hamısı biz böyüklərindir. Çünki bəzən biz ölməzi ölənə qurban veririk. Məmurlar var ki, universitetdə kafedra müdiridir, amma 10 ildir kafedraya gəlmir. Deməli, düz 10 ildir ki, bu kafedra ölüb. Bəs, niyə bu kafedranı bir adama qurban veririk?! Axı, o adam öləndi, kafedra ölən deyil. Bu kafedranı versinlər gənc bir mütəxəssisə, o da kollektivi başına yığıb işləsin də. On il ərzində bir dəfə işə gəlməyən kafedra müdiri o vəzifədə qalmaqla bu kafedraya nə verir? Heç nə! Pul qazandırmır, hörmət gətirmir, ancaq illərlə yığılmış yaxşı ənənələri öldürür...



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1099 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...