“Sevil massivi”ndən şikayətçilər pullarını tələb edir... BU DƏFƏ MƏHKƏMƏDƏ

“Sevil massivi”ndən şikayətçilər pullarını tələb edir...


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Sevil massivi” Mənzil Tikinti Kooperativinin (MTK) təsisçisi Aynur Zeynalov, kooperativin direktoru Elçin İsmayılov, həmçinin digər təqsirləndirilənlər - Zabit Çələbiyev, Mirnamat Miradiyev və Səbinə Əliyevanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə 13 nəfər zərərçəkmiş ifadə verib. Zərərçəkmişlər onlara dəymiş ziyanın ödənilməsini tələb ediblər. Məhkəmə prosesi dekabrın 10-da davam etdiriləcək.
Xatırladaq ki, ötən məhkəmə iclasından sonra 50-yə yaxın zərərçəkmiş Prezident Adminstrasiyasının qarşısında etiraz aksiyası keçirmişdi. Qeyd edək ki, Baş Prokurorluğun mətbuat xidmətinin ötən il iyulun 25-də yaydığı məlumata görə, “Sevil massivi” MTK-da külli miqdarda vergilərin dövlət büdcəsindən yayındırılması faktına əsasən Vergilər Nazirliyində başlanmış cinayət işi üzrə istintaq aidiyyəti üzrə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində davam etdirilib.

Kooperativin təsisçisi Aynur Zeynalovun kooperativin direktoru Elçin İsmayılov və digərləri ilə qabaqcadan əlbir olub 2013-2014-cü illərdə 172 min 507 manat məbləğində sadələşdirilmiş vergini dövlət büdcəsinə ödəməkdən yayınmalarında, habelə xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq alınmadan qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq 99 min 597 manat məbləğində gəlir əldə etmələrində şübhələr üçün əsaslar olduğundan Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən onlara Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq) və 213.2.2-ci (vergi ödəməkdən yayınma) maddələri ilə ittiham elan edilməklə barələrində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Qeyd edilənlərlə yanaşı, Abşeron rayon Hökməli bələdiyyəsinin sədri Mirnamat Miradiyevin bələdiyyə ərazisində yerləşən torpaq sahələrini A.Zeynalov və E.İsmayılovun bilavasitə şərait yaratmaları ilə müxtəlif şəxslərə sataraq ümumilikdə sonunculardan 170 min manat məbləğində rüşvət almasında şübhələr üçün əsaslar olduğundan Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən ona Cinayət Məcəlləsinin 311.3.3-cü (rüşvət alma) maddəsi ilə ittiham elan edilməklə ağır xəstəliyi ilə əlaqədar barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.

İstintaqla həmçinin müəyyən edilib ki, “Sevil massivi” MTK-nın məsul şəxsləri Abşeron rayon Hökməli bələdiyyəsinin sədri M.Miradiyevlə əldə etdikləri şifahi razılaşmaya əsasən, bələdiyyənin mülkiyyətində olan 30 hektar perspektiv inkişaf torpaqlarını, eləcə də ayrı-ayrı şəxslərin mülkiyyətində olan “At yalı” və “Sonalı sahəsi” adlandırılan 110 hektar örüş torpaqlarını qanunsuz olaraq zəbt edərək həmin torpaqların vətəndaşlara faizsiz kreditlə satışını həyata keçiriblər.

Vətəndaşlar tərəfindən isə həmin torpaq sahələrində layihə-smeta sənədləri olmadan, dövlət qeydiyyatına alınmadan 200 fərdi yaşayış evinin tikintisi həyata keçirilib. Kredit ödənişləri başa çatdıqdan sonra bələdiyyəyə məxsus olmayan sahələr bələdiyyə tərəfindən hərraca çıxarılmaqla satılaraq vətəndaşların adlarına rəsmiləşdirilib.

Bundan başqa, “Sevil massivi” MTK tərəfindən qeyd olunan ərazinin təyinatına uyğun olmadan orada 100-dən artıq çoxmənzilli yaşayış binalarının tikintisi nəzərdə tutulub, həmçinin müvafiq dövlət qurumları ilə razılaşdırılmadan, o cümlədən qanunsuz olaraq aparılan tikinti işlərinin dayandırılması barədə Fövqəladə Hallar Nazirliyinin rəsmi xəbərdarlıqlarına məhəl qoymayaraq, binaların 14-nün özülü qazılmaqla, onlardan 4-də ilkin tikinti işləri həyata keçirilib. Hətta, təyinatına görə örüş torpaqları olan həmin sahələrdə qanunsuz tikiləcək çoxmənzilli yaşayış binalarından vətəndaşlara mənzillər satılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1090 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...