Quru sərhədləri bu tarixdə açılacaq – İLGİNC SƏBƏB

Quru sərhədləri bu tarixdə açılacaq –
Pandemiya səngiyir. Ona görə də dünyanın əksər ölkələri karantin qadağalarını ləğv edir, quru sərhədləri açır. Çünki təcrid olunmuş şəraitdə yaşamaq hər bir ölkə üçün itkidir, ziyandır. Bizim ölkəmizdə karantin qaydaları yumşaldılsa da, quru sərhədlərinin açılması barədə Operativ Qərargahdan heç bir hərəkətlilik görünmür. Hətta bəzi deputatlar parlamentdə bu barədə danışsa da, qarşı tərəf susur. Niyə?

Çalışacağıq ki, bu yazımızda o niyənin cavabını axtaraq.

Artıq 2 ildən artıqdır ki, Azərbaycanın quru sərhədləri bağlıdır. Bu isə o deməkdir ki, ölkə əhalisi ancaq hava nəqliyyatından istifadə edərək ölkədən çıxa bilərlər. Bildiyimiz kimi COVID-19 yoluxucudur. Hava ilə daha çox keçir. Elə isə hava limanı yoluxma üçün təhlükə yaratmır? Əgər təyyarə ilə gediş – gəliş təhlükəli deyilsə, onda avtomobillə gediş-gəliş niyə təhlükəli olsun? Deməli, burda səbəb başqadır. Söhbət yoluxma ehtimalından deyil, yanaşma tərzindən gedir. Necə deyərlər, “biz belə məsləhət bilirik”. Bu fikrinsə izahata ehtiyacı yoxdur. Çünki bu, tipik azərbaycanlı məntiqidir.

Bu yerdə başqa bir sual da ortaya çıxır. Əgər quru yolu təhlükəlidirsə, onda Naxçıvandan Türkiyəyə quru yolu niyə açıqdır? Hazırda Azərbaycanı ancaq quru yolla Naxçıvan üzərindən tərk etmək olar. Türkiyə mətbuatının verdiyi məlumata görə, qardaş ölkənin Dilucu sərhəd-keçid məntəqəsindən Azərbaycana gün ərzində 2 mindən artıq insan gəlir və bir o qədər də qayıdır. Bir sözlə, Türkiyə vətəndaşları hər iki istiqamətə maneəsiz gedib-gəlirlər, onlardan hər hansı icazə sənədi istənilmir.

Belə çıxır ki, quru sərhədlərinin açılmamasında əsas məqsəd AZAL-a geniş imkanlar açmaqdır. Çünki ölkədən çıxış ancaq AZAL vasitəsi ilə mümkündür. Bu qurumsa fürsətdən istifadə edib istədiyi cür qiymət müəyyən edir. Məsələn, AZAL-ın imkanlarından istifadə edib İstanbula uçmaq istəyən şəxs ən azı 210, Moskvaya uçmaq istəyənsə 300 dollarından keçməlidir. Halbuki, Tiflisdən İstanbula 95, Moskvaya isə 100 dollara uçmaq olur. Göründüyü ki, Gürcüstandakı qiymətlər Azərbaycandakı qiymətlərdən ən azı 2-3 dəfə ucuzdur. Qiymətlər arasındakı fərqə isə bu günədək AZAL-dan heç bir rəsmi şəxs izahat gətirməyib. Daha doğrusu bunu vacib bilməyib. Çünki burası Azərbaycandır.

Nəzərə alaq ki, pandemiyadan əvvəlki 2019-cu ildə ölkəmizə 3.5 milyon turist gəlib. 5 milyona yaxın soydaşımızsa xaricə səfər edib. Bu isə o deməkdir ki, həmin il ölkəmizin sərhədlərindən 9 milyona yaxın insan giriş-çıxış edib. Təbii ki, bu qədər insan yalnız təyyarə ilə gəliş-gediş etməyib. Digər nəqliyyat vasitələrindən istifadə edib. Ona görə də bəzi maraqlı qüvvələr çalışır ki, 2019-cu ildəki daşımaların ən azı 50 faizini AZAL-a yönəltsinlər. Və bu hesaba da külli miqdarda qazanc götürsünlər. Onu da xatırladaq ki, AZAL düz 5 ildir ki, ziyanla işləyir (?).

Ümumiyyətlə, hazırda ölkəmizdə sanki AZAL-a dəstək kampaniyası başlayıb. Bütün qurumlar AZAL üçün çalışır. Və lazım gələndə AZAL-a əngəl olan şirkətlər ciddi şəkildə cəzalandırılır. Məsələn, bu yaxınlarda Türkiyənin Amasiya şəhərindən Bakıya uçuşlar qeyri-müəyyən səbəblərə görə dayandırıldı. Ən qəribə burasıdır ki, uçuşlar yalnız turizm mövsümü başa çatana qədər-sentyabradək dayandırılıb.

Bir sözlə, görünən odur ki, bütün ölkə AZAL üçün səfərbər olub. Ona görə də quru sərhədlərinin açılması üçün ən azından turizm mövsümünün bitməsini gözləməliyik.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
758 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...