“Heç bir müxalifət partiyasına keçməmişəm” - Eldar Sabiroğlunun oğlu

“Heç bir müxalifət partiyasına keçməmişəm” -


Müdafiə Nazirliyi mətbuat xidmətinin sabiq rəisi, Yeni Azərbaycan Partiyasının (YAP) keçmiş funksioneri Eldar Sabiroğlunun oğlu Rüfət Səfərovun iqtidardan müxalifətə keçməsini bəyan etməsi, eləcə də, prokurorluqdakı vəzifəsindən istefa verməsi ciddi qalmaqala səbəb olub. Lakin Rüfət Səfərovun hansı partiyaya üzv olması bəlli deyil. Məsələ ilə bağlı Rüfət Səfərov Modern.az saytına açıqlama verib.

O müxalifətə keçməsini hansısa partiyaya üzv olmaq kimi qəbul etməyin düzgün olmadığını bildirib. “Mən bu günə qədər heç bir siyasi partiyanın üzvü olmamışam. Gələcəkdə də belə bir fikrim yoxdur. Mən vətəndaş məsuliyyətini dərk edərək, müxalif olduğumu demişəm. Bunun üçün vacibdir ki, hansısa siyasi partiyanın üzvü olum?!”.

Rüfət Səfərov gələcəkdə müxalif partiyalardan birinə keçib-keçməməsi ilə bağlı sualı isə belə cavablandırıb: “Hər şeyi zaman göstərəcək. Amma mən güman etmirəm ki, hansısa siyasi partiyada təmsil olunum. Bir hüquqşünas kimi fikirlərini zaman-zaman xalqımla paylaşacağam”. Rüfət Səfərov qeyd edib ki, onun belə bir addım atacağından atasının heç zaman xəbəri olmayıb.

“Əksinə, bu addımı atandan sonra zəng vurub, məni təhqir etdi. Atam YAP-ın qurucularından biridir. Tam əminəm ki, atam mərhum prezident Heydər Əliyev və indiki dövlət başçısı İlham Əliyevin siyasətini həmişə müdafiə edib, bu gün də müdafiə edir. Amma bu o demək deyil ki, mənim atamla bütün fikirlərim eynidir. Mənim də öz fikirlərim var”.

Rüfət Səfərov “sizə elə gəlmir ki, atanızı zərbə altına qoydunuz” sualına isə belə cavab verib: “Mən hər şeyi hesablamışdım. Yekunda şüuruma belə bir fikir hakim oldu ki, bu addımı atmalıyam”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1071 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...